Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanın ən ucqar şərq nöqtəsi: Qartalın dimdiyi, quşların qışlağı, suitilərin adası...

Azərbaycanın ən ucqar şərq nöqtəsi: Qartalın dimdiyi, quşların qışlağı, suitilərin adası...
Sakura

Azərbaycanın ən ucqar şərq nöqtəsi: Qartalın dimdiyi, quşların qışlağı, suitilərin adası...

Xəritədə qartalın başına bənzədilən Abşeron yarımadasının cənub-şərq qurtaracağına "qartalın dimdiyi" də deyilir. Coğrafi adı isə Şahdili burnudur. Suiti, Çilov kimi adaları nəzərə almasaq, Şahdili burnu Azərbaycanın ən ucqar şərq nöqtəsidir. Zəngin təbiətə malik ölkəmizin 10 milli təbiət parkından ən kiçiyi olan Abşeron Milli Parkı da elə bu ərazidə yerləşir.

Rəvayətə görə, qədim zamanlarda Abşeron yarımadasının bu hissəsinə şahlar, yüksək mənsəbli əyanlar ov etmək üçün gəlirmişlər.

Abşeron Milli Parkı Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 08 fevral tarixli sərəncamı ilə Bakı şəhərinin Pirallahı rayonunun inzibati ərazisinin 783 hektar sahəsində, Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılıb. Milli Parkın yaradılmasında başlıca məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması, ekoturizmin inkişaf etdirilməsi, turizm və istirahət (rekreasiya) zonalarının yaradılması, ekoloji monitorinqin həyata keçirilməsi və əhalinin ekoloji cəhətdən maarifləndirilməsinin təmin edilməsidir.

Qartalın dimdiyi

Abşeron Milli Parkının faunası zəngindir. Burada suda-quruda yaşayanlardan göl qurbağası, yaşıl quru qurbağası, sürünənlərdən Aralıq dənizi tısbağası, Xəzər tısbağası, Qafqaz kələzi, Xəzər gekkonu, koramal, əlvan kərtənkələcik, cəld kərtənkələcik, xaltalı eyrenis, adi suilanı, gürzə, quşlardan gümüşü qağayı, fısıldayan qu quşu (qulələk), böyük ağnaz, boz və qırmızıbaş qazlar, yaşılbaş ördək, ağgöz qaraördək, enlidimdik ördək, fitçi ördək, cırıldayan ördək, bozqır qartalı, bizquyruq, adi cüllüt, adi caydağcüllüt, qumluq cüllütü, qıvrımlələk qutan, kürən vağ, boz vağ, böyük ağ vağ, qırmızıburun dalğıc, kəkilli dalğıc, böyük danquşu, qara çalağan, adi flaminqo, adi soltanquş, adi bəzgək, böyük maygülü, bozyanaq maygülü, adi qaşqaldaq, bataqlıq belibağlısı, dəniz bozcası və s., məməli heyvan növlərindən ceyran, canavar, çaqqal, çöl pişiyi, yenot, adi kirpi, oxlu kirpi, tülkü, porsuq, dovşan, qaban, Xəzərin sularında suiti, həmçinin müxtəlif növ balıqlar məskunlaşıb.

Bunlardan Xəzər suitisi, ceyran, adi soltanquş, bozqır qartalı, ağgöz qaraördək, fısıldayan qulələk, adi flaminqo, kürən vağ, qıvrımlələk qutan, adi bəzgək və s. "Qırmızı Kitab"a daxil olan növlərdir.

Elə güman etməyin ki, parkın ərazisində gəzdikcə yuxarıda sadalanan canlılarla qarşılaşacaqsınız. Mövcud heyvanların əksəriyyəti gündüz vaxtı kolluqlarda, qamışlıqlarda gizlənir. Quşlara isə çox da yaxınlaşmaq olmur, dərhal qanad çalıb uzaqlaşırlar. Ümumiyyətlə, indi parkda quşların sayı azdır. Lakin oktyabr-fevral aylarında Şahdili sahillərində saysız-hesabsız quşları müşahidə etmək mümkündür. Buna görə də parka səyahət edənlər özləri ilə binokl götürsələr, əla olar. Binoklla quşları daha yaxından seyr etmək bir ayrı zövqdür.

Ümumiyyətlə, adları çəkilən və çəkilməyən quşların böyük əksəriyyəti parkın ərazisinə qış aylarında köç edir, az hissəsi isə ilboyu burada məskunlaşır. Buna görə də quşların qıt vaxtında belə, köç etməyib burada qalan az sayda vağ, qu, ördək, cüllüt, flaminqo, gümüşü qağayı və digər növlərə rast gəlmək olar. Təəssüf ki, hazırlıqsız getdiyimiz üçün adıçəkilən quşların görüntülərini təqdim edə bilmirik. Qalsın növbəti səfərə.

Uzunluğu 8 km olan ərazidə gəzdikcə bəzi heyvan növlərinin izlərini görmək mümkündür.

Abşeron Milli Parkı olduqca nadir növ olan Xəzər suitisi (Xəzərdə yeganə dəniz məməlisi) ilə məhşurdur. Yəqin ki, buna görə də Şahdili burnunda gəzdikcə sağ istiqamətdə adamı qarabaqara izləyən uzunsov adaya "Suiti" adı verilib. Suitilər parkın uzaq sahillərində görünür  o da təsadüfi hallarda may-avqust aylarında, yəni bəxt kimin üzünə gülsə.

Milli Parkın ərazisi dəniz sahilindən, bir neçə dayaz laqunadan, su-bataqlıq sahələrindən, yarımsəhra ərazilərdən ibarətdir. Ümumiyyətlə, parkda bitki örtüyünün növ tərkibi və fitokütləsi xeyli azdır. Burada xırdaçiçəkli tayaotu, yovşan, hind bağayarpağı, budaqlı yulğun, ot sarmaşığı, yabanı kök, adi qamış, iti cığ, ikisünbül acılıq, süpürgəvari dəvəayağı və başqa bitki növləri var.

Şahdilində mülayim isti iqlim hakimdir. Bu səbəbdən də burada dənizin suyu elə indidən ilıqlaşıb – gir-çim. Sahildən dənizin içərilərinə doğru bir neçə metr sahə çox dayazdır, su heç dizə çatmaz. Balıqqulaqlarına marağı olanların isə nəzərinə çatdıraq ki, yarımadanın ərazisində ən böyük balıqqulaqları məhz Şahdili sahillərindədir.

Parkda müşahidə qülləsindən başqa, sovet dövrünə aid hərbi hissənin qalıqları, girişindən 800 metr məsafədə yerləşən bunker də var.

Paytaxtdan 60-70 km məsafədə yerləşən Abşeron Milli Parkı Bakıya ən yaxın olan təbii abidə, ekoturizm üçün ən əlverişli nöqtə, Abşeron yarımadasında ən təmiz dəniz suyu, ən təmiz havası olan və ən sakit məkandır.

Milli Park saat 09:00-dan 18:00-dək hər gün hər kəsin üzünə açıqdır.

Bəxtiyar Hacıyev 

Mənbə: Trend.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR