Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanın dövlət bayramları və xüsusi günləri

Azərbaycanın dövlət bayramları və xüsusi günləri
Sakura

Azərbaycanın dövlət bayramları və xüsusi günləri

Azərbaycanın dövlət bayramları və xüsusi günləri — Azərbaycandaqanunla tənzimlənən günlər.

Azərbaycanda Yeni il bayramı (1 və 2 yanvar), Beynəlxalq Qadınlar Günü (8 mart), Qələbə Günü(9 may), Respublika Günü (28 may), Azərbaycan xalqının milli qurtuluş günü (15 iyun), Azərbaycan Respublikası Silahlı Qüvvələri günü (26 iyun), Milli müstəqillik günü (18 oktyabr), Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü (9 noyabr), Konstitusiya Günü (12 noyabr), Milli Dirçəliş Günü (17 noyabr), Dünya azərbaycanlılarının həmrəyliyi günü(31 dekabr), Novruz bayramı (beş gün), Qurban bayramı və Ramazan bayramı (iki gün) qeyd edilir. Müstəqillik günü, Milli Dirçəliş Günü və Konstitusiya Günü istisna olmaqla bayram günləri iş günü hesab edilmir. 2006-cı ildən bəri bayram günləri həftə sonuna düşəndə növbəti gün iş günü hesab edilmir.

Azərbaycanda dövlət səviyyəsində qeyd edilən dini bayramlar Qurban bayramı və otuz günlük orucdan sonra qeyd edilən Ramazan bayramıdır. Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd edilir.

20 yanvar tarixi Azərbaycanda “Ümumxalq hüzn günü” kimi qeyd edilir. Bu gündə insanlar 1990-cı il, 19 yanvardan 20-ə keçən gecədə baş vermiş Qara Yanvarfaciəsində Azərbaycan Azadlıq mübarizəsini yatırtmaq üçün sovet ordusu hissələri tərəfindən öldürülən insanların xatirəsini qeyd edirlər. Azərbaycan Milli Məclisi 26 fevral tarixini Azərbaycanda Xocalı soyqırımı günü olaraq elan edib. Hər 26 fevral, saat 17.00-da bir dəqiqəlik sükutla Azərbaycanda bu soyqırımın qurbanlarının xatirəsi qeyd edilir. 1998-ci ildən başlayaraq Azərbaycanda 31 mart tarixi dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü olaraq qeyd edilir. 1918-ci ilin bu tarixində Bakı və Bakı quberniyasında baş verən qanlı hadisələr nəticəsində bir çox azərbaycanlı həyatını itirmişdir.

 

Azərbaycan Respublikasının Əmək Məcəlləsindən çıxarış

Bayram günləri

Azərbaycan Respublikasının Əmək Məcəlləsin 105-ci maddəsində deyilir:

 

1. Azərbaycan Respublikasının bayramları aşağıdakılardır:

Yeni il bayramı (yanvarın 1və 2-si);

Qadınlar günü (martın 8-i);

Faşizm üzərində qələbə günü (mayın 9-u);

Respublika günü (mayın 28-i);

Azərbaycan xalqının milli qurtuluş günü (iyunun 15-i);

Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 26-sı);

Dövlət müstəqilliyi günü (oktyabrın 18-i);

Konstitusiya günü (noyabrın 12-si);

Milli Dirçəliş günü (noyabrın 17-si);

Dünya azərbaycanlılarının həmrəyliyi günü (dekabrın 31-i);

Novruz bayramı - beş gün;

Qurban bayramı - iki gün;

Ramazan bayramı - iki gün.

2. Yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Respublika günü, Azərbaycan xalqının milli qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı və Ramazan bayramı günləri iş günü hesab edilmir.

3. İş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız bu Məcəllədə nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər.

4. Novruz bayramı, Qurban bayramı və Ramazan bayramının keçiriləcəyi günlər növbəti il üçün dekabr ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilib əhaliyə elan olunur

5. Həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

6. Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.

7. Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər.

 

 

Ümumxalq hüzn günü

Azərbaycan Respublikasının Əmək Məcəlləsin 106-cı maddəsində deyilir:

 

Hər il yanvarın 20-si — Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü — ümumxalq hüzn günüdür. Bu gün iş günü hesab edilmir.

 

 

Dövlət bayramları və xüsusi günləri

 

— qeyri-iş günləri

 

— iş günləri

Rəsmi bayramlar və xatirə günləri

 

Tarix

Bayram

Qeydlər

 

1 yanvar- 2 yanvar

Yeni il bayramı

1918-ci ildə Sovet Rusiyası hökumətinin başçısı V.İ.Leninin imzaladığı dekretlə Qriqori təqvimi qəbul edilmişdir. Beləliklə, Qriqori və Yuli təqvimləri arasında 13 günə bərabər olan fərq aradan qaldırılmışdır. Azərbaycan Respublikasında illərin hesablanması üçün əvvəlki kimi, yenə Qriqori təqvimindən istifadə olunur. Buna müvafiq olaraq, yanvarın 1-i və 2-i istirahət günü kimi qeyd edilir.

 

8 mart

Beynəlxalq Qadınlar günü

Beynəlxalq qadınlar gününün bayram edilməsi haqqında qərar sosialist qadınların 1910-cu ildə Kopenhagendə keçirilmiş 2-ci beynəlxalq konfransında Klara Setkinin təklifi ilə qəbul edilmişdir. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada qeyd olunmuşdur. Azərbaycanda həmin gün ilk dəfə 1917-ci ildə bayram edilmişdir. 1965-ci ildə Azərbaycan SSRİ-də martın 8-i iş günü hesab olunmayan bayram günü elan edilmişdir. Azərbaycan müstəqillik əldə edəndən sonra martın 8-i öz bayram statusunu saxlamışdır.

 

20-21 mart

Novruz bayramı

Novruz bayramı baharın gəlişi şərəfinə qeyd edilir və yeni ilin qarşılanmasını bildirir. Baharın ilk günü təqvimdə Günəşin illik dövr etməsinin başa çatdığını göstərir. Əmək Məcəlləsinə edilən 08.12.2006-cı il tarixli dəyişikliklərlə beş gün qeyri-iş günü hesab hesab olunur.

 

9 may

Faşizm üzərində qələbə günü

1945-ci ilin bu günü keçmiş SSRİ-də mərkəzi radionun diktoru Yuri Levitan faşist Almaniyasının tam təslim olması barədə aktı oxuyub və bununla da Böyük Vətən Müharibəsi başa çatıb.

 

28 may

Respublika günü

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Bu respublika millətimizin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir.

 

15 iyun

Milli qurtuluş günü

1993-cü il iyunun 15-də Heydər Əliyevhakimiyyətə qayıdaraq Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1997-ci ilin iyun ayında Milli Məclis ictimaiyyətin rəyi ilə razılaşaraq, həmin günü bayram elan etdi.

 

26 iyun

Azərbaycan Respublikası Silahlı Qüvvələri günü

Azərbaycan Demokratik Respublikasıhökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə — əlahiddə korpus yaranıb. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, iyunun 26-sı Silahlı Qüvvələr günü elan edilmişdir. Bundan əvvəl 18 sentyabr 1992-ci il tarixli 217 nömrəli fərman ilə Silahlı Qüvvələri günü 9 oktyabrda qeyd edilirdi.

 

18 oktyabr

Dövlət müstəqiliyi günü

Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il oktyabrın 18-də keçirilmiş tarixi sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı yekdilliklə qəbul edilmişdir. Bu tarix hər il "Milli müstəqillik günü" kimi qeyd edilir.

 

9 noyabr

Dövlət Bayrağı Günü

Azərbaycanın Dövlət bayrağı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə milli bayraq kimi qəbul edilmiş və 1920-ci ilin aprelinə qədər dövlət rəmzi kimi istifadə olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə 17 noyabr 2009-cu il tarixli Sərəncamına əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir.

 

12 noyabr

Konstitusiya Günü

1995-ci il noyabrın 12-də keçirilmiş referendumda Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilib. Həmin gündən 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur. Əmək Məcəlləsinə edilən 08.12.2006-cı il tarixli dəyişikliklərlə iş günü hesab olunur.

 

17 noyabr

Milli Dirçəliş günü

Ermənistan rəhbərliyinin və Kremlin əməllərinə etiraz əlaməti olaraq, 1988-ci il noyabrın 17-də Bakının baş meydanında – Azadlıq meydanında Azərbaycan ictimaiyyətinin müddətsiz mitinqi başlandı. 1992-ci ildən bəri noyabrın 17-si Milli Dirçəliş günü kimi qeyd edilir. Əmək Məcəlləsinə edilən 08.12.2006-cı il tarixli dəyişikliklərlə iş günü hesab olunur.

 

31 dekabr

Dünya azərbaycanlılarının həmrəyliyi günü

Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının 25 dekabr 1991-ci il tarixli 38 saylı qərarı ilə 31 dekabr Azərbaycanlıların milli həmrəyliyi günü elan edilmişdir.

Dini bayramlar

 

Ay təqviminə görə dəyişir

Ramazan Bayramı

1993-cü ildən Orucluq bayramı dövlət səviyyəsində 2 gün ərzində qeyd edilir.

 

Ay təqviminə görə dəyişir

Qurban Bayramı

Bu bayram müsəlmanların həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü, Məkkəyə həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur. Qurban bayramı 2 gün qeyd edilir.

Xatirə günləri

 

20 yanvar

Ümumxalq hüzn günü

1990-cı ilin 20 yanvarında SSRİ rəhbərliyinin siyasətinə etiraz edərək Bakının küçələrinə və meydanlarına çıxan geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi nəticəsində şəhid olanların xatirəsi yad edilir.

 

26 fevral

Xocalı soyqırımı günü

1992-ci il fevral ayının 26-da Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoalayının bilavasitə iştirakı ilə Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımının xatirəsi yad edilir.

 

31 mart

Azərbaycanlıların Soyqırımı Günü

1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. 26 mart 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti "31 Mart Azərbaycanlıların soyqırımı Günü" kimi qeyd olunması üçün xüsusi fərman vermişdir.

 

Peşə bayramları və xüsusi günlər

 

Tarix

Bayram

Qeydlər

 

30 yanvar

Gömrük İşçiləri Günü

Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997 tarixli, 464 nömrəli Sərəncamı ilə 30 yanvar Azərbaycan Respublikası gömrük əməkdaşlarının peşə bayramı günü elan edilib. 30 yanvar 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Gömrük Komitəsi yaranmışdır.

 

2 fevral

Azərbaycan gəncləri günü

1997-ci il fevralın 1-də “2 fevral” - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalanmışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.

 

11 fevral

Vergi xidməti işçilərinin peşə bayramı

Baş Dövlət Vergi Müfəttişliyinin bazasında Vergilər Nazirliyinin yaradılması haqqında 2000-ci il 11 fevral tarixli 281 nömrəli Fərman imzalamışdır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il fevralın 1-də imzaladığı “Azərbaycan Respublikası vergi xidməti işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında” Sərəncamı ilə qeyd edilir.

 

14 fevral

Hərbi Hava Qüvvələri günü

Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 203 saylı fərmanı ilə bayram günü elan edilib.

 

22 fevral

Avtomobil yol işçilərinin peşə bayramı günü

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncam ilə qeyd edilir.

 

5 mart

Bədən tərbiyəsi və idman günü

Bu tarix Azərbaycan Respublikası Prezidentininn “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir.

 

10 mart

Azərbaycan Milli Teatr Günü

1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası tamaşaya qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 1 mart 2013-ci il tarixli 2755 saylı fərmanı ilə bu tarix bayram günü elan edilib.

 

10 mart

Qızıl Aypara Günü

Azərbaycan Respublikasının Prezidentinin 7 aprel 2008-ci il tarixli 2749 saylı Sərəncamı ilə bayram günü qeyd edilib.

 

12 mart

Daxili Qoşunlar Günü

1992-ci il mart ayının 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrinin yaradılmasına başlandı.

Azərbaycan Respublikasının Prezidentinin 1995-ci il 9 mart tarixli fərmanı ilə martın 12-si Daxili Qoşunlar Günü elan edilmişdir.

 

19 mart

Miqrasiya orqanları işçilərinin peşə bayramı günü

Azərbaycan Respublikasının Prezidentinin 17 mart 2010-cu il tarixli 812 saylı Sərəncamı ilə bayram günü elan edilib.

 

27 mart

Azərbaycan Respublikasında "Elm günü"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsis edilmişdir.

 

28 mart

Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı

1919-cu il martın 28-də AXC-nin müdafiə naziri Səməd bəy Mehmandarovun 157 №-li əmrinə əsasən kəşfiyyat və əks-kəşfiyyat xidməti təşkil olunub. Prezidentin 1997-ci il 23 mart tarixli fərmanı ilə məhz 28 mart Azərbaycanda Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunur.

 

10 aprel

İnşaatçılar Günü

 Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2009-cu il tarixli, 629 saylı Sərəncamı ilə hər il aprelin 10-u Azərbaycan Respublikasında “İnşaatçılar Günü” peşə bayramı kimi qeyd olunur.

 

23 may

Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı

Azərbaycan Respublikası Prezidentin 23 may 2001-ci il tarixli sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyiyaradılıb. Azərbaycan Respublikası Prezidentinin 16 may 2007-ci il tarixli Sərəncamı ilə 23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı təsis olunub.

 

2 iyun

Mülki aviasiya işçilərinin peşə bayramı günü

Azərbaycan Respublikası Prezidentinin 18 may 2006-cı ildə Mülki Aviasiya işçilərinin peşə bayramının təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sənədə əsasən hər il iyun ayının 2-si (1938-ci ildə Azərbaycanda ilk aviasiya qrupunun yaradıldığı gün) mülki aviasiya işçilərinin peşə bayramı günü elan edilib.

 

5 iyun

Su təsərrüfatı və meliorasiya işçiləri günü

Azərbaycan Respublikası Prezidentinin 14 may 2014 tarixli Sərəncamı ilə 5 iyun Azərbaycan Respublikasında "Su təsərrüfatı və meliorasiya işçiləri günü" peşə bayramı elan edilib.

 

17 iyun

Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olunub. Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2001-ci il tarixli Sərəncamına əsasən 17 iyun Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

 

18 iyun

İnsan hüquqları günü

 

 

20 iyun

Qaz təsərrüfatı işçilərinin peşə bayramı günü

Azərbaycan Respublikası Prezidentinin ölkədə qaz təsərrüfatının yaradılmasının 70 illiyi ilə əlaqədar olaraq 12 iyun 2006-cı il tarixində imzaladığı Sərəncama əsasən, hər il iyunun 20-si respublikada qaz təsərrüfatı işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

 

23 iyun

Dövlət qulluqçularının peşə bayramı günü

Dövlət Qulluqçularının peşə bayramı Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb. 

 

24 iyun

Maşınqayırma sənayesi işçiləri günü

 

 

25 iyun

Dənizçi günü

 

 

2 iyul

Azərbaycan Polisi Günü

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 24 may tarixli, 710 saylı fərmanıilə hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunur.

 

9 iyul

Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü

9 iyul tarixi Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2007-ci il tarixli, 2356 saylı Sərəncamı ilə diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Peşə bayramı üçün məhz bu tarixin seçilməsində 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatın qəbul edilməsi əsas götürülüb.

 

22 iyul

Milli Mətbuat və Jurnalistika Günü

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi böyük çətinliklərdən sonra 1875-ci il iyulun 22-də Bakıda ana dilində "Əkinçi" qəzetinin ilk sayını nəşr etdirmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə milli mətbuat günü (Azərbaycan jurnalistikası günü) 1991-ci ildən "Əkinçi" qəzetinin nəşrə başlandığı gün kimi qeyd olunmağa başladı.

 

1 avqust

Azərbaycan Əlifbası və Azərbaycan dili Günü

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli Sərəncamı ilə avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edilmişdir.

 

2 avqust

Azərbaycan Kinosu Günü

Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2000 tarixli, 588 nömrəli Sərəncamı ilə 2 avqust Azərbaycan Kinosu Günü təsis olunub. Azərbaycanda ilk açıq film göstərilməsi məhz 2 avqust olmuşdur.

 

5 avqust

Hərbi Donanma Günü

Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1919-cu ildə Azərbaycanın hərbi-dəniz donanması yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən hər il avqustun 5-i Azərbaycan Respublikası Hərbi Donanma Günü kimi qeyd olunur.

 

18 avqust

Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü

18 avqust 1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə avqustun 18-nin Azərbaycanda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunması qərara alınıb.

 

23 avqust

Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü

Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2008-ci il tarixli sərəncamı ilə 23 avqust Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 1993-cü il avqustun 23-də yaradılan Ali Dövlət, Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsi prezidentin 2002-ci il 6 may tarixli Sərəncamı ilə Xüsusi Dövlət Mühafizə Xidməti adlanıb.

 

15 sentyabr

Bilik Günü

Azərbaycanda məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidentinin 21 avqust 2004-cü il tarixli 114 saylı fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir.

 

18 sentyabr

Milli Musiqi Günü (Üzeyir musiqi günü)

Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, Azərbaycan musiqi mədəniyyətinin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 1995-ci il tarixli 385 saylı fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınmışdır.

 

20 sentyabr

Neftçilər günü

20 sentyabr 1994-cü ildə "Azəri-Çıraq-Günəşli" dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə "Əsrin müqaviləsi" imzalanıb. Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli 558 saylı fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda "Neftçilər günü" peşə bayramı kimi qeyd edilməsi rəsmiləşdirilib.

 

27 sentyabr

Turizm işçiləri günü

Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə 27 sentyabr hər il Azərbaycan Respublikasında "Turizm işçiləri günü" peşə bayramı kimi qeyd edilməsi rəsmiləşdirilib.

 

1 oktyabr

Prokurorluq işçiləri günü

Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutularaq hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə Azərbaycan Respublikası Prezidenti 17 iyul 1998-ci il tarixli Sərəncam imzalamışdır.

 

10 oktyabr

Yanğınsöndürənlərin peşə bayramı günü

Azərbaycanda Yanğından Mühafizə Xidməti1918-ci ildə yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2002-ci il tarixli Sərəncamı ilə 10 oktyabr yanğınsöndürənlərin peşə bayramı kimi təsis edilib.

 

13 oktyabr

Dəmir yolu işçilərinin peşə bayramı günü

Azərbaycan Prezidentinin 2005-ci il oktyabrın 7-də "Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında" Sərəncamı ilə 13 oktyabr Azərbaycanda dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olunur.

 

20 oktyabr

Energetiklər günü

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 13 oktyabr tarixli Sərəncamına əsasən hər il oktyabrın 20-si Azərbaycanda Energetiklər Günü kimi qeyd edilir.

 

1 noyabr

Kənd təsərrüfatı işçiləri günü

 

 

6 noyabr

Azərbaycan televiziyası və radiosu günü

Azərbaycanda radionun tarixi XX əsrin 20-ci illərindən başlayır. Bakıda ilk radio qurğusu 1924-cü ildə quraşdırılmışdır. 1926-cı ildə isə ilk radiostansiya fəaliyyətə başlamışdır. Məhz həmin il noyabrın 6-da ilk radio verilişi efirə çıxmışdır.

 

8 noyabr

Bakı metropoliteni işçilərinin peşə bayramı günü

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il oktyabrın 28-də imzaladığı Sərəncamla hər ilin bu günü Bakı metropolitençilərinin peşə bayramı günü kimi qeyd edilir. Bakı Metropoliteni 1967-ci ilin noyabrın 6-da işə salınıb.

 

22 noyabr

Ədliyyə işçilərinin peşə bayramı günü

22 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə NazirliyininƏsasnaməsinin təsdiq edilib. Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilib.

 

6 dekabr

Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü

Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2006 tarixli, 1804 nömrəli Sərəncamı ilə, Azərbaycanda telefonxətlərinin yaranmasının 125 illiyi ilə əlaqədar olaraq hər il dekabrın 6-sı Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü qeyd olunur.

 

10 dekabr

Ümumdünya insan hüquqları günü

 

 

16 dekabr

Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü

Azərbaycan Respublikası Prezidentinin  2006-cı il dekabrın 8-də imzaladığı Sərəncama əsasən bu tarix ölkədə Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

 

17 dekabr

Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü

Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2010-cu ildə imzaladığı Sərəncama əsasən, hər il dekabrın 17-si Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR