Azərbaycanın baş pediatrından həyəcan təbili: "Peyvənd olunun"
Nəsib Quliyev: "Uşaqlar xəstəliklərə qarşı peyvənd edildikdə, onlar bu xəstəliklərə yoluxmurlar"
"İranda, Türkiyədə, Orta Asiya ölkələrində, Gürcüstanda, Ukraynada qızılca xəstəliyi epidemiya şəklində yayılıb. Azərbaycanda isə bu xəstəlik tək-tək "gətirilmə" olaraq var".
Bu barədə Sputnik Azərbaycan-a ölkənin baş pediatrı, tibb elmləri doktoru, professor, K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev məlumat verib. O bildirib ki, bəzən uşaqlar digər ölkələrdə qızılca xəstəliyinə yoluxur və Azərbaycana qayıtdıqları zaman onu digər peyvənd olunmamış uşaqlara və şəxslərə keçirirlər.
"Buna görə də valideynlərə uşaqlarını peyvənd etdirməyi məsləhət görərdim. Azərbaycanda 11 yoluxucu xəstəliyə qarşı peyvənd aparılır. Bu xəstəlikləri viruslar törədir" - baş pediatr vurğulayıb.
N.Quliyev bu xəstəliklər sırasında məxmərək və qızılcanı da qeyd edib: "Uşaqlar xəstəliklərə qarşı peyvənd edildikdə, onlar bu xəstəliklərə yoluxmurlar. Valideynlər uşaqlarını vaksinasiyadan yayındırmamalıdırlar. Bu zaman uşaqlarda xəstəliklərə qarşı immunitet formalaşmış olacaq".
Qeyd edək ki, son günlər qonşu Gürcüstanda "donuz qripi" kimi tanınan H1N1 virusu geniş yayılıb. İndiyədək yüzlərlə insan bu xəstəliklə xəstəxanalara yerləşdirilib, 17 nəfər dünyasını dəyişib, daha 47 nəfərin vəziyyəti ağırdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət