Slimfit
  1. AZƏRBAYCANLI

Azərbaycanı Kanadada ləyaqətlə təmsil edən xanım

Azərbaycanı Kanadada ləyaqətlə təmsil edən xanım
Sakura

Azərbaycanı Kanadada ləyaqətlə təmsil edən xanım

Əzmlidir, yorulmadan çalışmağı bacarır. Onun üçün müvəffəqiyyət qazanmaq çox əhəmiyyətlidir. Hansı işə əl qoydusa çalışır ki, sonu uğurla nəticələnsin. Şən, mehriban, gülərüz, incə zövqlü xanımdır. Fikirlərini elə ifadə edir ki, maraqlı olduğundan həmsöhbəti heyran qalır...

Haqqında söhbət açdığım Naznaz Sadıqova Bakıda dünyaya gəlib, bu şəhərdə böyüyüb başa çatıb. 1984-cü ildə 138 nömrəli orta məktəbi bitirib. Sonra modalar atelesində işə başlayıb. Əvvəlcə adi dərzi olub, sonradan şəxsi atelesini yaradaraq, şəhərin ən yaxşı modelyerlərindən biri kimi nüfuz qazanıb. Müxtəlif moda yarışlarında yer tutub, mükafata layiq görülüb. 1994-1999-cu illərdə Azərbaycan Dövlət Dillər Universittində ingilis dilinin filologiyası fakultəsində ali təhsil alıb. Və bir gün əslən Cənubi Azərbaycandan olan soydaşımız Yusiflə ailə qurduqdan sonra Kanadaya köçüb...

Deyir ki,- “Uzun illərdir ki, Yusiflə evliyik. Söyləsəm, inanmayacaqsız. Biz hələ də bir-birimizə “siz” deyə müraciət edirik. Bizi tanıyanlar bunun səbəbini soruşsalar da, cavab verməyə çətinlik çəkirik...”

2006-cı ildən Kanadanın Toronto şəhərində məskunlaşan Naznaz xanım əvvəlcə övladlarının tərbiyyəsi ilə məşğul olub. Bir müddət uşaq bağçası müəllimi ixtisasına yiyələnmək üçün kurslara gedib. 2009-cu ildə “Chanel” şirkətində modelyer kimi işə başlayıb. 2017-ci ilədək orada şöbə meneceri vəzifəsinədək yüksələ bilib. Bir neçə ildir ki, Torontonun “Moda həftəsi müsabiqəsi”nə məşhur modelyerlərlə birlikdə kolleksiyalar hazırlayır...

...Ömür-gün yoldaşı Yusif Savalan məşhur Azərbaycan şairi Məhəmməd Hadinin şəcərəsindəndir. Əslən Şamaxıdan olsa da Təbrizdə anadan olub. Torontoda daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olur və həmçinin “Kişi salonu”na rəhbərlik edir. Bundan əlavə o, 2009-cu ildə “Kanadada Azərbaycan İncəsənət Mərkəzi”ni yaradıb. Həmin mərkəzin xətti ilə Azərbaycan naminə müxtəlif tədbirlər həyata keçirir. Eyni zmanda müğənni kimi də fəaliyyət göstərir. Milli musiqimizi əcnəbilər arasında layiqincə təbliğ edir.
İki övladı var. Qızı Dəniz 14, oğlu Ayaz isə 13 yaşındadırlar. Hər ikisi də ana dili ilə yanaşı ingilis, fransız dillərində sərbəst danışmağı bacarır...

Naznaz xanım Azərbaycan aşiqidir. Kanadada vətənimizlə bağlı keçirilən elə bir tədbir olmayıb ki, orada fəal iştirak etməsin. Bu günlərdə həyat yoldaşının rəhbərlik etdiyi “Kanadada Azərbaycan İncəsənət Mərkəzi”nin təşkil etdiyi Nəsiminin 650 illik yubileyinə həsr olunan "Əbədiyyət üfüqlərində doğan eşq günəşi" adlı tədbirin də əsas təşkilatçılarından biri o, olub...

Mütaliəni xoşlayır, Kanada mətbuatını mütamadi izləyir. Ədəbiyyat vurğunudur. Demək olar ki, Musa Yaqub, Fikrət Qoca, Ramiz Rövşən, Zəlimxan Yaqub və Nüsrət Kəsəmənlinin əksər şeirlərini əzbər bilir. Mətbəxdə çalışmaqdan, Azərbaycanın milli təamlarını hazırlamaqdan zövq alır...

Deyir ki,- “Kanadaya gəlmək istəyən soydaşlarımız əgər dolanışıq xətrinə gəlmək istəyirlərsə unutmasınlar ki, burada da nöqsanlar yetərincədir. Burada rüşvət də var, tanışlıqla iş görmək də. Buranın da öz yoxsulları, evsiz-eşiksizləri var. Kanadaya gəlmək istəyən hər bir soydaşımızın qarşısında yeganə məqsəd- əzmlə çalışmaq, yerli əhaliyə qaynayıb-qarışmaq- olmalıdır”...

Yüksək mədəniyyəti, kübar davranışı ilə ürəkləri fəth edən bu xanımın ən böyük arzusu isə “Kanadada Azərbaycan Mədəniyyət Evi”nin tezliklə istifadəyə verilməsidir...

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR