Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Prezidentə müraciət edib

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Prezidentə müraciət edib
Sakura

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Prezidentə müraciət edib

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə məktub ünvanlayıblar. 

"Report"un məlumatına görə, mətndə deyilir: 

"Möhtərəm cənab Prezident.

Biz, Azərbaycanda yaşayan dini konfessiyaların rəhbərləri təmsil etdiyimiz dini icmalar adından Zati-alinizi – Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanını Azərbaycan Ordusunun işğal olunmuş ərazilərin azad edilməsi yönündə qazandığı zəfərlər münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə və bütün həmvətənlərimizə daha böyük qələbələr arzulayırıq.

Möhtərəm cənab Prezident, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq məfkurəsini yaşadan və daha da inkişaf etdirən Zati-alinizin siyasi iradəsi sayəsində biz - müxtəlif dini konfessiyaların ardıcılları Azərbaycanda dini tələbatlarımızı yüksək səviyyədə həyata keçirir, dövlətin diqqət, qayğı və himayəsini üzərimizdə hiss edirik. Zati-alinizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qlobal təşəbbüs və əməli səyləri sayəsində Azərbaycan milli-mənəvi dəyərlərlə yanaşı, multikultural dəyərlərin dünya miqyasında hamisi kimi nüfuz qazanmışdır. Azərbaycanda yaşayan, vətəndaşı olmaqdan qürur duyan müxtəlif dini konfessiyaların dindarları zəfər münasibətilə Sizin xalqa təbrik müraciətinizi, BMT Baş Assambleyasının 75-ci sessiyasında etdiyiniz tarixi çıxışı, həmçinin, “Rossiya-1” telekanalına verdiyiniz dəyərli müsahibəni böyük qürurla qarşıladılar. Vətənimiz Azərbaycanın siyasi, iqtisadi, sosial, humanitar sahələrdə qazandığı nailiyyətlərlə yanaşı, öz ərazi bütövlüyünü bərpa etmək, sərhədlərinin toxunulmazlığını təmin etmək kimi təbii haqqını təqdirlə qarşılayır, dəstəkləyirik.

Möhtərəm cənab Prezident, Uca Yaradanımız qarşısında hər zaman ədalətin, haqqın yanında olmağa mənən məsul olan biz din xadimləri Sizin dövlət rəhbəri olaraq dünyada bəşəri, humanitar təşəbbüslərinizi bəyəndiyimizi və dəstəklədiyimizi hər zaman bildirmişik. Zati-aliləri, Siz dinlər və sivilizasiyalar arasında əməkdaşlıq işinə böyük dəyər verən siyasi xadim, insan həmrəyliyi, dinc yanaşı yaşama, qarşılıqlı anlaşma tərəfdarı olan dövlət liderisiniz. Müstəqil Azərbaycanın suveren hüquqlarının ən ali beynəlxalq müstəvilərdə müdafiəsinə, ölkənin başlıca problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə nail olmaq istiqamətində misilsiz səylərinizə, beynəlxalq hüququn aliliyinə ehtiramınıza hər birimiz şahidik. Lakin Zati-alinizin doğru vurğuladığı kimi, sülhsevər Azərbaycan xalqının səbrinin də hüdudu vardır və Azərbaycan təcavüzkara layiqli cavab verməyə məcbur olmuşdur. İşğal faktını aradan qaldırmaq əvəzinə sülh danışıqlarının üzərindən xətt çəkərək Azərbaycan sərhədlərində ardıcıl təxribatlar törədən Ermənistan tərəfi Azərbaycan dövlətini öz haqqını savaş meydanında müdafiə etməyə vadar etdi.

Zati-aliləri, Azərbaycan dini-mənəvi irsə qayğı ilə yanaşan, milli və ümumbəşəri dəyərləri himayə edən, dini məbədləri dövlət səviyyəsində təmir, inşa və bərpa edən dövlət kimi tanınır. Biz - dini konfessiya rəhbərləri bu qayğının bilavasitə şahidləriyik. Paytaxt Bakının mərkəzində erməni kilsəsini bərpa edib qoruyan Azərbaycanın əməlləri qarşılığında ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərində dini-tarixi abidələrə, müqəddəs məkanlara qarşı həyata keçirilən vandalizm aktları bizi din xadimləri olaraq hədsiz narahat edir. Qədim Qarabağ torpağında İslam dininə məxsus ibadətgahlar, qəbiristanlıqlar məqsədyönlü şəkildə dağıdılır, təhqir olunur. Ümumislam əhəmiyyətli abidələrlə yanaşı, xristian və yəhudi məbədlərinə və müqəddəs yerlərinə qarşı da tarixi saxtalaşdırma, mənşəyini dəyişdirmə həyata keçirilir. Qədim alban, pravoslav kilsələrinin qriqoryanlaşdırılması istiqamətində iş aparılır. Ümumbəşəri irsə belə münasibət qəbulolunmazdır.

Zati-aliləri, ədalətin bərpası yönündə Sizin atdığınız bütün zəruri addımları dəstəkləyən biz dini konfessiya rəhbərləri bəyan edirik ki, 20 Yanvar hadisələrində, Qarabağ müharibəsində ölkədəki xristianlar, yəhudilər, digər millət və din mənsubları Azərbaycan xalqı ilə bir cərgədə, mübarizə meydanında çiyin-çiyinə olmuşlar. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Milli Qəhrəman Mübarizlərlə bərabər Aqarunovlar, Yakovlevlər, Polovinkolar, Senyuşkinlər kimi yəhudi, rus, ukraynalı və digər millətləri təmsil edən qəhrəman Vətən oğulları ilə fəxr edirik. Bu gün də Vətən torpaqlarının müdafiəsində milli, dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar Ali Baş Komandanın yanındadırlar. Vətənin müdafiəsi yolunda şəhid olan bütün övladlarımıza Uca Allahdan rəhmət, yaralılara şəfa diləyirik.

Möhtərəm cənab Prezident, dünya ictimaiyyətinin əksəriyyəti Azərbaycanın haqq yolunda olduğunun fərqindədir və dövlət olaraq öz torpaqlarını azad etmək iradəsini müdafiə edir. Dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsinə, üzvləri olduğumuz Qafqaz Xalqları Ali Dini Şurasının ünvanına bu günlər dünyanın müxtəlif ölkələrindən dəstək zəngləri, həmrəylik məktubları daxil olmaqdadır. Diyanət İşləri başqanı Əli Erbaş başda olmaqla qardaş Türkiyənin onlarla şəhər və vilayətindən, İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Turkman başda olmaqla Tehran, Təbriz və Ərdəbilin nüfuzlu din xadimlərindən, Rusiyadan, xüsusilə, Şimali Qafqazın müftilərindən, Özbəkistan, Gürcüstan, Pakistan, Əfqanıstan, Əlcəzair, Macarıstan, Bosniya-Herseqovina, Seneqal və digər dövlətlərdən, KAİCİİD Beynəlxalq Dinlərarası Dialoq Mərkəzindən, İƏT yanında İRSİCA təşkilatından, Avropa-Türk Müsəlman Birliyindən gələn zəng və məktublarda Azərbaycanın haqq yolunda olduğu vurğulanır, Azərbaycan Prezidentinin qətiyyət və əzminə dəstək, erməni işğalçıların riyakar və haqsız davranışları sərt şəkildə qınanır.

Zati-aliləri, Azərbaycan haqlı tərəfdir və deməli, Haqq bizimlədir. Biz – ölkəmizdəki dini konfessiyaların rəhbərləri Bir Olan Yaradanımızdan Azərbaycanın haqq işinin qələbəsinə rəvac verməsini diləyir, dünyanın müxtəlif ölkələrində yaşayan, milli, dini mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq Azərbaycanda doğulub boya-başa çatmış bütün həmvətənlərimizi həmrəyliyə, Azərbaycan Prezidentinin, Ali Baş Komandanın ətrafında daha sıx birləşməyə çağırırıq.

Uca Yaradan Azərbaycanı hifz etsin, haqlı mübarizəsində qalib qərar versin! Uca Yaradan dünyamızda haqqın, ədalətin təntənəsinə rəvac versin! Amin!

Dərin hörmət və ehtiramla,

Şeyxülislam Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri

Aleksandr

Bakı və Azərbaycan Arxiyepiskopu

Milix Yevdayev

Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri

Aleksandr Şarovski

Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri

Robert Mobili

Alban-udi icmasının rəhbəri"

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR