Azərbaycanda yeni su anbarı tikiləcək - SƏRƏNCAM
Prezident İlham Əliyev Yengicə su anbarının tikintisi haqqında sərəncam imzalayıb.
Bununla bağlı President.az məlumat yayıb.
Sərəncama əsasən, Qəbələ rayonunda Yengicə su anbarı tikiləcək.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Yengicə su anbarının tikintisi ilə bağlı müvafiq tədbirlər görülməsini təmin etməlidir.
Son illərdə ölkədə su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması, eləcə də bu sahədə uçot və nəzarətin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülüb.
Bununla yanaşı, son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişmələri, dünyada orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatının azalması, digər tərəfdən, suya tələbatın artması məhdud su ehtiyatlarına malik olan ölkəmizdə su ehtiyatlarının artırılması və sudan səmərəli istifadə üçün təxirəsalınmaz tədbirlər görülməsini zəruri edib.
Bu istiqamətdə fəaliyyətin davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulduğu kimi, Qəbələ rayonunun ərazisində Yengicə su anbarının tikintisi üzrə zəruri texniki-iqtisadi əsaslandırma və layihələndirmə işləri başa çatdırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət