Azərbaycanda vergi daxilolmalarının həcmi maksimum həddə çatıb
2019-cu ildə Azərbaycanda vergi daxilolmalarının həcmi tarixi maksimuma çatıb.
Modern.az-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, vergi sahəsində keçirilmiş islahatlar sayəsində kölgə iqtisadiyyatının həcmi əhəmiyyətli dərəcədə azalıb.
M.Cabbarov qeyd edib ki, bu islahatlar nəticəsində 2019-cu ildə vergi daxilolmalarının həcmi 7,67 milyard manat təşkil edib: “Könüllü vergi daxilolmalarının payı 91,1 faizə çatıb və 2016-cı ildən bəri 7,9 faiz artıb. Son iki il ərzində dövlət büdcəsinin artıq vergi ödəmələri 721,4 milyon manat azalıb”.
Nazir bildirib ki, ötən il qeyri-neft sektorundan vergi daxilolmaları üzrə proqnoz 9,1 faiz (458,3 milyon manat) çox yerinə yetirilib, 5,43 milyard manata çatıb.
Onun sözlərinə görə, qeyri-neft sektorundan daxilolmaların strukturunda əlavə dəyər vergisindən daxilolmalar 16,4 faiz, aksiz vergisindən daxilolmalar 12,6 dəfə, torpaq vergisindən daxilolmalar 2,1 dəfə, əmlak vergisindən daxilolmalar 44 faiz artıb.
Nazir əlavə edib ki, regionlarda vergi daxilolmaları 11,9 faiz artaraq 795,4 milyon manat təşkil edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət