Azərbaycanda “TikTok” qadağası - Proqram bağlana bilər
Son zamanlar “TikTok” adını tez-tez eşidirik.
Dünyada milyonlarla istifadəçiyə çatan “TikTok” artıq yeni dövrün fenomen platformasına çevrilib. Platformada qeyri-qanuni əməllər - narkotika və pornoqrafiya təbliğ olunduğu üçün artıq bir sıra ölkələrdə proqram qadağan olunub. Cəmiyyətimizdə “TikTok” proqramına münasibət birmənalı deyil. Maraqlıdır ki, qeyri-qanuni əməlləri təbliğ edən bu proqram Azərbaycanda da qadağan oluna bilərmi?
Məsələ ilə bağlı İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov Redaktor.az-a açıqlamasında bildirib ki, proqramın qadağan olunması üçün məhkəməyə müraciət etmək lazımdır:
“Ölkəmizdə internetdən istifadə çox azaddır. İnsanlar istədikləri saytlardan rahat şəkildə istifadə edə bilirlər. Əvvəllər saytı yaradan şəxslər kontenti formalaşdırırdısa, indiki zamanda bu kontenti istifadəçinin özü formalaşdırır. Bu baxımdan, “TikTok”da da kontenti formalaşdıran məhz istifadəçilərdir. Onların qarşısını almaq üçün saytın adminstratoru müvafiq addımlar atmalıdır. Proqramın bütünlüklə qadağan olunması üçün məhkəməyə müraciət edilməlidir. Müraciətdən sonra məhkəmənin qərarına uyğun proqramın İP-ləri blok oluna və ölkədə girişinə qadağa qoyula bilər”.
Vəkil Səməd Vəkilov isə Redaktor.az-a açıqlamasında qeyd edib ki, ölkədə “TikTok”un qadağan olunması mümkündür:
“Pornoqrafiya və psixiatrik maddələrin təbliği qanunla qadağandır, bununla bağlı müəyyən cəzalar nəzərdə tutulub. Mübarizə üsullarından biri də qanunsuz fəaliyyəti yayan sosial şəbəkələrin girişinə qadağan tətbiq olunmasıdır. “TikTok” kimi proqramlarda bu cür videoların yayımlanmasında məqsəd böyük auditoriyaya sahib olmaqdır. Bu təbliğat genişlənərsə, “TikTok” proqramı ölkə miqyasında qadağan oluna bilər. Bunun üçün Dövlət Təhlükəsizlik Xidməbtinin (DTX) imkanları var”.
Qeyd edək ki, “TikTok” 2016-cı ildə Çin şirkəti “ByteDance” tərəfindən hazırlanıb. Dünyada onun istifadəçilərinin sayı 500 milyonu ötür. Platformanın istifadəçilərinin 40%-i 18 yaşdan kiçikdir. Bu proqram Hindistanda qadağan edilib, ABŞ isə uşaqların müdafiəsi ilə bağlı qaydaları pozduğuna görə 5,7 milyon dollar cərimələyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət