Azərbaycanda sahibkarlar daxili bazar araşdırmaları aparmaq üçün dövlətdən pul alacaqlar
Azərbaycanda sahibkarlıq subyektləri daxili bazar araşdırmaları aparmaq üçün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) maliyyə dəstəyi alacaqlar.
“Report” xəbər verir ki, bu məsələ Prezident İlham Əliyev ötən gün təsdiqlədiyi “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi qaydası”nda öz əksini tapıb.
Qaydaya əsasən, vergi ödəyicisi kimi uçota alınmış KOB subyektləri sözügedən dəstəkdən yararlana bilərlər. Amma həmin sahibkarlar “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq bağlanan müqavilə əsasında ixtisaslaşmış yerli və xarici hüquqi və fiziki şəxslər (fərdi sahibkarlar) olmalıdır.
Hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstəyin məbləği 20 min manatdan çox olmayacaq. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin isə 50%-i maliyyələşdirilir, qalan hissəsini isə müraciət edən subyekt ödəyir. Dəstəyin məbləğini KOBİA müəyyən edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət