Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda rus dili: vərdiş, ehtiyac yoxsa mədəniyyət?

Azərbaycanda rus dili: vərdiş, ehtiyac yoxsa mədəniyyət?
Sakura

Azərbaycanda rus dili: vərdiş, ehtiyac yoxsa mədəniyyət?

2001-ci ildə Azərbaycanda rəsmi olaraq latın əlifbası qüvvəyə mindi.

Rus dili Azərbaycanda getdikcə daha nadir bir hala çevrilən, lakin ona olduqca tələbat hiss edilən bir dildir.

BBC Rus xidməti, rus dilinin Bakıda əsas dilə necə çevrilməsini, sonradan isə öz statusunu itirməsini anlamağa cəhd edib.

Rus dilini kim seçir?

34 yaşlı mühəndis Əhməd Heybətov, hamının azərbaycanca danışdığı ailədə doğulub, lakin beşinci sinifə qədər məktəbində tədris rus dilində aparılıb. Ailəsində hesab olunurdu ki, yalnız bu yolla yaxşı təhsil almaq mümkündür.

"Atamın təhsili olmayıb, bacısı isə şəhərin mərkəzində yaşayırdı, professor arvadı idi. Onların ailəsində hamı rusca danışırdı, - Əhməd xatırlayır. - O, bundan özü üçün nəticə çıxardı".

1995-ci ildə Əhməd, Azərbaycan sinifinə keçirildi. Həmin dövrü xatırlayaraq, o qeyd edir ki, 1990-cı illərin ilk yarısı rusca danışanlar üçün pis vaxt olub.

Bunun belə olmasında 1990-cı ilin yanvarında, Bakıya sovet tanklarının yeridilməsi az rol oynamayıb, o zaman nümayişlərin dağıdılması nəticəsində 100-dən çox mülki vətəndaş həlak olmuşdu.

Əhmədi Azərbaycan sinifinə keçirərkən atası ona demişdi: "Burada tezliklə rus sektorunu bağlayacaqlar (Azərbaycanda rus və Azərbaycan siniflərinin bölgüsü belə adlanır - BBC). Sən rus dilini elə də yaxşı bilmirsən, oxumaq sənə çətin olacaq".

Əhmədin dediyinə görə, yeni sinifə keçəndən sonra, o, dərhal fərqi hiss etdi: dərsliklər daha pis idi, müəllimlər, işi heç də o dərəcədə sevmirdi. İnstitutda da o, Azərbaycan dilində oxuyub.

"Həmin illərdə dərsliklər çatışmırdı, məlumatı internetdə axtarırdım, hər şey rus dilində idi. Bu da dilin öyrənilməsinə kömək etdi, - Əhməd deyir. - Rus dilini öyrənmək üçün müəllimim olmayıb, dili öz-özümə öyrənmişəm. Rusiyaya gedib-gələn tanışlarımla ünsiyyətdə olmuşam. Lakin həmin dövrdə, uşaqlıqdan tanıdıqlarımdan çoxları artıq çıxıb getmişdi".

"Əsas səbəb - rus dilini bilməyim, mənə, digər həmvətənlərimlə müqayisədə, üstünlük verir. Bundan əlavə, mədəniyyət və intellektual baxımdan da bu, üstünlük deməkdir", - Əhməd vurğulayır.

"Mən rus dilini öyrənməyə başlayanda ingilis dili dəbdə idi. Enerjimi buna sərf edə bilərdim, lakin rus dilini öyrənməyi qərara aldım. Mənə elə gəlir ki, bu dilə maraq yaxın 10 il ərzində azalmayacaq. Coğrafi baxımdan da, bizi təxminən 250 milyonluq rusdilli əhali əhatə edir. Biz əsasən, rusdilli ölkələrə gedib-gəlirik və onlarla iqtisadi əlaqələr saxlayırıq", - o davam edir.

Rusdilli kadrlara böyük tələbat var - logistikada, satınalmalarda, mühəndislik və turizmdə.

HR-menecer Rəna Əliyevanın dediyinə görə, rus dilini bilmə səviyyəsinin enməsinə baxmayaraq, bu dilə, iş prosesində, əvvəlkitək tələbat var.

Bu, onunla bağlıdır kı, Azərbaycanda çalışan transmilli şirkətlərin Şərqi Avropada da nümayəndəlikləri var.

Bu halda əməkdaşların rus dilini bilməsi vacibdir.

"Çox vaxt, Kiyev, Moskva və ya Almatıda yerləşən regional mənzil-qərargah rusdilli peşəkarları işə götürməyə üstünlük verir, - deyir Əliyeva. - İnsan iri, zəngin şirkətdə işləməyə can atırsa, mütləq rus dilini öyrənəcək".

Onun sözlərinə görə, əsasən, rusdilli kadrlara böyük tələbat logistika, satınalmalar, mühəndislik və turizm sahələrində hiss olunur.

"Bəlkə də, bu bir qədər düzgün deyil, lakin mən şirkətə işçi götürəndə, vacibdir ki, o, rus dilini bilsin, hətta müştərilərlə ünsiyyətə girmək ehtiyacı olmasa belə", - bir reklam şirkətinin rəhbəri Anar Vəliyev deyir (soyadı, xahişinə uyğun olaraq, dəyişdirilib).

"Mənə elə gəlir ki, o, kifayət dərəcədə savadlı bir adam olmalıdır və ümumilikdə, işçilərlə, sözün hər bir mənasında, ümumi dil tapmaq lazımdır", - o, izah edir.

Rusiyaya açılan yol

Rus dilinin öyrənilməsinin daha bir səbəbi - emiqrasiyadır. Taleh Rzaxanov adlı gənc kiçik bir köşkdə gecə növbəsində işləyir, siqaret və digər xırdavat satır.

Yuxusunu gündüz alır, hərdən, dərsə hazırlaşır. Taleh qiyabi oxuyur və "hər şeyi sıfırdan" başlamaq üçün Rusiyaya köçməyi planlaşdırır.

Buna onu Rusiyada təhsil almış qohumu həvəsləndirib. O, Bakıya dönəndən bəri müvəffəqiyyətli bir bizneslə məşğuldur.

"Qəribə görünə bilər - hamı indi Avropa və ABŞ-a can atır, mən isə Rusiyanı istəyirəm", - Taleh deyir.

Onun bir arzusu var - "kino və incəsənət sahəsində nəsə yeni, qeyri-adi bir fəaliyyətlə məşğul olmaq, Moskvada axı, yaxşı kino sənət məktəbləri var".

Geri dönməyi o, düşünmür: "Mən məşğul olmaq istədiyimə tələbat burada, çətin ki, olsun. Mütəxəssis olsam isə, orada iş tapa biləcəyəm".

"Təhsili olan istənilən cavan adam üçün iş tapmaq çətin deyil, xüsusilə ofis işi", - Taleh bildirir.

Ölkənin qanunlarına görə, reklamların hamısı Azərbaycan dilində olmalıdır.

"Əvvəl Türkiyəyə getmək istəyirdim, - o davam edir. - Orada xalam qalır, yaşamaq çətin olmazdı. Lakin sevdiyim qız bunu bilən kimi, qarşı çıxdı, məni buraxmaq istəmədi".

"Elə oldu ki, getmədim. Amma bu dəfə planlarımı gizli saxlayacağam", - oğlan gülümsəyərək deyir.

Bakıya gələnlərin çoxu bu ölkədə rus dilinin kübarlıq statusuna malik olduğunu qeyd edir.

"İlk dəfə gələndən anladım kı, bakılı ilə qeyri-bakılı arasında bir fərq var. Və bu, heç də həmişə yaşayış yerinin göstəricisi ilə eyni deyil", - Gürcüstandan olan menecer Georgi Vaşakidze deyir.

"Konkret nəyisə xatırlaya bilmirəm, amma məndə yaranan təsəvvürə görə, rus dilini bilmək - bu, bakılı üçün mütləq bir atributdur", - o davam edir.

"Rus dilinə tələbat var, lakin bu tələbat iqtisadi səciyyə daşıyır. Hazırda, rus dilini bilmək kübarlıq təbəqəsinə yaxınlıqdan daha çox, özünü göstərmək, mənəm-mənəmlik etməkdən xəbər verə bilər", - filosof Rəhman Bədəlov deyir.

Bədəlov qeyd edir ki, ənənəvi olaraq, rusdilli təhsil Bakıda həmişə daha keyfiyyətli sayılıb, lakin indi bu tendensiya artıq müşahidə edilmir.

"İndi, artıq demək düzgün olmazdı kı, ən yaxşı təhsili Bakıda məhz, rus dilində almaq olar, bu, belə deyil. Hələ 90-cı illərdə mənim ən yaxşı tələbələrim azərbaycandillilər idi", - o, izah edir.

Sovet dövründə də Azərbaycan və rus dilində yazılmış ali məktəb dərslikləri arasında fərq var idi. Rus dilində oxumağı daha prestijli edən amillərdən biri də, elə bu idi.

"Hazırda rus və Azərbaycan dilində dərsliklər ən azı, məktəblərdə keyfiyyətcə eynidir. Təhsil Nazirliyinin göstərişi var ki, rus və Azərbaycan sektoru üçün dərsliklər eyni olmalıdır, - məktəb müəllimi Vaqif Abbasov deyir. - Təkcə, yalnız tərcümə zamanı səhvlərə, qeyri-dəqiqliyə yol verilir, hərdən, bütöv bəndlər buraxılır."

"Sovet illərində Azərbaycan və rus sinifləri üçün dərsliklər arasında fərq cüzi idi və həmin fərq, əsasən, kağızın keyfiyyətində və poliqrafiyada özünü göstərirdi", - keçmişdə məktəb və institut müəlliməsi kimi çalışmış, indi isə təqaüdçü olan Lətifə Zeynalova qeyd edir.

"İnstitut üçün nəzərdə tutulan dərsliklərdə isə, həqiqətən də, böyük bir fərq var idi. Keyfiyyətli tərcümələr çatışmırdı, odur ki, rus dilində təhsil almaq daha prestijli sayılırdı", - o, davam edir.

Yekunlaşdıraraq, demək olar kı, rus dilinin Azərbaycanda aktuallığı üç faktorla əlaqəlidir: Rusiya və digər rusdilli ölkələr ilə iqtisadi əlaqələr, Rusiya mədəniyyətinin təsiri və davam edən ənənə. Bütün bunlara görə çoxları indiyədək rus dilinə üstünlük verməkdədir.

Rus dili haradan gəldi?

Rusiya imperiyası Qafqaza XIX əsrin əvvəlində gəlib, o zaman Bakı əhalisinin əksəriyyəti türk və fars dilində danışırdı.

İnqilabdan əvvəl, ilk neft bumu dövründə şəhərin etnik tərkibi və onun ardınca istifadədə olan dillərin tərkibi dəyişməyə başladı.

1920-ci illərdə Bakıda artıq 214,7 min adam yaşayardı, ən çoxsaylı etnik qrup isə slavyanlardan ibarət idi (ruslar, ukraynalılar və belaruslar) - Bakıda onların payı 35,5% idi. "Zaqafqasiya tatarları" yalnız 21,4% təşkil edirdi, ermənilər də, təxminən, o qədər idi.

"Britaniya öz müstəmləkələrinə necə təsir göstərirdisə, Rusiya imperiyasının da Qafqaza mədəni təsiri çox böyük oldu, çoxmillətli şəhər şəraitində isə rus dili qarşılıqlı ünsiyyət dilinə çevrildi, - Bədəlov qeyd edir. - Bu təsirin sayəsində XIX əsrdə Azərbaycanda mədəni renessans baş verdi".

Xalq mahnılarının tanınmış ifaçısı Xan Şuşinski, Puşkin küçəsində yaşamışdı. Bakıda eləcə də Tolstoy və Lermontov küçələri, şəhərkənarı qəsəbədə isə Yeseninin ev-muzeyi də var.

Sovet illərində şəhərdə yaşayan rusların sayı artmaqda davam edirdi. 1926-cı ilin statistikasına əsasən, onların sayı 160 minə çatmışdı, azərbaycanlıların sayı isə 119 min idi, ermənilər -isə 77 min.

Siyahıyaalma zamanı şəhərdə 20 min yəhudinin və xeyli sayda digər etnik nüməyndələrin - polşalı, alman, gürcü və estonların yaşadığı qeydə alınmışdı.

Bu tendensiya 1960-cı illərə qədər davam etmişdi. O illərdə həyat səviyyəsi ilə yanaşı, əhalinin də sayı artırdı. Bundan əlavə, kənd sakinlərinə qanuni əsaslarda köçüb şəhərdə yaşamaq haqqı verilmişdi.

1988-1989 illərin siyahıyaalınmasında şəhərin 1,795 milyon sakinindən 1,100 milyonunu azərbaycanlılar təşkil edirdi.

O zaman Bakıda yaşayan azərbaycanlılar rus dilində danışırdı, bu, karyera yüksəlişi və təhsillə bağlı idi.

"50-ci illərin əvvəli olardı, mənim xalam valideyinlərimə məni və qardaşlarımı rus məktəbinə verməyi məsləhət gördü, çünki təhsilin səviyyəsi rus dilində daha yüksək idi", - pedaqoq Lətifə Zeynalova deyir. - Özü də ki, üçümüzdən heç birimiz rus dilində bircə dənə söz belə bilmirdik".

Azərbaycana rus dilinin lazım olub-olmadığı ətrafında mübahisələr ölkədə davam etməkdədir.

Zeynalovanın sözlərinə görə, özgə dildə oxumaq onun üçün böyük bir stress idi.

"İkinci sinifdə ikinci ilə qaldım, çünki valideyinlərim mənimlə məşğul olmurdular, - o xatırlayır. - Mən sinifdə heç nəyi başa düşmürdüm, ən arxadakı parta arxasında otururdum, hamı kütbaş olduğumu düşünürdü. Axırda, qorxumdan nitqimdə kəkələmə əmələ gəldi və yuxarı siniflərədək belə davam etdi".

Dördüncü sinifdə oxuyanda, valideyinləri o və qardaşları üçün repetitor tutdu. Lətifənin sözlərinə görə, rus dilində təhsil almağından heyfslənmir.

"Yalnız bir dili bilənlər həmişə məndə əndişə doğurub, - pedaqoq deyir. - Rus dili Rusiyada təhsil almaq imkanı yaradırdı və böyük sayda rus və rus dilinə tərcümə olunmuş kitablardan istifadəni mümkün edirdi. Hətta rus dilində məktəb dərsliklərinin keyfiyyəti də daha yüksək idi. Mən indiyədək mənim uşaqlıq dövrümdəki kitablarda olan gözəl illüstrasiyaları yada salıram".

Çoxluqdan - azlığa

SSRİ dağıldıqdan sonra o zamankı Bakının əsasən, rusdilli olan əhalisi şəhəri tərk etməyə başladı.

Eyni zamanda, rus dilindən imtina siyasəti başladı, xüsusilə bu, ilk illərdə hiss olunurdu.

Bəzən, yeni siyasət arxasınca gedən valideyinlər rusdilli uşaqlarını Azərbaycan dilində tədris aparılan siniflərə keçirirdi.

"Həmin illərdə ölkə rəhbərliyi zənn edirdi ki, Azərbaycan dili uğrunda mübarizə mütləq rus dili əleyhinə mübarizə deməkdir", - Bədəlov qeyd edir.

1999-cu ilin siyahıyalınmasına görə, o zaman Bakıda rusların sayı 115 min idi, halbuki, həmin ildən 10 il əvvəlki siyahıyaalınmada 295 min rus qeydə alınmışdı.

2009-cu ildə isə bütün Azərbaycanda yaşayan rusların ümumi sayı 119 min idi. Digər rusdilli sakinlərin sayında da azalma baş vermişdi.

Keçmiş bakılıların yığcam yaşayış yerləri hazırda İsrail, ABŞ və Kanadada var. Almaniya, Rusiya və digər ölkələrdə diasporlar var.

Ümumilikdə, Azərbaycan, müstəqilliyini elan edəndən sonra, 2010-cu ilə qədər ölkədən emiqrasiya edənlərin sayı 1,434 milyondur.

Həmin dövrdə Bakıya kənd bölgələrindən gələnlərin hesabına şəhər əhalisinin sayı 4 milyonadək artıb.

"Avrasiya irsi" fondunun 2008-ci ildə keçirdiyi tədqiqata əsasən, Ermənistan və Gürcüstanla yanaşı Azərbaycan, postsovet dövlətləri arasında rus dilinin ən az inkişaf etdiyi ölkələr qrupuna aiddir.

Azərbaycan Təhsiil Nazirliyi artıq ikinci ildir ki, Bakının məktəb və lisey müəllimləri arasında "rus dilinin intensiv tədrisi" proqramını həyata keçirir.

Bu il və gələn il 50 müəllimin bu sahədə bacarığının "gücləndirilməsi" nəzərdə tutulub.

Rus dili mövzusu, məmurlar və ya deputatlar onun qadağan edilməsini təklif edəndə, sosial şəbəkələrdə tez-tez müzakirə olunur.

Rus dilinin müstəqil Azərbaycana lazım olub-olmaması ətrafında vaxtaşırı siyasi diskussiyalar aparılır.

Disput.az forumundan bəzi sitatlar:

  • "Hətta Şirvan şəhərində də rus sektoru olan iki məktəb var. Eşidəndə, inanmadım. Axı, kənddə rus dilinə nə ehtiyac .Ondansa ingilis dilini öyrənsinlər";
  • "Mənim tanışlarım arasında rus dili və ədəbiyyatı fənni üzrə repetitorlar var, şagirdlərinin sayı-hesabı qurtarmaq bilmir. Çoxları rus dilini ikinci xarici dil qismində öyrənmək istəyir";
  • "Gürcü öz dilində danışır, erməni öz dilində danışır, biz isə inadkarcasına"yox, hər şey rusca olmalıdır deyirik";
  • "İngilis dilini bilmək gərəkdir, bu, karyera, burada və ya xaricdə iş tapmaq üçün lazımdır. Digər xarici dillər kimi, rus dilini də bilmək lazımdır, ən azı, inkişaf üçün";
  • "Təəccüb edirəm, öz dilimizi inkişaf etdirmək əvəzinə, özgənin dilini inkişaf etdirmək təklif olunur".
  • "Bu, istənilən işğalçnın əsas məqsədidir - doğma dili və tarixi zəif bilmək. MDB dövlətlərinin Rusiya tərəfindən, belə deyək, "rusdilli işğalının" hələ də davam etdiyini zənn etmək olar. Demişəm və bir daha təkrarlayım: Xalqımızın adət-ənənələri məhz azərbaycandilli vətəndaşlarımızım sayəsində qorunub saxlanılıb. Bir çox rusdillilərin, adət və ənənələrimiz barədə biliyi səthidir. "Rusdilli" deyəndə, azərbaycanlıları nəzərdə tuturam".
  • "Sizdə rus dilinin statusu hələ qəbul olunmayıb? Onda, sizə gəlirik".

Keçmişdə, məhz Bakı rus dilini yerli dialektizmlər ilə zənginləşdirib və həmin o dialektizmlər bugünkü emiqrant bakılıların nitqini fərqləndirir - bu mənada, misal üçün, "demyanka" (badımcan), "domaşniki" (şap-şaplar), "sobirun" (dost məclisi) və "vıtıkatsya" (mənəm-mənəmlik etmək) kimi sözləri nümünə kimi qeyd etmək olar.

 

Mənbə: BBC.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR