Azərbaycanda qonşu ölkələrin radioları nə üçün yayımlanır? - RƏSMİ CAVAB
Azərbaycanın bir çox rayonlarında milli radiolar əvəzinə qonşu ölkələrin radiolarının yayımlanması sosial şəbəkədə müzakirə obyektinə çevrilib.
Ens.az BAKU.WS-a xəbər verir ki, qonşu ölkələrin radiolarının ölkə ərazisində rahat şəkildə yayımı heç də müsbət qarşılanmayıb.
Belə ki, vətəndaşlar əcnəbi dillərdə, hətta erməni dilində radioların Azərbaycan ərazisində yayımını ölkəmizdə törədilə biləcək təxribat kimi qəbul edirlər.
Maraqlıdır ki, paytaxt Bakıdan 260 km aralıda Azərbaycan radiolarının yayımında problem müşahidə olunduğu halda, əcnəbi dillərdə olan radioların yayımı rahat şəkildə fəaliyyət göstərir.
Mövcud durumla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sorğu göndərdik və problemin həlli istiqamətində hər hansı addımların atılıb-atılmadığını aydınlaşdırmağa çalışdıq.
Qurumdan BAKU.WS-ə daxil olan məlumatda deyilir ki, televiziya və radio yayımları hər bir ölkə ərazisində müvafiq radioyayım vericiləri vasitəsilə həyata keçirilir və relyefdən asılı olaraq qonşu ölkələrin ərazilərində qəbul edilə bilər:
"Belə hallar sərhədyanı dövlətlərin ərazilərində müşahidə oluna bilər. Hazırda Respublika və İctimai radio proqramları FM tezlik diapazonunda, demək olar ki, bütün ölkə ərazisində yayımlanır. Azsaylı əhalisi olan kiçik dağ kəndlərindən də bu və ya digər radio proqramlarına da tələb yarandıqda və əhali tərəfindən müraciət olduqda yeni yayım vericiləri həmin ərazilərdə qurulur.
Ölkə üzrə əhatə dairəsi az olan radio proqram istehsalçıları tərəfindən müvafiq müraciət olduqca, yeni radio vericilər tələb olunan ərazidə qurularaq yayım təmin olunur. Bu məsələ özəl radio proqram istehsalçılarının sifarişindən asılıdır".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət