Azərbaycanda qəbir yerləri pulsuz ayrılacaq
Azərbaycanda qəbiristanlıqlar bələdiyyələrin balansına keçiriləcək. ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
Onun sözlərinə görə, Komitə Azərbaycan İqtisadiyyat Nazirliyi ilə birgə qəbiristanlıq və onların salınması ilə bağlı məsələlərin tənzimlənməsi üçün sənəd hazırlayıb.
"Bu sənəd Nazirlər Kabinetində artıq təsdiqlənib. Eyni zamanda, Nazirlər Kabinetinin sərəncamına əsasən, qəbiristanlıqları sənəddə nəzərdə tutulduğu kimi, bələdiyyələrin balansına keçməsi ilə bağlı müddət göstərilib. Həmin müddət ərzində bələdiyyələrin balansına keçməli olan qəbiristanlıqlarda bu proses yekunlaşdırılacaq", - deyə sədr müavini bildirib.
Sədr müavini həmçinin bildirib ki, sənəddə bir çox məsələ öz əksini tapıb. Məsələn, qəbiristanlıqlar salınarkən bütün normalar müəyyənləşdirilib, eyni zamanda, ən çox cəmiyyəti narahat edən məsələ torpağın pulsuz ayrılmasıdır ki, bu da sənəddə öz əksini tapıb.
"Sənəddə əksər məsələlər, demək olar ki, qəbiristanlıqların salınması, dəfn işinin təşkili ilə bağlı bütün məsələlər öz əksini tapıb, o cümlədən də torpağın pulsuz verilməsi məsələsi də. Bununla yanaşı önəmli məqamlardan biri də ondan ibarətdir ki, qəbirlər arası məsafə və qəbir daşların ölçüsü konkret göstərilib. Düşünürəm ki, qəbiristanlıqların bələdiyyələrin balansına keçməsindən və bu prosedur yekunlaşandan sonra həmin bu sənədin icrasına başlanılacaq. Bu sənəd imkan verəcək ki, biz qəbiristanlıqlarda dəfn işləri ilə bağlı məsələləri tənzimləyə bilək. Qeyd edim ki, bu, yalnız qəbiristanlıqlar və dəfn işinin təşkili ilə bağlıdır. Yas mərasimlərinin bura aidiyyəti yoxdur", - deyə sədr müavini bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət