Azərbaycanda pensiyalarla bağlı bəzi məhdudiyyətlər götürüldü
Azərbaycanda yaşa görə pensiya alanların əlilliyə görə pensiyaya keçidində yaranan məhdudiyyətlər aradan qaldırılır.
Ens.az Kommersant.az-a istinadən xəbər verir ki, xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Elnur Abbasov deyib.
Onun sözlərinə görə, bu məsələ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb. Yaxın müddətdə Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulan layihədə pensiyaçıların öz pensiya növünü dəyişdirə bilməsi ilə bağlı qoyulan məhdudiyyət də aradan qaldırılır:
"Hazırkı qanunvericiliyə əsasən, yaşa görə pensiya alanların əlilliyə görə pensiyaya keçidində məhdudiyyətlər var. Yeni layihədə bu məhdudiyyət aradan qaldırılır. Bundan əlavə, ailə başçısını itirməyə görə pensiya hüququ olan şəxs başqa bir pensiya və ya müavinət hüququ yarandıqda bu hüququndan istifadə edə biləcək”.
E.Abbasov qeyd edib ki, ailə başçısını itirməyə görə pensiya hüququ olan şəxs özünün pensiya haqqından imtina edərək başqa bir pensiya və ya sosial müavinət növünü seçərsə, bu zaman onun payına düşən məbləğ digər ailə üzvləri arasında bölüşdürüləcək:
"Məsələn, ailəyə düşən məbləğ 300 manatdır. Ailədə 3 nəfər varsa, hər şəxsə 100 manat pul düşür. Ailə üzvlərindən birinin başqa bir pensiya və ya sosial müavinət hüququ yarandı. O zaman həmin 100 manat digər ailə üzvləri arasında bölünəcək və qalan 2 nəfərin hər birinə 150 manat veriləcək. Hazırda isə dayandırılan həmin məbləğ digərlərinə verilmir”.
E.Abbasov qeyd edib ki, yeni layihədə işləyən pensiyaçıların əmək pensiyalarının yenidən hesablanması da avtomatlaşdırılır.
Şöbə müdirinin sözlərinə görə, layihə qəbul olunduğu təqdirdə işləyən pensiyaçılar işdən ayrıldıqları zaman nazirlik tərəfindən onların pensiyasının avtomatik qaydada yenidən hesablanması həyata keçiriləcək. İşçinin pensiyaya çıxdıqdan sonra işlədiyi dövr üçün də topladığı pensiya kapıtalı nəzərə alınacaq və bu məbləğ yenidən hesablanaraq pensiyanın üzərinə avtomatik qaydada əlavə olunacaq:
"Bunun üçün şəxsin müvafiq sənədlər təqdim etməsinə ehtiyac qalmayacaq. Yenidən hesablama proaktiv qaydada həyata keçiriləcək. Pensiyanın nə qədər artması və nə zamandan ödənilməyə başlanılacağı barədə məlumat vətəndaşın mobil telefonuna və ya ünvanına göndəriləcək".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət