Azərbaycanda payızda koronavirusa yoluxma arta bilər?
Ümumdünya Səhiyyət Təşkilatının yaydığı hesabatında bildirilir ki, koronavirusa dünyada son 4 həftə ərzində ümumilikdə 1 008 194 yoluxma halı, 3 132 ölüm qeydə alınıb. Daha öncəki 4 həftə ilə müqayisədə yoluxma hallarının sayı 7 faiz artıb, ölüm halları isə 53 faiz azalıb.
Bəs ölkəmizdə yoluxma arta bilər?
Ens.Az-ın məlumatına görə,məsələ ilə bağlı Trend-ə açıqlama verən infeksionist-hepatoloq Mərdan Əliyev bildirib ki, koronavirusa yoluxma payız-qış mövsümündə yayılmaya meyilli olur.
"Bunun əsas səbəbləri mövsümlə əlaqədar olaraq qapalı yerlərdə daha çox vaxt keçirmə, günəşli günlərin az olması, immun sisteminin zəifləməsidir. Bu səbəbdən payıza doğru koronavirusa yoluxanların sayında az da olsa artım gözlənilir. Belə ki, Çin, Tayvan kimi ölkələrdə kollektiv immun sistemi formalaşmayıb. Orada koronavirusun geniş yayılma ehtimalı hələ də qalmaqdadır. Belə olduğu halda ölkəmiz üçün də təhlükədir".
M.Əliyev qeyd edib ki, hazırda Azərbaycanda virusa qarşı tam kollektiv imunitet formalaşıb.
"Yoluxma az da olsa artsa qadağalara gedilməsi ehtimalı yoxdur. Bütün bunlara baxmayaraq gigiyenik qaydalara əməl olunmalı, müəyyən yerlərdə maska taxılmalıdır", - deyə o, əlavə edib.
Qeyd edək ki, Azərbaycanda son 1 həftə ərzində (31 iyul - 6 avqust) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin müddətdə infeksiyaya 15 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 17 nəfər sağalıb. Həftə ərzində ölüm sayı 3 olub.
İndiyədək ölkədə ümumilikdə 832 036 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 731 nəfər müalicə olunaraq sağalıb, hazırda 12 aktiv xəstə var. Bu günə qədər 10 293 nəfər vəfat edib.
Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 517, bu günə qədər isə ümumilikdə 7 663 893 test icra olunub.
Eyni zamanda ölkədə son həftə ərzində 169 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 968 608 olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət