Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda nikah müqaviləsinə böyük ehtiyac var - Hüquqşünas AÇIQLADI

Azərbaycanda nikah müqaviləsinə böyük ehtiyac var - Hüquqşünas AÇIQLADI
Sakura

Azərbaycanda nikah müqaviləsinə böyük ehtiyac var - Hüquqşünas AÇIQLADI

Dünyanın bir çox ölkələrində nikaha girən cütlüklər nikah müqaviləsi bağlayır. Müqaviləni bağlamaqla tərəflər gələcəkdə baş verə biləcək xoşagəlməz hallardan sığortalanırlar. Azərbaycanda isə bu müqavilə demək olar ki, bağlanılmır. Bunu adətən mental dəyərlə əlaqələndirirlər. Odur ki, çox vaxt boşanmalar zamanı ailə münaqişləri başlayır. Yəni əmlak bölgüsü və aliment tutulması ilə bağlı tərəflər az qala qırğına çıxırlar.

Qeyd edək ki, Azərbaycanın Ailə Məcəlləsində nikaha daxil olanlara nikah müqaviləsinin bağlanması tövsiyə olunur.

Onu da əlavə edək ki, Azərbaycanda bir çox insanlar nikahın bağlanmasının qeydə alınması ilə, yəni nikah şəhadətnaməsi ilə nikah müqaviləsini qarışıq salırlar. Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və ya nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Bu müqavilə nikaha daxil olduqda da imzalana bilər, nikaha daxil olduqdan sonra da mümkündür.

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov da Azərbaycanda boşanmalar zamanı məhkəmələrdə olan saysız-hesabsız mübahisələrə görə belə bir təkliflə çıxış edib ki, nikaha girərkən cütlüklər arasında məcburi olaraq nikah müqaviləsi imzalansın.

Bəs nikah müqaviləsinin bağlanması məcburi ola bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan hüquqşünas Əsabəli Mustafayev dedi ki, müqavilə hüquqi mənada iki tərəfin könüllü bağladığı bir sənəddir:

"Ona görə də bu nikahı məcbur etmək mümkün deyil. Sadəcə hesab edirəm ki, xarici təcrübəni götürərək sonra maarifləndirmə, məlumatlandırma kampaniyaları vasitəsilə insanları inandırmaq lazımdır ki, buna böyük ehtiyac var. Bizdə vəkillərdə o qədər faktlar var ki. Məsələn, gəlin köçür qayınata evinə və ya kişinin evinə köçür. Boşandıqdan sonra ona qısa müddətdə istifadə hüququ verirlər, uşaqla birlikdə və bir ildən, il yarımdan sonra oranı tərk etməli olur. Yəni digər tərəf heç bir vəzifə, öhdəlik daşımır ki, öz keçmiş yoldaşını, uşaqları evlə təmin etməlidirlər. Digər tərəfdən aliment məsələsində daim məhkəmə mübahisələri gedir, əmlak bölgüsündə ciddi problemlər olur. Bu barədə mətbuat və xüsusilə də televiziya verilişləri maarifləndirmə aparmalıdır. Ailələr barədə, ailədəki konfliktlər barədə o qədər televiziya verilişləri var ki. Daha yaxşı olardı ki, maarifləndirmə, məlumatlandırma xarakteri olardı. Başa salardılar ki, bax, bunu etmək lazımdır. Bizdə belə yanaşırlar ki, əgər bir toydan qabaq tərəflərdən biri deyir ki, nikah müqaviləsi bağlayaq, hesab edirlər ki, bu, gələcək nikahı, birgə yaşayışı sual altına qoyur, şübhə yaradır. Ancaq bu belə deyil, nə də ki, gedib nikah bağlamaq məcburi deyil. Gələcəkdə problem yaranmaması üçün rəsmi nikah lazımdır. Molla nikahı, dini nikah, kilsə nikahı mənəvi əhəmiyyətə malikdir. Ancaq hüquqi müstəvidə mütləq rəsmi nikah, bu rəsmiyyət lazımdır. "Nikah müqaviləsi lazımdır" anlayışı insanların beyninə girməlidir. Çox təəssüf ki, bizdə bu yoxdur, mətbuatda da görmürəm".

Hüquqşünasın sözlərinə görə, mətbuat reallıqları bilərək çox ciddi təbliğat aparmalıdır:

"Bizdə o qədər hüquqi məsələlər var ki, məhz məlumatlandırma, maarifləndirmə hesabına insanlar onu indi sevirlər, riayət edirlər. Məsələn, həm mətbuatda çox getdi ki, maşını etibarnamə ilə almayın, çünki özünüzə mülkiyyət hüququ vermir, problem yaradır. İndi görürsən ki, artıq etibarnamə ilə maşın alqı-satqısı demək olar ki, yoxdur. Ev alqı-satqısı, məsələn, qabaq etibarnamə ilə gedirdi, sonra bu barədə o qədər məlumatlandırma getdi ki, vəziyyət düzəldi. Belə misalları çox çəkmək olar ki, maarifləndirmə hesabına insanlar hüquqi müstəvidə yaşamağı öyrənirlər. Ona görə də mətbuatdan çox şey asılıdır", - deyə Əsabəli Mustafayev vurğuladı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR