Azərbaycanda “Mərkəzləşdirilmiş elektron informasiya sistemi” yaradılır
Prezident İlham Əliyev Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında fərman imzalayıb.
“Report”un xəbərinə görə, fərmanda deyilir ki, vətəndaşlara xidmət göstərilməsində şəffaflığı və operativliyi təmin etmək üçün əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin tam elektronlaşdırılması, müvafiq informasiya sistemlərinin formalaşdırılması, informasiya texnologiyalarının tətbiqi ilə innovativ idarəetmənin təmin edilməsi, korrupsiya, sui-istifadə və süründürməçilik hallarının qarşısının alınması yönündə bir sıra əlavə tədbirlərin görülməsinə zərurət var.
Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemləri əsasında “Mərkəzləşdirilmiş elektron informasiya sistemi” (MEİS) yaradılır.
MEİS-in yaradılmasında məqsəd yuxarıda göstərilən sahələrdə idarəetmə sisteminin təkmilləşdirilməsini, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan bir sıra qurumların fəaliyyətinin səmərəliliyinin artırılmasını təmin etməkdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət