Azərbaycanda koronavirusla bağlı vəziyyət nə yerdədir? - İbrahim Məmmədov açıqladı
“Dünənki və bugünkü rəqəmlər göstərir ki, artıq pozitiv statistika tendensiya halını alıb. Bu, artıq üçüncü mərhələnin başlanması deməkdir”.
Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-nin efirində yayımlanan “Hədəf” verilişində deyib.
“Birinci mərhələ fevralın 28-də ilk yoluxma faktının qeydə alınmasıdır. Fevralın 28-dən aprelin 11-dək, demək olar ki, fasiləsiz neqativ tendensiya var idi, yəni yoluxma artırdı və sağalanların sayı isə az idi. Amma aprelin 12-dən etibarən pozitiv rəqəmlər də görünməyə başladı. Elə günlər oldu ki, sağalananların sayı yoluxanların sayını üstələdi. Pozitivlə neqativ bir-birini əvəzləyərək aprelin 18-dək davam elədi, yəni sabitləşdi", - deyə İ.Məmmədov bildirib.
Nazirlər Kabinentinin sözçüsü vurğulayıb ki, artıq aprelin 19-da pozitiv tendensiya təsdiqlənib (25 yoluxma, 122 sağalma) və demək olar ki, sağalma 5 dəfə yoluxmanı üstələyib: "Bu gün isə sağalma 2 dəfə yoluxmanı üstələyib. Son günlər ard-arda sağalmanın yoluxmanı üstələməsi, həm də bu istiqamətdə fərqin getdikcə böyüməsi bizə onu deməyə əsas verir ki, pozitiv tendensiya artıq özünü təsdiqləyib və biz artıq pozitiv istiqamətdə irəliləməkdəyik”.
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət