Azərbaycanda ilk telefonun çəkildiyi qardaşların evindən
Tarix dərsliklərində Nobel qardaşları barədə oxuyanda ağlıma gəlməzdi ki, nə vaxtsa onların yaşadığı tarixi binada olacağam. Həm də jurnalist kimi...
Sizə “Villa Petrolea” haqqında danışacam. Bura Nobel Qardaşları Neft İstehsal Cəmiyyətinin (Branobel neft şirkətin) mərkəzi hesab olunur. “Villa Petrolea” Bakıda tikilib və Nobel qardaşları burada yaşayıblar.
İqamətgah Bakı Nobel İrsi Fondu tərəfindən bərpa edildikdən sonra Nobel qardaşlarının həyatını işıqlandıran muzey kimi istifadə olunur. Muzeyin adını eşidib, əvvəllər “Qara şəhər” kimi tanınan Ağşəhərə yollandıq.
Qeyd etməliyəm ki, muzeyə giriş pulsuzdur. İqamətgahın həyətinə daxil olanda başa düşdüm ki, içəridə möhtəşəm tarix bizi gözləyir. Bələdçi Namiq Yəhyazadənin verdiyi məlumata görə, bura Branobel tərəfindən şirkətin işçiləri üçün Bakı ətrafında Qara şəhərin sərhədində 10 hektar ərazini əhatə edən yaşayış qəsəbəsidir. Məlumata görə, Nobellər qəsəbədə öz işçiləri üçün evlərlə yanaşı, xəstəxana və məktəblər inşa etdiriblər. Qəsəbədə yerləşən “Villa Petrolea” Nobel qardaşlarının şəxsi iqamətgahı da adlanır.
Bələdçi Namiq Yəhyazadənin bildirdi ki, “Villa Petrolea” 1884-cü ildə inşa edilib və Nobel qardaşlarının İsveçdən kənarda yerləşən yeganə ev muzeyidir. Villa tanınmış isveçli memar Lindval tərəfindən yerli əhəngdaşı və oduncaqdan istifadə edilməklə Vizantiya üslubunda tikilib.
Azərbaycanlı xeyriyyəçi Toğrul Bağırovun 2003-cü ildə yaratdığı Nobel İrsi Fondunun dəstəyi ilə 2004-2007-ci illərdə burada restavrasiya işləri aparılıb. 2008-ci ildən etibarən iqamətgah Nobel qardaşlarının ev muzeyi kimi fəaliyyət göstərir.
136 yaşlı bu tarixi muzey 6 otaqdan ibarətdir. Burada Nobel ailəsinin istifadə etdiyi məişət əşyaları ilə yanaşı, dövrü əks etdirən eksponatlar da yer alır. Evin öz əşyalarından əlavə olaraq Nobellərin Sank-Peterburqdakı və İsveçdəki evlərindən də əşyalar gətirilib.
Verilən məlumata görə, evin dizaynı əvvəlki sahiblərinin dövrünə nisbətən dəyişikliyə məruz qalıb, lakin bəzi hissələr dəqiqliyi ilə yenidən düzəldilib. Onlardan biri elə bu kamendir. Evin interyeri sadə Avropa üslubundadır, ancaq bir otaq xüsusilə Şərq üslubunda dizayn edilib.
Xüsusilə vurğulamalıyam ki, Bakıda və regionda ilk telefon sistemi bu evdə, Aleksandr Bell tərəfindən qurulub. Elə qardaşlar da bu telefon sistemi vasitəsiylə bir-biriləri ilə əlaqə saxlayıblar. Eyni zamanda muzeydə havalandırma sistemi də mövcuddur.
Evdə gəzdiyimiz zaman at fiqurlarının çoxluğu nəzərimizdən qaçmadı. Bələdçinin verdiyi məlumata görə, Nobellər atları çox sevirdilər, hətta at da saxlayırdılar.
“Villa Petrolea” 1920-ci ilədək Nobel qardaşlarının mülkiyyəti olub. Kompleksin peşəkar bərpası nəticəsində onun təmtərağı və Skandinaviya üslubu özünə qayıdıb.
Qeyd edək ki, 17 dekabr 2010-cu ildə “Villa Petrolea” iqamətgahında Lyudviq Nobelin nəticəsi Filip Nobel tərəfindən “Nobel İnternational Fraternity Fund” fondunun əsası qoyulub. Fond Azərbaycanda elmi dəstəkləməyi hədəfləyir.
Məlumat olaraq qeyd edim ki, Nobel Qardaşlarının Azərbaycan tarixində əvəzsiz rolu olub.
Nobel qardaşları Krım müharibəsinə cəlb olunan çar ordusu üçün silah istehsal etməyə başlayırlar. 1873-cü ildə Robert Nobel əvvəlcə Azərbaycana gəlir. O, tüfəng qundağı üçün qoz ağacı axtardığı zaman Lənkərandan Bakıya üz tutur və burada qaynayan Qara şəhəri görür. Robert Bakıda neftlə bağlı geniş biznes imkanları olduğunu hiss edir və qardaşlarını burada şirkət açmağa inandırır.
İsveç vətəndaşı olan Robert Nobel Bakı neftinə sərmayə qoyan ilk əcnəbi idi. 1875-cu ildə Robert, Lüdviq və Alfred qardaşları Bakıda "Tovarişestvo Neftyanoqo Proizvodstva Bratyev Nobel" – Nobel Qardaşları şirkətini yaradırlar. Qısa müddətdə Nobel qardaşları Abşeronun bir sıra neft mədənlərinin sahibi olur, zavodlar alır və xeyli kapitala yiyələnirlər. Onlar Bakı ilə yanaşı Avropa, Çin, Hindistan və İrana neft və neft məhsullarının ixracına dəstək göstəriblər.
Lakin Rusiyada proletar inqilabından sonra bolşeviklər Bakı neftinə can atırdılar. 1920-ci ilin aprel ayında onlar Bakıya daxil olur və neft sənayesini milliləşdirirlər. Nobel qardaşlarının milyonları, əlbəttə ki, batmır. Çünki pullar xarici banklara yatırılırdı. Hazırda həmin pullar "Nobel mükafatı" formasında müxtəlif sahədə mühüm kəşf və ixtiraları olan alimlərə təqdim olunur.
Nobel mükafatının məbləği təxminən 1,3 milyon dollara bərabərdir.
Mənbə: Teleqraf.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət