Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda ilk dəfə olaraq Gədəbəydə Milli Yaylaq Festivalı keçiriləcək

Azərbaycanda ilk dəfə olaraq Gədəbəydə Milli Yaylaq Festivalı keçiriləcək
Sakura

Azərbaycanda ilk dəfə olaraq Gədəbəydə Milli Yaylaq Festivalı keçiriləcək

İyul-avqust ayları ərzində füsunkar gözəlliyi və əsrarəngiz təbiəti ilə görənləri heyran edən Gədəbəydə respublikamızda ilk dəfə olaraq milli-mədəni dəyərlərimizi, tariximizi və bir sıra ənənələrimizi özündə əks etdirən Milli Yaylaq Festivalı keçiriləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həmin aylar ərzində Gədəbəy rayonunun Miskinli yaylağının ərazisində orijinal üslubda “Yaylaq Yurdu” adlı etnoqəsəbənin yaradılacağı nəzərdə tutulub.

Etnoqəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, Cıdır meydanı, Yaylaq (kənd təsərrüfatı) bazarı, Sənətkarlıq guşəsi, “Dədə Qorqud” ocağı (tamaşaçılar üçün səhnə), Yaylaq yatağı ( kənd təsərrüfatı heyvanları üçün yerlər), Pəhləvan meydanı (yarış sahəsi), “Aşıq Ələsgər” ocağı, Yaylaq süfrəsi (yaylaq mətbəxi) və digər tematik sahələr yaradılacaq.

Yaradılacaq etnoqəsəbənin iyul-avqust ayları ərzində turistlər və qonaqlar üçün fəaliyyət göstərəcəyi nəzərdə tutulub. Avqust ayının ilk yarısında etnoqəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı el şənliyi (etnoqrafik-mədəni-idman tədbiri) təşkil ediləcək.

Milli Yaylaq Festivalı şərti olaraq 3 hissədən ibarət olacaq: mədəni-etnoqrafik hissə, milli yaylaq (idman) oyunları və ekoetnoturizm.

Mədəni-etnoqrafik hissədə aşıqların deyişməsi, milli rəqslər (yallılar, cəngilər), xalq mahnıları, səhnələr, tamaşalar, əski xalq oyunları (dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq-aşıq, molla-mindi) təşkil ediləcək, yaylaq mətbəx nümunələri (odun üzərində bişən xörəklər: dovğa, çoban buğlaması, sacüstü kətələr, kabablar və sair) bişiriləcək, qoçların, qurdbasarların (çoban itlərinin) və yerli yorğa atların sərgi-müsabiqəsi keçiriləcək, yaylaq və spesifik kənd təsərrüfatı məhsullarının, müalicəvi dağ bitkilərinin satış-yarmarkası olacaq.

Festival müddətində ölkəmizdə tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq Azərbaycanda yaşayan müxtəlif etnik qrupların (avarlar, molokanlar, talışlar, yəhudilər, ləzgilər və sair) nümayəndələrinin mədəni proqramları və nümunəvi çıxışlarına yer veriləcək.

Milli yaylaq oyunları adlı hissədə Yaylaq (idman) oyunları şərti adı altında qədim tarixə malik yorğa at yarışları, atüstü oyunlar və milli idman növləri üzrə yarışmalar və nümunəvi çıxışlar təşkil olunacaq. Yorğa at yarışları (müxtəlif məsafələrdə və kateqoriyalarda), milli güləş yarışı, çaparaq at yarışları, çoban güləşi (Kəmər güləşi) keçiriləcək.

Bununla yanaşı, atlar üzərində igidlik, atüstü milli oyunlar (Çövkən, Baharbənd, Sürpapaq, Piyalə, Ər endir (atüstü güləş), Gərdək qaçırma, zorxana, kəndirbazlıq, oxatma kimi maraqlı oyun və yarışlar təqdim ediləcək.

Festivalda qonaqlar və turistlər arasında masa (ağacçəkmə) güləşi, Arkan (kəndir) dartma, nərd yarışı, “çuvalqaçdı” kimi kütləvi oyun-yarışmalar təşkil ediləcək.

Festivalın ekoetnoturizm hissəsində turistlər üçün xüsusi etnoqəsəbədə köhnə ənənəvi üslubda düzəldilmiş yurdlarda, dəyələrdə qalmaq imkanı yaradılacaq. “Yaylaq bir gün” adlı hissədə turistlər şərti olaraq XVIII əsrin ənənəvi yaylağına səyahət edəcəklər.

Etnoqrafik ekoqəsəbədə bir gün yaşamaq, inək və ya qoyun (keçi) otarmaq, onları sağmaq, ot biçmək (taya düzəltmək), atlara qulluq etmək, nehrə çalxalamaq, tətbiqi sənətlə məşğul olmaq, milli mətbəx nümunələri bişirmək və qidalanmaq, dəyədə gecələmək və sair kimi şərait yaradılacaq.

Bununla yanaşı, festival iştirakçıları üçün bölgənin məşhur yerlərinə - Koroğlu qalasına, Mahrasa məbədinə, Qız qalasına və digər tarixi məkanlara, maraqlı yerlərə atla gəzintilər, səyahətlər təşkil ediləcək. “Alman izləri” adlı xüsusi ekskursiyalar, habelə ayrı-ayrı məkanlara səyahət üçün imkan yaradılacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR