Slimfit
  1. İQTİSADİYYAT

"Azərbaycanda Google üçün maraqsız olan minlərlə şirkət saytı mövcuddur"

"Azərbaycanda Google üçün maraqsız olan minlərlə şirkət saytı mövcuddur"
Sakura

"Azərbaycanda Google üçün maraqsız olan minlərlə şirkət saytı mövcuddur"

SEO sistem deyil, rəqəmsal strategiyadır.

Azərbaycanda və Gürcüstanda Marketinq və PR istiqamətində fəaliyyətini davam etdirən “Marcom” şirkətinin SEO üzrə mütəxəssisi Tural Rüstəmlinin “Marja.az” portalına müsahibəsi.

-Azərbaycandakı şirkətlərin rəqəmsal marketinqə olan marağı hansı səviyyədədir?

-Bir çox şirkətlərin rəqəmsal marketinqə olan marağı kiçik addımlarla da olsa inkişaf edir. Əvvəl bəzi şirkətlər bir saytım olsun kifayətdir deyirdilərsə, indi bu məsələyə daha ciddi yanaşmağa başlayıblar. Şirkətlər anlayırlar ki, ənənəvi marketinq alətlərinin dövrü bitmək üzrədir və artıq onların müştəriləri demək olar bütün məlumatlarını internetdən əldə edirlər. Bu günün şirkətləri artıq bir müştərinin onlara neçəyə başa gəldiyini hesablamağa başlayıblar. Ənənəvi marketinqdə isə bu mümkün deyildi. Şirkətlər yerləşdirdiyi TV, radio və ya çöl reklamlarının neçə nəfərə göründüyünü və həmin reklam vasitələrindən neçə müştəri qazandığını hesablaya bilmirdilər.

-Yerli bazardakı şirkətlərin saytları SEO optimizasiya şərtlərinə cavab verir mi? Şirkətlər hansı boşluqlara daha çox yol verirlər?

Azərbaycanda google axtarış sistemi üçün maraqsız olan minlərlə sayt mövcuddur. Bu saytların böyük əksəriyyətində mətn, proqramlaşdırma, struktur problemləri var. Düşünün əgər bir şirkətin saytı zəif, kopyalanmış kontentə və aşağı SEO reytinqinə malikdirsə, Google axtarış sistemi üçün həmin şirkətin saytı necə maraqlı ola bilər. Əvvəla qeyd edim ki, SEO sistem deyil, bir rəqəmsal marketinq aləti və strategiyasıdır.

Bir çox şirkətlərin yaralı yeri mətn və saytın strukturudur. Baxırsan ki, 10 ilin şirkətidir amma saytının hər bölməsində 2-3 sətrlik standart cümlələr yazıb. Digər bir tərəfdən şirkətlər saytın yenilənməsi və SEO Optimizasiya üzrə xidmətləri kənar bir şirkətə verəndə, həmin şirkəti öz şirkətlərinin fəaliyyət istiqaməti, fəlsəfəsi, birinci və ikinci dərəcəli xidmət və ya məhsulları ilə yaxından tanış etmirlər. Bu da görülən işin yarımçıq olması ilə nəticələnir. Şirkətlər özlərinə marketinq sahəsində tərəfdaşı belə bir çox hallarda yanlış seçirlər. Sifarişçi rəqəmsal marketinqin müvafiq bölməsi ilə bağlı kifayət qədər məlumatlı olmadığı üçün, bir çox marketinq şirkətləri bunu fürsət bilib həmin şirkəti aldadır. Nəticədə sifarişçi şirkət geri düşür, icraçı şirkət isə digər marketinq şirkətlərinin və sektorun adına kölgə salır.

-Google Axtarış sisteminin yeni alqoritmi SEO-nu artıq databazadan götürür. Bu yerli şirkətlərin saytında özünü necə göstərir?

-Bir sıra xəbərlərdə yazılır ki, daha çox tələbat Black Hat SEO istiqamətindədir. Black Hat SEO saytın Google tərəfindən qadağan edilmiş üsullarla ön sıralara çəkilməsi üsuludur. Avropa ölkələrində həddindən artıq çox istifadə edildiyinə görə minlərlə sayt Google tərəfindən bloklanıb. Google tərəfindən rəsmi açıqlama hələ ki, gəlməsə də, 2019-cu ildə Google-un Black Hat SEO-dan istifadəni məhdudlaşdırmaq məqsədi ilə məlumatları SQL baza ilə sinxronlaşdıracağı gözlənilir. Bu halda yazılan açar sözlər, başlıqlar Google bot tərəfindən nəinki sadəcə araşdırılacaq, hətta bu açar söz və başlıqlar dəqiqləşdiriləcək. Düşünürəm ki, belə olarsa, Azərbaycanda da saytların 70%-dən çoxu Google tərəfindən bloklana və yaxud axtarış nəticələrində alt sıralara çəkilə bilər.

 

-SEO Optimizasiyanın doğru qurulması şirkətlərə pul qazandıra bilərmi? Dünyada bu proses necədir?

-Düzgün rəqəmsal marketinq strategiyası quran şirkətlər SEO-dakı son dəyişikliklər ilə ayaqlaşaraq onlaynda öz imiclərini möhkəmləndirə və veb saytlarının etibarlılığını artıra bilərlər. SEO Optimizasiya strategiyası başlanğıcda xərc tələb etsə də, ayrılan vəsait düzgün idarə edildiyi təqdirdə uzun müddətli yaxşı nəticələr göstərə və şirkətin ödənişli reklamlara ayrılmış vəsaitlərinə qənaət etməyə kömək edir. Təbii ki, bu şirkətin əməkdaşlıq etdiyi marketinq şirkətindən asılıdır. Xarici ölkələrdə SEO optimizasiya xidməti şirkətlərə və sərbəst olaraq çalışan insanlara kifayət qədər gəlir gətirir. Bu sahədə elə insanlar və şirkətlər var ki, hər saatına görə təqribən 40 - 80 dollar aralığında gəlir əldə edirlər. Adwords ilə müqayisədə SEO optimizasiya pulsuz olduğuna görə şirkətlərə əhəmiyyətli dərəcədə gəlir qazandırır. Nəzərə alsaq ki, 10 dollarlıq Google Adwords reklamı 1000 istifadəçiyə görünürsə, bu proses SEO-da ödənişsiz olaraq baş tutur. Hədəfə çatdıqda isə (100.000 istifadəçi) bir şirkətin 10.000$ xərcləməsinin qarşısı alınmış olur.

Bu prosesin doğru qurulması üçün də SEO optimizasiyanın nə olduğunu doğru bilmək mütləqdir. Şirkətlər anlamalıdır ki, SEO tək başına satış edə bilməz. İstifadəçilərin məmnuniyyəti yoxdursa, onların sayta gəlməsi və yaxud saytın trafikinin yüksək olmasını gözləmək məntiqsizdir. Bütün komponentlər bir vəhdət təşkil etməlidir. SEO optimizasiya bir neçə günlük bir proses deyil. Saytın vəziyyətini yaxşılaşdırmaq üçün aylarla vaxt tələb olunur və bu müddətdə ərzində sayt üzərində daima iş aparılır.

-Azərbaycanda SEO Optimizasiya xidmətini peşəkar səviyyədə icra edə bilər şirkət və ya fərdi şəxslər varmı? Şirkətlərə hansı tərəflə işləmək effektiv və təhlükəsiz olar?

-Bu sahə üzrə təcrübəli şirkət də var, müştərinin sahə üzrə biliyinin olmamasından istifadə edib onu aldadan fərdi şəxslər də. SEO optimizasiya xidmətinin hansı tərəflə işləməsi məsələsi şirkətin fəaliyyət istiqamətinə və maddi vəziyyətinə bağlıdır. Elə sahələr var ki, orada SEO Optimizasiya xidmətini etmək üçün komanda tələb olunur. Məsələn daşınmaz əmlak sektorunda SEO analiz xidməti həyata keçirmək üçün ortalama araşdırılacaq açar sözlərin sayı 300-ü keçir. Bu qədər açar sözü tək bir şəxsin analiz etməsi həm uzun zaman alacaq, həm də şirkət saytının müvafiq texniki girişlərini tanımadığı bir şəxsə vermiş olacaq. Bu isə həm təhlükəsizlik, həm də tərəflər arasında yazılı müqavilə olmaması baxımından yanlışdır. 

Elə hallar da olur ki, şirkət SEO Optimizasiya xidmətindən faydalanmaq istəyir lakin onun saytını yığan digər bir şirkət proqramlaşdırma zamanı yol verdiyi səhvlər optimizasiya işini görməyə mane olur. Belə olduğu halda sifarişçi şirkət çıxılmaz vəziyyətdə qalır və məcburən SEO Optimizasiya xidmətindən imtina etməli olur. SEO Optimizasiya xidməti sifariş edən şirkətlərə tövsiyyə etmək istərdim ki, fərdi şəxslərlə çalışdıqları təqdirdə həmin şəxsin birgə çalışdığı təcrübəli proqramçısının olub olmamasını yoxlasınlar. Çünki proqramlaşdırma zamanı yol verilmiş səhvləri aradan qaldırmaq üçün təcrübəli proqramçı ilə birgə işləmək məsləhətdir. Əks halda effektivlik gözləniləndən aşağı olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR