Slimfit
  1. TEXNOLOGİYA

Azərbaycanda dronlardan istifadə niyə geniş yayılmayıb?

Azərbaycanda dronlardan istifadə niyə geniş yayılmayıb?
Sakura

Azərbaycanda dronlardan istifadə niyə geniş yayılmayıb?

Müşahidələr göstərir ki, Azərbaycanda pilotsuz uçuş aparatlarından (PUA) - dronlardan istifadə geniş yayılmayıb. Halbuki, bir sıra ölkələrdə dronlar insanların həyatının az qala ayrılmaz hissəsinə çevrilib. Müxtəlif dövlət və özəl qurumlar PUA-ların imkanlarından geniş faydalanır, bəzən isə onları uşaqlara hədiyyə kimi alıb-verirlər. Bəs Azərbaycanda dron istifadə etmək niyə müşkülə çevrilib və ümumiyyətlə, çətindirmi?

Ens.az xəbər verir ki, "Report" bu məsələyə aydınlıq gətirməyə çalışıb. 

Dron istifadəsinin rəsmi prosedurları

Azərbaycanda dronlardan istifadə etmək istəyən şəxslər həmin aparatların dövriyyəsinə dair xüsusi icazə almalıdırlar. Bu icazəni isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Mülki Aviasiya Agentliyi həm fiziki, həm də hüquqi şəxslərə verir. Amma bunun üçün ilk növbədə Nazirliyə ərizə ilə və yaxud elektron qaydada müraciət ünvanlamaq, bir sıra sənədlər təqdim etmək lazımdır. Məsələn, ərizəçi fiziki şəxsdirsə, şəxsiyyət vəsiqəsindəki məlumatları, hüquqi şəxsdirsə, dövlət qeydiyyatı ilə bağlı məlumatları təqdim etməlidir. Amma bunlardan da vacibi PUA-nın texniki xüsusiyyətlərini əks etdirən sənəd və məlumatlar, onun fotoşəkilləri, aidiyyəti dövlət orqanlarının rəyləridir. Yalnız bunlar təqdim olunduqdan sonra PUA sahibinə xüsusi icazə verilir. Bu icazəni aldıqdan sonra isə şəxs dronun qeydiyyatı üçün müraciət etməlidir. 

"Azərbaycanda dronlarla bağlı yanaşma yanlışdır"

Bununla belə, mütəxəssislər hesab edir ki, Azərbaycana dron gətirmək və ondan istifadə etmək elə də asan deyil. İqtisadçı-ekspert Rəşad Həsənov bu prosesin düzgün təşkil edilmədiyi qənaətindədir: “Müasir iqtisadiyyat innovasiya eko-sisteminin üzərində qurulur. Azərbaycanda isə belə deyil. Dronlarla bağlı yanaşma yanlışdır və bu, iqtisadi inkişafı əngəlləməklə makroiqtisadi göstəricilərin lazımi səviyyəyə yüksəlməsinə imkan vermir, sənayenin, kənd təsərrüfatının inkişafına, insanların fərdi təşəbbüslərinin reallaşmasına mane olur". 

Onun sözlərinə görə, dronlarla bağlı qanunvericiliyi maksimum sadələşdirmək, PUA-ları sərbəst dövriyyəsi olan texnoloji alətlərə çevirmək lazımdır: "Dronların hansısa formada qeydiyyatının aparılması, onlara nəzarət edilməsi elə də vacib deyil. Qanunvericilik liberal olmalı, PUA-ların iqtisadiyyatın müxtəlif sektorlarında geniş istifadəsinə şərait yaradılmalıdır. Bu dərəcədə qapalı mühit orta və uzunmüddətli dövrdə Azərbaycanda yeni fəaliyyət sahələrinin təşəkkül tapmasına imkan vermir. Hazırda hətta dronların müvəqqəti ölkəyə gətirilməsində problemlər var. Film çəkilişi ilə bağlı truppalar Azərbaycana gələndə xüsusi icazə alınmalıdır. Bu özü də müəyyən çətinliklər yaradır. Halbuki, digər ölkələrdə ailə təsərrüfatlarının dronlardan istifadə etmək imkanları var. Yeni nəsil texnologiyalarla bağlı hər bir dövlət qurumu işini görməlidir. Məhdudiyyətlərin tətbiqi isə düzgün deyil, hər zaman asan yolu seçirlər. Bir məhsul müəyyən bir risk yarada bilər. Əslində həmin qurumlar öz fəaliyyətlərini təkmilləşdirərək qeyri-qanuni təşəbbüslərin qarşısını almağa cəhd göstərməlidirlər". 

"Dron istehsalına keçməliyik"

İqtisadçı-ekspert Elşad Quliyev isə dövlətin dronlardan istifadəsini qismən doğru hesab edir, lakin onun fikrincə, icazə proseduru bir qədər sadə olmalıdır: "Müasir iqtisadiyyatda dronların rolu getdikcə artar və bu tendensiya davam edəcək. Dronlar kifayət qədər mürəkkəb texniki cihazlardır. Onların istifadəsi ilə bağlı müvafiq icazələrin alınması zəruri ola bilər. Dövlətin dronların ölkəyə gətirilməsinə və onlardan istifadəyə müəyyən məhdudiyyətlərin qoyması anlaşılandır. Lakin burda da müəyyən şəffaf mexanizmlər tətbiq edilməlidir. Müasir iqtisadiyyatı bu tip cihazsiz təsəvvür etmək mümkün deyil. Azərbaycanda hətta dron istehsalına investisiya yatırmalıdır, bu məhsulun istehsalına keçməliyik”.

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR