Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda dağ-mədən sənayesinin yeni perspektivləri

Azərbaycanda dağ-mədən sənayesinin yeni perspektivləri
Sakura

Prezidentin Sərəncamı ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması Azərbaycan dağ-mədən sənayesi…

2015-ci ilin 11 fevralında Prezidentin Sərəncamı ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması Azərbaycan dağ-mədən sənayesi üçün yeni perspektivlər yaradıb. 2016-cı ildə dövlət qeydiyyatını keçərək Cəmiyyət qızılın hasilatına, 2017-ci ildən etibarən isə ixracına başlayıb.

Qısa müddət ərzində “AzerGold” QSC qızılın ixracında əhəmiyyətli artıma nail olmaqla qeyri-neft sektorunun sənaye məhsullarının ixracında lider mövqelərə yüksəlib. Belə ki, 2017-ci ilin yekunlarına əsasən dəyər ifadəsində qızılın ixracının 61,6%, ölkənin ümumi qeyri-neft ixracının 5% “AzerGold” QSC-nin payına düşüb.

Qeyd edək ki, “AzerGold” QSC-nin fəaliyyəti qızılın hasilatı və ixracının artımına da əhəmiyyətli təsirini göstərib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2017-ci ildə hasil olunan qiymətli metalın ümumi həcmi 2016-cı ilə nisbətən 3,4 dəfə artıb.

Əlvan metalların hasilatında qeydə alınan nəzərəçarpacaq artım ixracda da öz əksini tapıb. Belə ki, 2017-ci ilin yekunlarına əsasən bu kateqoriya üzrə ixrac 2016-cı ilə nisbətən 83% artıb. İqtisadi islahatların təhlili və kommunikasiya mərkəzinin rəqəmlərinə əsasən 2017-ci ilin birinci yarımilliyi ilə müqayisədə cari ilin yanvar-iyun aylarında qızıl ixracının təqribən 19% çoxalması, bu il də qiymətli metalların ixracında artımın davam etməsinə dəlalət edir.

 

Mövcud tendensiyalar, o cümlədən “AzerGold” QSC-nin yaxın 12 il üçün nəzərdə tutduğu işlər, dağ-mədən sənayesi qarşısında yeni perspektivlərin açıldığı fikrini bir daha təsdiq edir. “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında çıxışı zamanı yaxın 12 ildə Çovdar filiz emalı sahəsinin oksid və sulfid fazasının, həmçinin Filizçay yatağının istismarı nəticəsində 3,7 milyard manat gəlirin əldə olunmasını və 2 mindən çox yeni iş yerinin açılmasını proqnozlaşdırmışdı. Bu proqnoz göstəricilərin yaxın illərdə daha da artacağı ehtimalı çox yüksəkdir. Belə ki, Balakən rayonu ərazisində yerləşən digər yataqda - Mazımçayda ehtiyatların təsdiqi məqsədi ilə buruq-qazma işləri aparılır. Naxçıvan Muxtar Respublikasında yerləşən Ortakənd sahəsində aparılan kompleks geofiziki tədqiqatlar nəticəsində mis, qızıl və digər əlvan metallar üzrə ilkin müsbət təzahürlər qeydə alınıb. Bu sahədə buruq-qazma işlərinin icrası və ehtiyatların hesablanması işlərinə başlanılıb.

Bundan əlavə, yeni yataqların aşkar edilməsi məqsədi ilə ölkə ərazisində kəşfiyyat işləri davam etdirilir. Cari ilin birinci yarısında Göygöl inzibati rayonunda aparılan kəşfiyyat işləri zamanı Ağyoxuş perspektivli qızıl filizi sahəsi kəşf edilib. Bu sahədə 2018-ci ilin sonunadək buruq-qazma işlərinin icrası və ehtiyatların hesablanması planlaşdırılıb. Eyni zamanda, Tülallar perspektivli qızıl filizi yatağının mövcud ehtiyatlarının təsdiq edilməsi və növbəti addım olaraq tədqiqat işlərinin başlanması məqsədilə yataq üzrə ilkin fəaliyyət planı tərtib edilib.

Ümumilikdə, “AzerGold” QSC Prezidentin 11 fevral 2015-ci il tarixli Sərəncamından irəli gələn tapşırıqların yerinə yetirilməsi, mövcud perspektivli əlvan metal yataqlarının işlənilməsi və istismara verilməsində kompleks yanaşma tətbiq etmək niyyətindədir. Bu məqsədlə “AzerGold” QSC Yol Xəritəsi sənədinin hazırlanmasına başlayıb. Adıçəkilən sənəd sovet dönəmindən arxivlərdə mövcud məlumatların müasir standartlara uyğunlaşdırılmasını, o cümlədən rəqəmsal formata salınmasını, mineral ehtiyatların beynəlxalq normalar əsasında yenidən hesablanmasını, mədənlər üçün istismar mərhələləri üzrə fəaliyyət planının hazırlanmasını əks etdirəcək.

Beləliklə, “AzerGold” QSC-nin yaradılması qiymətli metalların ixracının artımı ilə yanaşı, dağ-mədən sənayesinin uzunmüddətli inkişafı üçün də münbit şərait yaradıb.

 

 

Mənbə: Trend.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR