Azərbaycanda bu sahədə rekord qeydə alındı - Ekspert
Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri üzrə əldə etdiyi nəticələr ölkəmizdə həyata keçirilən dərinləşdirilmiş islahatların ilkin bəhrəsidir.
Bu sözləri Axar.az-a açıqlamasında ekspert Elçin Mirzəbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədən danışarkən deyib. O qeyd edib ki, dövlət başçısı müşavirədə qarşıya qoyulan vəzifələrin icra edildiyini, ölkəmizin inamla inkişaf etdiyini və müsbət dinamika alan ümumi iqtisadi vəziyyətin rəqəmlərdə əks olunduğunu bir daha bəyan edib:
“Prezident İlham Əliyev qeyd etdi ki, bu ilin altı ayında iqtisadiyyatımız 2,4 faiz artıb. Bu göstərici MDB məkanında ən yüksək göstəricilərdən biridir. Məsələn, bu ilin altı ayında Rusiya iqtisadiyyatında 0,6 faiz, Ukrayna iqtisadiyyatında 1,2 faiz, Belarus iqtisadiyyatında isə 1 faiz artım olub. Qeyri-neft sənayesinin inkişafında isə Azərbaycan daha geniş arealda, neft ixrac edən ölkələrin sırasında liderliyini qoruyub saxlayır. Belə ki, bu ilin 6 ayında ölkəmizin qeyri-neft sənayesindəki artım 15,7 faiz təşkil edib. Prezidentin dediyi kimi, sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir”.
O bildirib ki, Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməsi sayəsində xalqın sosial rifahı günü-gündən yaxşılaşır:
“İqtisadiyyatımızın inkişafında nəzərə çarpan dinamika sübuta yetirir ki, 2019-cu ilin sonunda bu göstəricilər daha da yüksək olacaq. Həmçinin, ölkə iqtisadiyyatının inkişafında nəzərə çarpan ən önəmli məqamlardan biri də ticarət dövriyyəsinin 20 faizdən çox artmasıdır. Xüsusi olaraq qeyd olunmalıdır ki, Azərbaycan iqtisadiyyatının ən müxtəlif sahələrində baş verən irəliləyişlər ölkəmizdə vətəndaşların sosial rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı sosial layihələrin fonunda baş verib. Bu, çox mühüm faktordur. Yəni Azərbaycan əldə etdiyi gəlirlərin əhəmiyyətli hissəsini vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına sərf edib. Minimum əmək haqları, pensiyalar, təqaüdlər artırılıb. Şəhid ailələrinin, müharibə veteranlarının, qaçqın və məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması, onların layiqli həyat sürmələrinin təmin edilməsi istiqamətində çox mühüm addımlar atılıb”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət