Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda boşanmalara qarşı dövlət proqramı varmı?

Azərbaycanda boşanmalara qarşı dövlət proqramı varmı?
Sakura

Azərbaycanda boşanmalara qarşı dövlət proqramı varmı?

Son zamanlar boşanma sayının artması ilə bağlı bir sıra qurumlar, ictimaiyyətdə müəyyən mövqeyə sahib olan insanlar həyəcan siqnalı çalır, bunun qarşısının alınması istiqamətində müəyyən təkliflər irəli sürürlər.

Əksər boşanmaların, xüsusən də gənc ailələrin dağılmasına səbəb əsasən kənar müdaxilələr, qayınana obrazı olur.

Xüsusən də kənd yerlərində qayınanalar gəlinə qarşı xüsusi amansızlıq nümayiş etdirir, onu ən ağır işlərdə işlədir. Nəticədə isə gəlin ya evdən qaçır, ya da boşanır. Əksər oğlan övladları anasının sözündən çıxa bilmədiyi üçün analarının həyat yoldaşlarına qarşı olan amansız münasibətinə göz yumur, “o, böyükdür, anamdır” deyərək haqq qazandırır. Nəticədə ailə dağıldıqda isə qayınana “mənim qayınanam da mənə zülüm vermişdi, mən dözdüm, getmədim, indiki qızlar ailə nədir, bilmirlər” deyərək özünə haqq qazandırır.

Elə ailələr də var ki, bura yalnız qayınana deyil, eyni zamanda, qayınata, baldız, bibi, xala da müdaxilə edir. Evdə gəlinə lazımsız bir əşya və ya qulluqçu gözü ilə baxılır. Təəssüflə qeyd etməliyik ki, bu cür münasibət daha çox cahillikdən irəli gəlir. Heç bir dünyagörüşü, savadı olmayan qadın özünə qarşı gördüyü qəddarlıqları gəlininə qarşı da tətbiq edir. Sanki ona edilənlərin, illərin əzab-əziyyətini, qisasını günahsız bir gəlindən çıxır. Düzdür, ailəsi dağılmasın, övladları təktərəfli böyüməsin deyə, bütün haqsızlıqlara, əzab-əziyyətlərə dözüb susan gəlinlər də var. Ancaq bu cür ailələrdə nəticə bəzən daha ağır olur, hətta cinayətə qədər gəlib çatır.

Maraqlıdır, bəs bu neqativ halların, boşanmaların qarşısını almaq üçün hansısa bir dövlət proqramı varmı? 

Deputat Fazil Mustafa boşanmalarla bağlı dövlət proqramının olmadığını dedi: “Bu, yalnız ailə məsələsi deyil. Bu, cəmiyyətdə iqtisadi inkişaf, sosial vəziyyət, sosial şərtlər və başqa məsələlərlə həmahəngliyi ilə davam edən bir məsələdir. Birinci növbədə ailə institutunun dağılmasının səbəbi sosial səbəblərdir. İlk növbədə iş yerlərinin, məşğulluğun aşağı səviyyədə olması, ailənin gəlir səviyyəsinin xeyli aşağı düşməsi istər-istəməz ailədə əsəbi atmosfer mühiti yaranmasına əsas gətirən səbəblərdən biridir. İkinci, cəmiyyətdə əxlaqsızlıq tendensiyasının kifayət qədər genişlənməsidir və buna qarşı mübarizənin də effektinin olmamasıdır. Bir çox hallarda bunun özü də sosial şərtlərdə xarakterizə olunur. Çünki dolanışıq imkanı olmayan insanların çox vaxt bu fəaliyyətə yönəldiyinin şahidi oluruq.

Yaşam şərtləri ağırlaşdıqda insanların bu cür həyat tərzi seçməsi ailə institutunun dağılmasının əsas səbəblərindən biridir. Digər tərəfdən də bu məsələ ilə, ailə dəyərləri ilə bağlı təbliğatın aşağı səviyyədə olmasıdır. Bu da öz mənfi təsirini göstərir. Bu baxımdan mənzil çatışmazlığı, yaşam standartlarının aşağı olması ailə institutuna təsir edir. Əslində, bununla bağlı xüsusi proqram qəbul olunmalıdır. Çünki belə bir proqram, xüsusilə də gənclərin inkişafı və başqa məsələlərlə bağlı proqramlar konkret olaraq problemin çözümünə yönəlik praktik bir variantlar çox vaxt nəzərdə tutulmur. Ona görə də ipoteka işləri müəyyən mənada ailələrin işini yüngülləşdirmək üçün nəzərdə tutulmuşdu. Amma 8 faizlik ödəniş ailəni, əslində, daha böyük sıxıntı içinə salmış oldu. Yəni mənzil alırlar, amma ödəyə bilmirlər. Sosial evlərin tikintisi ilə bağlı məsələ qoyulub. Əgər orada da eyni problemlər qalsa, yəni ödəniş faizləri yüksək olsa, yenə də bu, problemin həlli kimi başa düşülməyəcək. Çox komponentlər var ki, bu məsələnin əsas səbəbidir, bunun qarşısını almaq bütövlükdə kompleks məsələlərin həllindən keçir”.

Anaların öz övladlarının ailəsini dağıdacaq qədər qəddar olmalarına gəlincə isə, psixoloq Azad İsazadə bildirdi ki, kişilər çox vaxt haqlı və ya haqsız olmasına baxmayaraq, anasının tərəfini saxlayır: “Bu problem həmişə olub. Məişət zorakılığının kökündə çox vaxt bir evin içində xanımlar arasında olan münaqişə dayanır. Kişi, yəni ər anası ilə həyat yoldaşı arasında seçim etməli olur. Çox vaxt oğul anasının tərəfini saxlayır. Sözsüz ki, burada psixoloji amil var, həmçinin bunu haradasa ananın oğlunu gəlinə qısqanması kimi də qəbul etmək olar.

İlk sevdiyimiz qadın, sözsüz ki, anamızdır. Gözümüzü açandan anamızı görürük və onu həyat kimi sevirik. Zaman keçəndən, böyüyəndən sonra ailə qurmaq lazım olanda ikinci sevdiyimiz qadın, bizə yaxın olan qadın həyat yoldaşımız olur. Burada istər-istəməz konflikt yaranır. Birinci sevdiyimiz qadın – ana öz mövqeyini itirmək istəmir, ikinci qadın isə tərsinə olaraq öz mövqeyini bərkidir və hansısa hüquqlarını almaq istəyir. Münaqişənin kökü çox vaxt burada olur. Savad, mədəniyyət nə qədər çoxdursa, münaqişə də bir o qədər yumşaq keçir. Amma münaqişə həmişə var. Sadəcə olaraq, çox vaxt bu münaqişə psixoloji səviyyədə qalır. Amma biz görürük ki, psixoloji səviyyədən fiziki təzyiqlərə də, işgəncələrə, alçalmalara da keçə bilər. Bu da ailənin dağılmasına, boşanmalara gətirib çıxarır.

Reallıqda heç bir qayınana boynuna almaz ki, oğlunu gəlininə qısqanır. Sadəcə, öz davranışına haqq qazandırmaq üçün deyir ki, mənim də qayınanam mənə qarşı belə olub. Mən bu yolu keçmişəm, sən də keç. Uşaqları da döyəndə biz özümüzə haqq qazandırmaq üçün deyirik ki, bizi də dədəmiz döyüb, belə tərbiyə edib. Vaxtilə babam nənəmi, atam anamı döyüb, mən də öz həyat yoldaşımı döyürəm. Hansısa mənfi hərəkətlər tarixdə adət-ənənə halını aldığı üçün bu gün bəzi insanlar bunu təkrar edir. Bu, çox yanlış bir düşüncədir”

Mənbə: Gencaile

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR