Azərbaycanda bələdiyyə seçkiləri ilə əlaqədar 1000 məntəqədə veb-kamera quraşdırılıb
“Artıq neçənci seçkilərdir ki, veb-kamera praktikasından istifadə olunur. Azərbaycanda məntəqələrin təxminən 20 faizə qədərində, yəni, 1000 məntəqədə veb-kamera quraşdırılıb”.
APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
MSK sədri qeyd edib ki, veb-kamera qurulan məntəqələr Azərbaycanın bütün ərazisini əhatə edir: "Veb-kameralara daxil olmaq isə çox sadədir. Heç bir icazə tələb olunmur. İstənilən vətəndaş MSK-nın rəsmi saytına daxil olmaqla 1000 məntəqədə səsvermə günü səsvermənin gedişini izləyə bilər”.
M. Pənahov bildirib ki, Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində 13 siyasi partiya iştirak edəcək: “Həmin partiyadan olan müşahidəçilər də seçkinin gedişatını izləyə biləcək. Bundan əlavə, müşahidə aparmaq arzusunda olan vətəndaşlarımız da seçkini müşahidə edəcək. Veb-kameraların digər üstünlüyü isə ondan ibarətdir ki, seçkini izləmək üçün Azərbaycana gəlməyə ehtiyac yoxdur. Yer kürəsinin harasında olmasından asılı olmayaraq istənilən insan Azərbaycanda keçiriləcək seçkiləri izləyə biləcək. Bu, demokratik ölkələrin seçki praktikasında da qəbul olunur. Həmçinin seçkiləri izləmək üçün 60 minə yaxın müşahidəçi var. Azərbaycanda seçkilərin şəffaf və azad keçirilməsinə bütün şərait yaradılıb”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət