Slimfit
  1. AVTO VƏ MOTO

Azərbaycanda bahalı avtomobillərin satış imkanları azalıb

Azərbaycanda bahalı avtomobillərin satış imkanları azalıb
Sakura

Azərbaycanda bahalı avtomobillərin satış imkanları azalıb

 2018-ci ilin yanvar-avqust aylarında Azərbaycana xaricdən gətirilmiş avtomobillərin sayı (14 034 ədəd) 2017-ci ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə, 2016-cı ilin ilk 8 ayına nisbətən isə 4,1 dəfə çoxdur. Bununla belə, avtomobil idxalı 2015-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 33,6%, 2014-cü ilin ilk 8 ayına nisbətən 67,6%, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 79,1% azdır. Başqa sözlə, son 5 ildə Azərbaycan avtomobil idxalını 5 dəfəyə yaxın azaldıb.

“Report”un analitik qrupu bildirir ki, azalma bir neçə səbəblə bağlıdır. İlk növbədə, bu illər ərzində Azərbaycan manatı dəyərini 2 dəfədən çox itirib, o cümlədən 2015-ci ildə 2 dəfə kəskin devalvasiya olub. Yəni xarici valyuta ilə alınan maşınlar milli valyuta ilə ifadədə 2 dəfədən çox bahalaşıb. Bu isə idxalın həcminə təsir etməyə bilməz.

Bundan başqa, Azərbaycan hökuməti 2014-cü ilin aprel ayından “Avro-4” ekoloji standartına cavab verməyən avtomobillərin ölkəyə gətirilməsinə icazə vermir. Bu isə istər-istəməz idxalın həcmini azaldıb.

Həmçinin bu ilin əvvəlindən Azərbaycana xaricdən gətirilən və istehsal tarixi 1 ilə qədər olan avtomobillərin mühərrikinin hər kubsantimetrinə görə gömrük rüsumu 0,4 dollardan 0,7 dollara, istehsal tarixi 1 ildən çox olan avtomobillərin mühərrikinin hər kubsantimetrinə görə gömrük rüsumu isə 0,7 dollardan 1,2 dollara qaldırılıb. Təbii ki, rüsumların artırılması nəqliyyat vasitələrinin bahalaşması deməkdir. Bu da maşınlara tələbatı və avtomotik olaraq onların idxalını azaldır.

Sadalanan amillər onu deməyə əsas verir ki, artıq Azərbaycanda “Ferrari”, “Lamborghini”, “Bentley”, “Masserati” kimi bahalı avtomobillərin satış imkanları azalıb. Ölkə ucuz avtomobil dövrünə qədəm qoyub və bazarda orta sinfə uyğun nəqliyyat vasitələrinə tələbat getdikcə artacaq, əhalinin, təxminən, 80%-i ucuz maşın sürməyə üstülük verəcək. Bu isə avtomobillərə olan tələbatın daha çox yerli istehsal, qismən isə Şərqi Asiya ölkələrindən gətirilən ucuz nəqliyyat vasitələri hesabına ödənilməsini stimullaşdırır. İndiyə qədər ölkədəki avtomobil zavodlarında “Lifan”, “Renault”, “Samand”, “Otosan” kim ucuz avtomobil markalarının müxtəlif modelləri yığılıb. Bu ilin əvvəlindən isə Neftçala Sənaye Məhəlləsində “Xəzər” (Khazar) adlı milli avtomobil modelinin yığımı həyata keçirilir. Yeni model orta sinif alıcı təbəqəsinə hesablanıb. Yerli istehsalla yanaşı, əhalinin tələbatını Çin, Cənubi Koreya və Yaponiya istehsalı olan ucuz maşınlar da ödəyə bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR