Azərbaycanda avtomobil yollarında icazə verilən sürət həddi optimallaşdırılacaq
Azərbaycanda avtomobil yollarında icazə verilən sürət həddi optimallaşdırılacaq.Yeniavaz.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda deyilir.
Sənədə əsasən, yaşayış məntəqələri daxilində nəqliyyat vasitələrinin sürət həddinin küçə-yol şəbəkəsinin xüsusiyyətlərinə uyğun optimallaşdırılması, digər avtomobil yollarında nəqliyyat vasitələri üçün sürət həddi normalarına yenidən baxılması nəzərdə tutulur. Proqrama əsasən, təhlükə doğurmayan bəzi yollarda sürət həddi artırılacaq, qəzaların tez-tez baş verdiyi, təhlükəli hesab olunan bəzi yollarda isə araşdırmalardan sonra sürət həddi aşağı salınacaq.
Təhlükəli yol sahələrində sürət həddi meyarlarının qanunvericilikdə təsbit edilməsi, avtomobil yollarının kateqoriyasını və təhlükəsizlik səviyyəsini nəzərə almaqla sürət həddində dəyişiklik olacaq.
Proqramda qeyd olunur ki, təhlükəli yol sahələrində müəyyən edilmiş sürət həddini aşmaları barədə sürücülərin xəbərdar edilməsi məqsədilə xüsusi elektron məlumat tabloları da yerləşdiriləcək, onların sayı artırılacaq.
Bundan başqa, sürət həddinə nəzarət edən xüsusi texniki vasitələrin səmərəliliyinin təhlilini aparmaqla, onların yollarda dislokasiyasının və sayının optimallaşdırılması, həmin vasitələrin sürət həddini aşmanın daha təhlükəli olduğu yol sahələrində quraşdırılması da nəzərdə tutulur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət