Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda aktiv turizm – su əyləncələri, at belində gəzintilər və ovçuluq

Azərbaycanda aktiv turizm – su əyləncələri, at belində gəzintilər və ovçuluq
Sakura

Azərbaycanda aktiv turizm – su əyləncələri, at belində gəzintilər və ovçuluq

Azərbaycanda suda və quruda aktiv turizmin at belində gəzintilər, raftinq, dayvinq, kaytserfinq, deltaplanerizm və digər geniş yayılmış növləri var. Siz bunlardan özünüzə uyğun olanını seçə bilərsiniz.

Suda əyləncələr

Azərbaycanda mayda başlayan və sentyabrın sonunadək davam edən çimərlik mövsümündə dəniz istirahətinin bütün növlərindən zövq almaq üçün əlverişli imkan mövcuddur. Dayvinq, kaytserfinq, skuter sürmək və digər aktiv su istirahəti növləri ölkəmizdə geniş yayılıb. Çoxlu sayda bol sulu və kiçik çaylarda raftinq və kayakinq kimi su əyləncələri üçün gözəl şərait var.

Aktiv su istirahətindən müsbət emosiyalar almaq üçün heç də peşəkar idmançı olmaq lazım deyil, sadəcə üzməyi bacarmaq, minimal fiziki hazırlıq və yeniliyi hiss etmək həvəsi kifayətdir.

Raftinq

Raftinq rəvan axan sulardakı sakitliyin qısa müddətdə gur axınla mübarızəyə keçməsi ilə qeyri-adi emosiyalar yaşadan heyrətamiz aktiv istirahət növüdür.

Azərbaycanın bölgələrində raftinqlə məşğul olmaq üçün çoxlu sayda gur axını olan dağ çayları var. Bir çox turizm agentlikləri, məsələn “Improtex Travel” bu sahədə müxtəlif turlar təklif edir.

Dayvinq

Aktiv istirahətin ən əyləncəli növlərindən bir olan dayvinq zəngin flora və faunaya malik Xəzər dənizinin dibinə dalma zamanı xüsusilə maraqlı olur.

İlk dalma zamanı turistlərə təlimatçının rəhbərliyi ilə tanışlıq xarakterli ekskursiya təklif olunur. Uzunmüddətli və ciddi dalmalar üçün təcrübə və təlimin olması lazımdır. Ətraflı məlumat üçün “FAIREX” assosiasiyasına, “Delfin”, “Gilavar” klublarına müraciət etmək olar.

Hidrosikl

Akvabayk, yaxud hidrosikl adı ilə təqdim olunan su motosikleti Azərbaycanda yay mövsümündə dənizdə ən geniş yayılmış əyləncə vasitəsidir. Geniş sahil xətti, çoxlu çayı və gölləri olan ölkəmizdə bu universal su nəqliyyatından həm rahat istirahət həvəskarları, həm də ekstremal turizmi sevənlər istifadə edə bilərlər.

Yayda Abşeronun və Nabranın bir çox çimərliklərində hidrosikl kirayələmək olar. Yeni təəssüratlar yaradacaq bu əyləncəli macəradan zövq almaq imkanını əldən verməyin.

Ətraflı məlumat üçün “Victory Tour” və digər turizm agentliklərinə müraciət edin.

Kaytserfinq

Əyləncəli aktiv su istirahəti növlərindən biri də kaytserfinq (ingiliscə uçan ilan və “dalğada süzmək” sözlərinin birləşməsi), yaxud kaytinq adlanan su idmanıdır. Kaytserfinq “uçan ilan” deyilən idmançının (kaytın) dartı qüvvəsinin təsiri ilə suyun səthində dalğaları aşmaq və üzərində durduğu lövhəni idarə etməklə müşayiət olunan hərəkətidir.

Azərbaycanda kaytserfinqin inkişafı üçün mükəmməl şərait var. Məsələn, bu istirahət növünün həvəskarları Xəzərin Xızı rayonu Şuraabad qəsəbəsi sahilindəki “Blue Planet” çimərliyində özlərini sınaya bilərlər. Burada kaytserfinq məktəbi və kayt-mağaza da fəaliyyət göstərir.

“White Wind” məktəbinin fəaliyyət göstərdiyi “Kite.az” klubu da kaytserfinqlə məşğul olur. Klubun üzvləri bu məqsədlə Yeni Yaşma qəsəbəsindəki laqunu, habelə Dübəndi qəsəbəsində yaxın dəniz sahilini və Nardaran qəsəbəsindəki “Sea Breeze”in sahilini tövsiyə edirlər.

“Kite.az”, “Gilavar”, “Blue Planet” klubları turların təşkilində sizə kömək edə bilər.

SUP serfinq

Kaytserfinqin həddindən artıq dinamik olduğunu qəbul edənlər və daha sakit tempi üstün tutanlar, yaxud sadəcə kaytserfinqdən sonra istirahət etmək istəyənlər SUP serfinqlə (sapserfinq) məşğul ola bilərlər. Serfinqin bu növü sizə lövhənin üzərində dayanaraq və kürəklə avar çəkərək hərəkət etməkdən zövq almaq imkanı verəcək.

SUP serfinq küləksiz havada daha əlverişli olub, tarazlığın və orqanizmin ümumi vəziyyətinin yaxşılaşdırılması üçün əla məşqə zəmanət verir. Eyni zamanda, bu aktiv istirahət növü əyləncəli və sadədir. Təsadüfi deyil ki, SUP serfinq dünyada ən populyar su məşğələsi növlərindən biridir.

Azərbaycanda SUP serfinqlə məşğul olmaq üçün ən yaxşı şərait Xızı rayonunun Şuraabad qəsəbəsində mövcuddur. Turların təşkilində kömək üçün “Blue Planet” klubuna müraciət edə bilərsiniz.

Balıq ovu

Azərbaycanın tükənməz təbii sərvətləri, o cümlədən Xəzər dənizinin, çoxsaylı çayların, göllərin və su hövzələrinin bioloji ehtiyatları ilin bütün mövsümlərində balıq ovu həvəskarları üçün əlverişli şərait yaradır.

Xəzər dənizində Pirallahı adası, Neftçala, Lənkəran, Siyəzən, Xaçmaz (Nabran) bölgələrində dəniz akvatoriyası, Mingəçevirdə Kür çayının və su anbarının, həmçinin Şəmkir su anbarının ehtiyatları balıq ovu həvəskarları üçün əlverişli yerlərdir. Şamaxıdakı Sakit Göldə yerləşən özəl təsərrüfatlar da balıq tutmaq üçün münasibdir. Oğuzdakı Xal-Xal şəlaləsi xüsusi olaraq qeyd edilməlidir: bu ərazidə fəaliyyət göstərən “Forel” ailəvi istirahət bazasında bir neçə süni su hövzəsi və balıq tutmaq üçün hər cür şərait var. Həmçinin Mingəçevir şəhərinin mərkəzindəki körpüdə balıq tutmaqla yanaşı, Kür çayında da ayrıca balıq ovu etmək olar. Belə ki, çayın sahilində yerləşən “Riverside” otelində hər cür şərait var.

Atçılıq turizmi

At yetişdirmək çox az adama müyəssər olan məşğuliyyətdir, lakin Azərbaycanda hər kəs atçılıq idmanı üzrə gücünü sınaya, yaxud sadəcə at belində gəzintiyə çıxa bilər. Atçılıq İdmanı Federasiyası ölkədə müvafiq yarışların təşkilatçısı kimi atçılıq idmanı klublarının əksəriyyətini özündə birləşdirir.

“Gunay Equestrian Invest”

“Gunay Equestrian Invest” atçılıq idmanı klubu bu idman növü ilə həvəskar və peşəkar səviyyədə məşğul olanlar, at belində və ekipajla gəzintiyə çıxanlar üçün geniş əraziyə, habelə müasir manejə malikdir. Təlimatçılar və klubun məşqçiləri sizə atı idarə etməyi öyrədəcək, yəhərə inamla və ustalıqla əyləşməyə kömək edəcəklər.

Klubun sərəncamında “Qarabağ”, ərəb atları, “Dilboz”, “Axaltəkə”, ingilis atı cinsləri var. Onların arasında həm gəzinti və idman, həm də əsl qaçağan və löhrəm atlara rast gəlmək olar.

Hazırda bu klub Azərbaycanda atçılıq idmanının inkişafı mərkəzidir.

“Elite Horse and Polo Club”

Bu klubda atçılıq idmanı üzrə peşəkarlar və at belində gəzinti həvəskarları üçün hər cür şərait mövcuddur. Arzu edənlər klubun nəzdindəki xüsusi mağazadan atçılıq idmanı üçün zəruri olan hər cür ləvazimatı əldə edə bilərlər.

Atçılıq klubu atların saxlanılması və təlimi, ölkə ərazisi boyunca və xaricə daşınması, sərhəddən keçməsi üçün brokerlər vasitəsilə baytarlıq və gömrük sənədlərinin rəsmiləşdirilməsi xidmətlərini də təklif edir.

Burada gənc həvəskarlar üçün erkən yaşlardan at minməyi öyrədən “Poni-klub” fəaliyyət göstərir.

Respublika Atçılıq Turizm Mərkəzinin Şəki filialı

Azərbaycan Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Respublika Atçılıq Turizm Mərkəzinin Şəki filialı rayonun dilbər guşələrindən biri olan Daşüz kəndində yerləşir. Mərkəzdə ərəb qaçağanları, təmiz qanlı ingilis atları, alman “Traken”i, türkmən “Axaltəkə”si və digər at cinsləri yetişdirilir və saxlanılır.

Mərkəzdə ildə iki dəfə - dekabr və may aylarında ölkənin 16 rayonunun komandalarının iştirakı ilə çövkən yarışları keçirilir. Bundan başqa, “Sür-papaq”, “Papaq oyunu”, at üstündə güləşmə və digər oyunlar da təşkil olunur.

Turistlərə oyunların gedişini izləməklə yanaşı, iştirakçı olmaq imkanı da yaradılır. Bunun üçün onlara təcrübəli məşqçi tərəfindən təlimat verilir, yaxud sadəcə at belində gəzmək imkanı yaradılır.

Ovçuluq

Zəngin və bərəkətli Azərbaycan torpağı öz nemətlərini, o cümlədən ov heyvanlarını insanlarla səxavətlə paylaşır. Respublikanın faunasına daxil olan vəhşi heyvanlar və quşlar, o cümlədən endemiklər (Qafqaz turu) əla ov obyektləridir.

Qeyd edək ki, ölkə ərazisində ova çıxmağa yalnız Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı əsasında ov mövsümündə bunun üçün müəyyən edilmiş xüsusi yerlərdə, həmçinin bölgələrdəki ovçuluq təsərrüfatlarında icazə verilir. Azərbaycanda mövsümündən asılı olaraq Qafqaz (Dağıstan) turu, qaban, yenot, tülkü, çaqqal, qunduz və quşların ovlanması geniş yayılıb.

Ölkənin Şamaxı, Şəki, Oğuz, Qax, İmişli, Quba, İsmayıllı və digər rayonları ovçuluq üçün əlverişlidir.

Qeyd: Azərbaycanda ovçuluğun təşkili üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin lisenziyası tələb olunur. (www.eco.gov.az).

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müqaviləsi olan turizm agentlikləri turistlərə lisenziya almaqda kömək edə bilər. Turların təşkili məsələləri üzrə “Golden Rock Travel”, “Victory Tour” və digər turizm agentliklərinə müraciət etmək olar.

Emil Eyyubov

Mənbə: Azertac

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR