Slimfit
  1. TARİX

Azərbaycana ermənilərin köçürülməsi

Azərbaycana ermənilərin köçürülməsi
Sakura

Azərbaycanda erməni mühacirləri

"Ermənilərə, daha çox sayda gəlişləri üçün həvəsləndirmək məqsədilə mümkün qədər yumşaq davranın və qayğı göstərin."

I Pyotrun 1711-ci il fərmanı

Çox vaxt ermənilərin Şimali Azərbaycanda iki Rusiya-Qacarlar müharibəsi (1804-1813 / 1826-1828) nəticəsində ortaya çıxmaları düşünülür. Ancaq Qafqaza ermənilərin köçürülməsinin kökləri demək olar ki, bir əsr əvvəldən başlamışdı. XVIII əsrin əvvəllərində Rusiya İsveç və Türkiyəyə qarşı bir sıra qələbəli müharibələrdən sonra Xəzər istiqamətində genişlənmək istəyirdi. Xüsusilə I Pyotrun planı Hindistana birbaşa quru yolla ticarət marşrutu açmaq üçün Səfəvi mülklərini ələ keçirmək idi:

"İsveçlilər yıxıldı, indi heç kim məni dayandırmayacaq - biz İranı fəth edib ən yaxşı ticarət marşrutunu yaradacağıq".

I Pyotr 

Bu zaman Erməni Apostol Kilsəsi ciddi surətdə fəallaşır. Qeyd etmək lazımdır ki, erməni-qriqorian kilsəsinin Rusiya və Avropa dövlətləri ilə əlaqələri XVII əsrdə qurulmuşdur. Ermənilər avropalıları inandırmağa çalışdılar ki, müsəlmanlar "Avropa ilə bir inancla bağlı olan erməni xalqına zülm edir". Uzaq hədəflərinə çatmaq üçün erməni kilsəsi 1699-cu ildə İsrail Oriyə Avropa ölkələrinə getməyi və Qərb monarxlarına erməni dövlətçiliyini (Qafqazda) yaratmaq planı barədə hesabat verməyi tapşırır. Monax Minas Vardapet isə Oriyə köməkçi təyin edilir. Bununla belə, Avropa missiyası ermənilər üçün səmərəli nəticə vermir. Bu vəziyyətdə ermənilərin gözü Rusiyaya yönəlir.

1701-ci ildə Ori I Pyotr ilə görüşür və onu "Osmanlı Türkiyəsinə qarşı vahid xristian cəbhəsi" yaratmaq planı ilə tanış edir. Bu fikir Pyotrun xoşuna gəlir və o, ən yaxşı silah mütəxəssislərini tapmaq üçün Orini Avropaya göndərir. 2 Mart 1711-ci ildə Senata verdiyi fərmanda Pyotr İran ermənilərinin Rusiyaya cəlb edilməsi üçün himayə olunmaları və onlara bütün mümkün xeyir verməyi əmr edir. I Pyotrun - 28 yanvar 1717-ci il tarixli başqa bir sərəncamı imperiya rəhbərliyinə, ermənilərin Osmanlı İmperiyasından Rusiya hüdudlarına köçürülməsi üçün əsas olur. 

Orinin 1711-ci ildə Həştərxanda qəfil ölümündən sonra Minas Vardapet həmin "missiyasını" davam etdirir. 1716-cı ildə knyaz Şafirovun məktubunu Rusiya səfiri Volınskiyə təhvil vermək üçün Vardapet Qızılbaşların ərazisinə gedir. Məktubun məzmunu:

“İrandakı erməni xalqı, onların sayı və Əlahəzrət Çara xoş yanaşmaları haqqında məlumat toplayın. Buraya sizə tanış olan Minas Vardapet gəlir. Şübhə doğurmadan ona mümkün kömək göstərin ... ".

XVIII əsrin əvvəllərindən etibarən etibarən Azərbaycan Rusiyanın inkişaf etməkdə olan sənayesi üçün xammal mənbəyi və satış bazarı kimi həmin ölkənin diqqətini cəlb edirdi. O, Şərqlə Qərb arasında ticarətin inkişaf etdirilməsi üçün mühüm vasitə rolunu oynayırdı və işğalçılıq müharibələrinin genişləndirilməsi zamanı mühüm strateji əhəmiyyət kəsb edə biləcək bir ölkə idi. Buna görə də Rusiya imperatoru I Pyotr Hacı Davudun Osmanlı sultanına müraciətini də nəzərə alaraq işğalçılıq planlarında Osmanlı imperiyasını qabaqlamaq məqsədilə 1722-ci il iyunun 18-də Həştərxandan yürüşə başladı. I Pyotr Azərbaycan dilində “Manifest” nəşr etdirərək Şirvana və Xəzərsahili vilayətlərə göndərdi. "Manifest"də çar qoşunlarının yürüşünün əsl səbəbi ört-basdır edilirdi

1722-ci ildə Pyotr Xəzər torpaqlarının fəthinə başladı. Nəticədə Dərbənddən Rəştə qədər bütün Xəzər zonası Rusiyaya verildi. 1724-cü ilin oktyabrında Pyotr Rusiyanın işğal etdiyi ərazilərdə ermənilərin məskunlaşmasına icazə verən bir fərman imzaladı. Məhz bu dövrdən ermənilərin Qafqazda görünməsi başladı.

Qafqazda erməni dövlətinin yaradılması üçün yeni bir "layihə" Şamiryan tərəfindən hazırlanmışdı. Plana görə, "erməni çarı" yaradılan dövlətin başçısı olmalı idi. Onun Sankt-Peterburqda rəsmi nümayəndəliyi olmalı və yeni “səltənəti” qorumaq üçün 6000 nəfərlik bir rus qarnizonu 20 il burada yerləşməli idi.

Ancaq 1735-ci ildə ruslar tamamilə Xəzər bölgəsini tərk etdilər. Bütün bunlar kağız üzərində qaldı.

P. S. Müasir erməni tarixşünaslığı və erməni təbliğatı "köçürülmə" sözündən yayınmağa çalışır və çox vaxt bu sözü "köçmə" və ya "miqrasiya" ilə əvəz edir. Hətta belə bir termin hər yerdə qeyd olunur - “Erməni xalqının tarixi miqrasiyası”. Ancaq heç bir tarixi sənəddə "köçmə" və ya "miqrasiya" haqqında bir söz tapa bilməzsiniz. O cümlədən də həm Pyotrun fərmanlarında, həm də Türkmənçay müqaviləsinin mətnində.

 

Mənbə: İRS Azerbaijan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR