Slimfit
  1. MEDİA

Azərbaycan XİN-in sözçüsü: 'Ermənistan əvvəl-axır cavab verəcək'

Azərbaycan XİN-in sözçüsü: 'Ermənistan əvvəl-axır cavab verəcək'
Sakura

Azərbaycan XİN-in sözçüsü: 'Ermənistan əvvəl-axır cavab verəcək'

Ens.az xəbər verir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Report” agentliyinin suallarını cavablandırıb

- İyunun 20-də BMT tərəfindən Ümumdünya Qaçqınlar Günü kimi qeyd olundu. Azərbaycan qonşu Ermənistanın təcavüzü nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünü olan bir ölkədir. Əlbəttə, bu problemin kökündə Ermənistanın işğalçı siyasəti durur və onun həlli bilavasitə münaqişənin həlli ilə əlaqədardır. Sizcə, Azərbaycanın qaçqın və məcburi köçkünlərinin hüquqlarının pozulması məsələsinə beynəlxalq ictimaiyyətin diqqətini kifayət qədər yönəldə bilirikmi?

- Təəssüflə qeyd etməliyik ki, Ermənistanın təcavüzü və işğalı nəticəsində Azərbaycan adambaşına düşən məcburi köçkünlərin sayının ən çox olduğu ölkələrdən biridir. Ermənistanın beynəlxalq hüququ və BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı müharibəyə başlayıb, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal edib və işğal etdiyi bu ərazilərdə, eləcə də Ermənistan ərazisində 1 milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyub. Nəticə etibarilə, hazırda Azərbaycanda əhali artımı ilə əlaqədar olaraq məcburi köçkünlərin sayı 1,2 milyon nəfəri keçib. Sözsüz, Ermənistan-Azərbaycan münaqişəsinin həlli və bu xüsusda, məcburi köçkünlərin və qaçqınların öz evlərinə təhlükəsiz və ləyaqətlə geri dönüşünün təmin olunması Azərbaycan üçün ən vacib məsələlərdən biridir və bu məsələ bütün ikitərəfli və çoxtərəfli platformalarda dəfələrlə və ardıcıl şəkildə qaldırılır. Dünyada təhlükəsizliyin təmin olunmasına məsul olan ən mühüm platforma olan BMT Təhlükəsizlik Şurasının 1993-cü il saylı qətnamələrində Ermənistanın işğalçı qüvvələrini Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarması və nəticə etibarilə, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və öz mülkiyyət hüquqlarından istifadə etməsinin təmin olunması tələb olunur. Bu tələb çoxsaylı digər təşkilatların qərar və qətnamələrində də əks olunub. Bir sözlə, beynəlxalq ictimaiyyətin bu məsələdə mövqeyi bəllidir və birmənalıdır. Söhbət burada Ermənistanın bu tələbi hələ də yerinə yetirməməsindən gedir, yəni bu ölkə münaqişənin həlli istiqamətində nəticəyə yönəlik addımlar atmaqdan yayınır və yüz minlərlə insanın fundamental hüquq və azadlıqlarını pozmaqda davam edir. Təbii ki, Ermənistan rəhbərliyi anlamalıdır ki, təcavüzkar siyasətin heç bir perspektivi yoxdur, beynəlxalq hüquq və insan hüquqlarının pozulmasına görə bu ölkə əvvəl-axır cavab verəcək.

Əlbəttə, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması məsələsi həll olunanadək Azərbaycan hökuməti tərəfindən onların həyat şəraitini yaxşılaşdırmaq üçün bütün zəruri tədbirlər görülür. Bu günədək 300 000-dən çox məcburi köçkün mənzillərlə təmin edilib, məcburi köçkünlərin sosial təminatı yaxşılaşdırılır. Təbii ki, bu tədbirlər məcburi köçkünlərin daimi əsasda yerli inteqrasiyası kimi nəzərdən keçirilmir. Öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq məcburi köçkünlərin özləri tərəfindən arzu olunan yeganə seçimdir. İşğal olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulması və kəndin sakinlərinin təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına qayıtmasının təmin olunması Azərbaycan hökumətinin qəti əzminin təzahürüdür.

- Beynəlxalq ictimaiyyətin mövqeyi bəllidir, əlbəttə. Lakin eyni zamanda Ermənistan işğalçı siyasətini və işğal etdiyi ərazilərdə qeyri-qanuni fəaliyyətini davam etdirir. Bununla necə mübarizə aparırıq və ya aparmaq lazımdır?

- İşğalçı Ermənistanın təcavüzkar siyasətinin nəticələrini möhkəmləndirmək cəhdləri, işğal etdiyi ərazilərin iqtisadi, mədəni və demoqrafik xarakterinin dəyişdirərək, qeyri-qanuni fəaliyyəti davam etdirməsi və azərbaycanlı əhalinin öz evlərinə qayıtmasının qarşısını alması, bu ölkənin ilhaqçı siyasətini açıq şəkildə nümayiş etdirir.

Həmçinin beynəlxalq humanitar hüququ, xüsusilə də 1949-cu il Dördüncü Cenevrə Konvensiyanı və Əlavə Protokolları kobud şəkildə pozaraq Ermənistan, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Beynəlxalq ictimaiyyətin digər hallarda qanunsuz məskunlaşdırma ilə bağlı qəti mövqeyi, əlbəttə Azərbaycanın işğal edilmiş ərazilərindəki vəziyyətə də şamil olunmalıdır. Ermənistan anlamalıdır ki, münaqişənin tənzimlənməsi çərçivəsində öz torpaqlarından zorla didərgin salınmış insanlar yenidən öz evlərinə və mülklərinə geri qayıdacaqlar. Çünki bölgədə davamlı sülh və təhlükəsizliyin təmin olunmasına yalnız işğal faktorunun aradan qaldırılması, beynəlxalq tanınmış sərhədlərə hörmət və öz evlərindən didərgin salınmış insanların torpaqlarına geri qayıtması yolu ilə nail olmaq mümkündür. Digər alternativ mövcud deyil.

İşğal olunmuş ərazilərimizdəki qeyri-qanuni fəaliyyətlə necə mübarizə aparırıq və ya aparmalıyıq sualına gəldikdə isə, məlum olduğu kimi, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və digər işğal edilmiş ərazilərində qanunsuz fəaliyyət ilə əlaqədar Ermənistan, onun orqanları, hüquqi və fiziki şəxsləri və ya qondarma separatçı rejimlə hər hansı təmasa girən və kommersiya əlaqələri quran fiziki və ya hüquqi şəxslər ölkəmizin ərazi bütövlüyü və suverenliyini, müvafiq qanunlarını və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, inzibati və hüquqi məsuliyyət daşıyırlar. Ölkəmiz tərəfindən işğal olunmuş ərazilərimizdə həyata keçirilən qanunsuz fəaliyyət mövzusu mütəmadi əsaslarda aparıcı beynəlxalq təşkilatlarda qaldırılır, hətta bu xüsusda İslam Əməkdaşlıq Təşkilatı tərəfindən illik əsasda qəbul olunan qətnamədə Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz fəaliyyətin dərhal dayandırılması və bu fəaliyyətə hər hansı şəkildə dəstək verilməsinin qarşısının alınması tələbi öz əksini tapıb. Əlbəttə, beynəlxalq təşkilatların qəbul etdiyi müvafiq sənədlərin həyata keçirilməsi istiqamətində konkret addımların atılmalıdır, işğalçı Ermənistan məsuliyyətini dərk etməlidir. Digər hərbi işğal hallarında olduğu kimi, Azərbaycan ərazilərinin də işğalı müvəqqəti xarakter daşıyır və Ermənistan bu ərazilərdə həyata keçirilən bütün qeyri-qanuni fəaliyyətinə görə cavab verəcək.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR