Azərbaycan XİN: Bu qətnaməni qərəzli və hər hansı hüquqi əsası olmayan sənəd kimi qiymətləndiririk
Bu ilin 12 dekabr tarixində ABŞ Senatı tərəfindən qondarma erməni soyqırımının tanınmasına dair qəbul edilən qətnaməni tarixin saxtalaşdırılması və siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdidir.
Oxu.Az xəbər verir ki, bunu XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ABŞ Senatının qondarma erməni soyqırımını tanıyan qətnaməni qəbul etməsinə münasibət bildirərkən deyib.
“Qətnamənin mətnində elmi-tarixi baxımdan ziddiyyətli və şübhəli mənbələrə istinad olunması bu qətnamənin qeyri-peşəkar səviyyədə hazırlandığını və yalnız erməni lobbi dairələrinin çirkin məqsədlərinə xidmət etdiyini sübut edir.
Tarix tarixçilər tərəfindən tarixi obyektivlik prinsipləri əsasında araşdırılmalıdır.
Bir əsr bundan əvvəl baş verdiyi iddia olunan hadisələrə ABŞ Senatı siyasi mülahizələrlə qiymət verməyə çalışdığı halda Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü, Azərbaycanın işğal olunmuş ərazilərində bir milyondan artıq azərbaycanlıya qarşı törədilmiş qanlı etnik təmizləmə, onların hələ də məcburi köçkün vəziyyətində yaşamasına və Xocalı soyqırımına münasibətdə sükut nümayiş etdirir və ikili standartlarla çıxış edir.
Bu qətnaməni qərəzli və hər hansı hüquqi əsası olmayan sənəd kimi qiymətləndiririk”, - deyə L.Abdullayeva qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət