Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında növbəti görüş keçirilib
Bu gün Astara gömrük-sərhəd keçid məntəqəsində Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında növbəti görüş olub.
“Report” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, tədbir Dövlət Komitəsi ilə İranın Mərkəzi Gömrük İdarəsi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən baş tutub.
Azərbaycan tərəfini Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara" gömrük postunun rəisi Hüseyn Məsumovun rəhbərlik etdiyi nümayəndə heyəti, İran tərəfini isə bu ölkənin Astara Gömrük İdarəsinin rəisi Rəsul Omidinin rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edib.
Görüşdə Azərbaycan və İran gömrükçülərinin vaxtaşırı keçirilən görüşlərinin qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, eləcə də iki ölkə arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi işinə töhfə verdiyi bildirilib.
Xatırladaq ki, tərəflər arasında keçirilən əvvəlki görüşlərdə müzakirə edilən məsələlərə baxılıb, eyni zamanda, gömrük-sərhəd keçid məntəqələrinin fəaliyyəti, nəqliyyat vasitələrinin və sərnişinlərin sərhədkeçmə prosesinin daha da sürətlə və maneəsiz həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət