Slimfit
  1. TARİX

Azərbaycan və Fransa arxeoloqlarının birgə tədqiqatlarının nəticələrini əks etdirən sərginin təşkili planlaşdırılır

Azərbaycan və Fransa arxeoloqlarının birgə tədqiqatlarının nəticələrini əks etdirən sərginin təşkili planlaşdırılır
Sakura

Azərbaycan və Fransa arxeoloqlarının birgə tədqiqatlarının nəticələrini əks etdirən sərginin təşkili…

Bu il Azərbaycan və Fransa arxeoloqlarının birgə əməkdaşlığının 10 ili tamam olur. Bu əlamətdar hadisə ilə əlaqədar Bakı şəhərində Fransanın Azərbaycandakı səfirliyinin, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun və Azərbaycan Milli İncəsənət Muzeyinin dəstəyi ilə hər iki ölkə arxeoloqlarının birgə tədqiqatlarının nəticələrini əks etdirən sərginin təşkili planlaşdırılıb.

Arxeologiya və Etnoqrafiya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, sərgidə 10 il ərzində hər iki ölkə arxeoloqlarının apardıqları birgə arxeoloji qazıntılar nəticəsində əldə olunmuş, dünya arxeologiyası üçün böyük əhəmiyyət daşıyan nadir tapıntılar nümayiş etdiriləcək.

Hazırda iki ölkənin arxeoloqları Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi fondunda birgə tədqiqatlar nəticəsində aşkarlanmış nadir tapıntıların sərgidə nümayişi üçün seçimini aparırlar. Bu prosesdə Fransa tərəfini uzun illər ərzində Azərbaycanda beynəlxalq ekspedisiyaların rəhbərliyində və tərkibində çalışmış tanınmış alimlər: Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) emeritus-professoru, doktor Bertil Lionnet, Fransanın Leon-2 Lümyer Universitetinin Şərq arxeologiyası bölümünün professoru Mişel Kazanova və CNRS-in əməkdaşı, müasir arxeoloji tədqiqat texnologiyaları üzrə mütəxəssis doktor Nikolas Gailhard təmsil edirlər.

Professor M.Kazanovanın bildirdiyinə görə, 10 il ərzində fransalı arxeoloqlar azərbaycanlı həmkarları ilə birgə Azərbaycanın müxtəlif bölgələrində müasir elmin tələblərinə uyğun multidissiplinar tədqiqatları ehtiva edən arxeoloji qazıntılar aparıblar. Əldə edilmiş neolit, xalkolit, ilk, orta və son tunc, erkən dəmir və antik dövrlərə aid maddi-mədəniyyət nümunələri müxtəlif çeşidli analizlər üçün dünyanın qabaqcıl laboratoriyalarına təqdim olunub. Eyni zamanda, bəzi maddi-mədəniyyət nümunələrinin fransalı mütəxəssislər tərəfindən bərpası aparılıb.

“Mövzu üzrə qeyd edim ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Lion-2 Lümyer Universiteti arasında 2017-ci ilin martında imzalanmış əməkdaşlıq haqqında müqavilənin müddəalarına əsasən, Azərbaycanın cənub bölgələrində birgə beynəlxalq arxeoloji tədqiqatlar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələrinin bəziləri müxtəlif çeşidli analizlər və bərpa işləri üçün Fransaya göndərilib. Sərgiyə hazırlıqla əlaqədar Azərbaycana gəlişimizlə, eyni zamanda, analizlərinin cavabı artıq bəlli olan və bərpa edilən, xüsusi qutulara qablaşdırılmış həmin tapıntılar Azərbaycana qaytarılıb, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi fonduna təhvil verilib. Bu işdə bizə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun, Lion-2 Lümyer Universitetinin və Fransanın Azərbaycandakı səfirliyinin köməyini xüsusi qeyd etmək istərdim”, - deyə professor M.Kazanova bildirib.

Qeyd edək ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Lion-2 Lümyer Universiteti arasında 2017-ci ilin martında imzalanmış əməkdaşlıq haqqında müqavilənin müddəalarına əsasən Azərbaycan və Fransa arxeoloqlarının birgə əməkdaşlığı nəticələrini əks etdirən eyni mövzulu sərginin gələcəkdə Parisdə və Tbilisidə də təşkil olunması planlaşdırılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR