Azərbaycan universitetlərində nə qədər əcnəbi təhsil alır?
Azərbaycan universitetlərində yalnız yerli tələbələr deyil, əcnəbilər də təhsil alırlar. Digər ölkələrə müqayisədə, Azərbaycanda təhsil alan əcnəbilərin sayı azdır.
Buna səbəb nədir?
Oxu.Az-ın əməkdaşı əcnəbilərin təhsil aldığı bir neçə universitetlə əlaqə saxlayıb.
Azərbaycan Diplomatik Akademiyasında (ADA) 38 ölkədən 112 əcnəbi təhsil alır.
Bakı Dövlət Universitetində 550-ə yaxın əcnəbi təhsil alır.
Bakı Mühəndislik Universitetində 97 əcnəbi tələbə təhsil alır. Gürcüstandan 34, Rusiyadan isə 27 əcnəbi tələbə var. Üstünlük iki ölkədəndir.
Azərbaycan Dövlət İqtisad Universitetində 244 nəfər əcnəbi tələbə təhsil alır. Tələbələr arasında Rusiya və Gürcüstan vətəndaşları üstünlük təşkil edir.
Azərbaycan Memarlıq və İnşaat Universitetində 700 əcnəbi tələbə təhsil alır. Onlar arasında Türkiyədən olan gənclər çoxluq təşkil edir.
Azərbaycan Texniki Universitetində 250 nəfər əcnəbi tələbə təhsil alır. Onlar, əsasən, Almaniya, Çin, Afrika, Banqladeş, İran, Gürcüstan, Nepal, Suriya, İraq, Səudiyyə Ərəbistanı, Türkiyə və sair ölkə vətəndaşlarıdır.
2017/2018-ci tədris ilində 2800-dən çox əcnəbi Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. ATU, Azərbaycan Rəssamlıq Akademiyası (ARA), AzMİU və ADNSU əcnəbilər tərəfindən ən çox müraciət olunan universitetlərdən olub.
Əcnəbilər 2017/2018-ci tədris ilində mühəndislik, əczaçılıq, memarlıq, psixologiya ixtisaslarına və dil hazırlıq kurslarına üstünlük veriblər. Onların əksəriyyəti Türkiyə, Gürcüstan, İran, İraq, Banqladeş və Rusiyadan Azərbaycana təhsil almağa gələn tələbələrdir.
Təhsil eksperti Elvin Bədirov bildirib ki, ötən illərlə müqayisə edəndə, müəyyən qədər daha çox əcnəbi Azərbaycanda təhsil alır:
“Amma bu artım o qədər nəzərəçarpacaq yüksək say göstəricisi deyil. Azərbaycanda təhsil alan tələbələrin sayı beş-on faiz təşkil edir. Bunu müxtəlif, eyni zamanda, bəzi məsələlərdə subyektiv amillərlə əlaqələndirmək olar.
Müəyyən qədər bəzi universitetdə təhsil səviyyəsinin artması, maddi-texniki bazanın güclənməsi, aktiv piar xidmətinin təşkil edilməsi əcnəbilərin ölkəmizdə təhsil almasına təsir göstərir. Yaxın qonşu ölkələrdən İran, Türkiyə, Gürcüstan, Rusiya, Pakistandan gələn tələbələr üstünlük təşkil edir”.
Ekspert qeyd edib ki, əcnəbi tələbələrin sayının artması üçün universitetlər verdikləri təhsilin səviyyəsini kifayət qədər artırmalıdırlar:
“Universitetlər ölkə təhsili tələblərinə və beynəlxalq standartlara cavab verməlidir. Amma biz bunları, təəssüf ki, universitetlərimizdə görə bilmirik. Eyni zamanda, təhsil müəssisələri verdikləri təhsili dünyaya çatdırmaq üçün ciddi aktiv piar aparmalı, xaricdə təhsil sərgilərində universitetlər iştirak etməli və təhsil xidmətlərini təqdim etməlidir. Bundan sonra ciddi uğurlara imza atmaq olar”.
Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru, professor, fəlsəfə elmləri doktoru Telman Cəfərov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb:
“Həmin proqrama əsasən, xarici mütəxəssislərin cəlb olunması, universitetlərin maddi-texniki bazasının yaxşılaşması, yataqxana ilə təmin edilməsi mümkün olacaq. Çünki xaricdən gələn tələbə üçün şərait olmalıdır ki, rahat təhsil alsın. Bundan sonra əcnəbi tələbəni cəlb etmək olar”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət