Azərbaycan Turizm Bürosu “Aviasales”lə anlaşdı
Azərbaycan Turizm Bürosu Rusiyanın məşhur səyahət platforması olan “Aviasales” ilə strateji tərəfdaşlığa start verib.
“Report” bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, məqsəd birgə marketinq layihələri və dəstək xidməti vasitəsilə istifadəçilərlə əlaqələrin qurulması sayəsində ölkəyə turist axınını intensivləşdirməkdir.
“Aviasales” ilə əməkdaşlıq çərçivəsində birinci layihə platformada test formasında keçirilən müsabiqə olacaq. Bu müsabiqənin iştirakçıları 12 fevral - 9 mart tarixlərində https://azerbaijan.aviasales.ru/ vebsaytına daxil olaraq Azərbaycan üzrə fərdi marşrut yarada biləcək və Azərbaycana uçuş bileti qazanmaq imkanı əldə edəcəklər.
Qalib martın 16-da marşrutu sosial şəbəkələrdə paylaşan iştirakçılar arasında təsadüfi yolla seçiləcək. Müsabiqədə yalnız 18 yaşına çatmış Rusiya vətəndaşları iştirak edə bilərlər.
Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid bildirib ki, Rusiya bazarı Azərbaycan üçün ən prioritet bazarlardan biridir:
“Biz şadıq ki, dünyanın aparıcı turizm platformalarından biri bizim strateji tərəfdaşımızdır. Biz “Aviasales” ilə birlikdə turistləri Azərbaycanın nə təklif etməsi barədə maarifləndirmək və ölkəyə bir daha baxmağa dəvət etmək istəyirik”.
“Aviasales” tərəfindən keçirilən araşdırmalara əsasən, Azərbaycana Sankt-Peterburq şəhərindən səyahət edən turistlərin sayında 60%, Moskva şəhərindən isə 20% artım müşahidə olunub.
Eyni zamanda Kalininqrad, İrkutsk, Samara və Novosibirsk kimi şəhərlərdən gələn qonaqların sayında 70-75% artım qeydə alınıb.
Şirkətin yeni destinasiyaların inkişafı üzrə direktoru Yaroslav Stepanyuk qeyd edib ki, Azərbaycan rusiyalı turistlərin ən sevimli istirahət məkanlarından biridir:
“Biz bu bazarla yaxından tanışıq. Keçən ilin payızında komandamız “Aviasales” platformasının Azərbaycan versiyasını istifadəyə verib. Bununla da biz azərbaycanlı səyahətçilərə xidmət göstərməklə yanaşı, xarici bazarlarda Azərbaycanın turizm potensialını tanıdırıq”.
Məlumat üçün qeyd edək ki, 2019-cu ildə Azərbaycana səfər edən Rusiya vətəndaşlarının sayı 932 min nəfər təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 6.1% artım deməkdir.
Qeyd edək ki, bu ilin yanvar ayında isə Azərbaycana 67884 Rusiya vətəndaşı gəlib. Bu isə 2019-cu ilin yanvar ayı ilə müqayisədə 20.5% artım hesab olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət