Azərbaycan Tacikistanla şəhərsalma və memarlıq sahəsində təcrübə mübadiləsi aparacaq
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov Tacikistanın ölkəmizdəki səfiri İlhom Abdurahmon, paytaxtımızda səfərdə olan Düşənbə Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis müavini Feyzulla İsgəndərovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə işgüzar görüş keçirib.
525.az Komitəyə istinadən xəbər verir ki, R.Qasımov qonaqlarla Bakının 30 dekabr 2023-cü il tarixində qəbul edilmiş 2040-cı ilə qədər inkişafına dair Baş Planı ilə nəzərdə tutulmuş inkişaf istiqamətləri, son illər ərzində şəhərsalma sahəsində aparılan önəmli işlər, innovativ yanaşmaların tətbiqi ilə bağlı təcrübəni bölüşüb.
O, eyni zamanda beynəlxalq əməkdaşlıq məsələlərinə toxunaraq, xüsusilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) və 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna (WUF13) məhz Azərbaycan paytaxtının evsahibliyi etməsini ölkəmizin beynəlxalq nüfuzunun və əldə etdiyi nailiyyətlərinin təzahürü olduğunu vurğulayıb.
Tərəflər həmçinin Bakı və Düşənbə şəhərləri arasında memarlıq və şəhərsalma sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Baş İdarə mütəxəssisləri ilə şəhərimizdə olan qonaqların ölkəmizdə bu sahədə həyata keçirilən uğurlu layihələr barədə geniş fikir mübadiləsi aparması barədə razılığa gəlinib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət