Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan Silahlı Qüvvələri

Azərbaycan Silahlı Qüvvələri
Sakura

Azərbaycan Silahlı Qüvvələri — Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qorumağa…

Azərbaycan Silahlı Qüvvələri — Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qorumağa həsr olunmuş hərbi təşkilat. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Quru Qoşunları, Azərbaycan Hərbi Hava Qüvvələri və Azərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Birləşən qüvvələrə Azərbaycan Respublikası Daxili Qoşunları, Azərbaycan Milli Qvardiyası, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti daxildir.

1918-ci ilin mayın 28-də qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın İstiqlal Bəyannaməsində Azərbaycanın Silahlı Qüvvələrinınin yaradılması qeyd edilib. 1918-ci ilin mayın 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edilib.Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan edib. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradılıb.İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edilib. Azərbaycan Respublikasının 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırılıb.

1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilib, Azərbaycan ordusunun 21 generallarından 15-i bolşeviklər tərəfindən güllələnib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edilib.Azərbaycan prezidenti Əbülfəz Elçibəyin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə ilk olaraq oktyabrın 9-u Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilib. Lakin 22 may 1998-ci ildə prezident Heydər Əliyev fərman imzalayaraq 26 iyunu Silahlı Qüvvələr günü elan edib.

2017-ci ildə "Global Firepower" təşkilatının yekunlarına əsasən, Azərbaycan Silahlı Qüvvələri "dünyanın ən güclü ordusu” reytinqində 58-ci yerdə qərarlaşıb. 2017-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinin sərəncamında 18 qırıcı, 29 hücum, 83 nəqliyyat, 19 təlim təyyarəsi və 93 helikopter (onlardan 17-si hücum helikopteridir), Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sərəncamında 13 patrul və sahil gəmiləri, 7 mina tralçısı, 4 submarinası, 1 freqat tipli gəmisi, Silahlı Qüvvələrin silahlanmasında isə 520 tank, 1590 zirehli texnika, 359 artilleriya qurğusu, 191 reaktiv yaylım atəşi sistemi var. Azərbaycan ordusunun sayı 374 500 nəfərdir, səfərbərlik zamanı isə 3 750 000 nəfər hərbi xidmətə çağırıla bilər.

Tarixi

Yaranması və Azərbaycan Xalq Cümhuriyyəti dövrü (1918–1920)

Əlahiddə Azərbaycan korpusu

 

28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra ən əsas vəzifələrdən biri Azərbaycan Silahlı Qüvvələrinin formalaşması idi. Milli Silahlı Qüvvələrin yaradılması üçün ilk cəhdlər isə hələ 1917-ci ilin sonunda və 1918-ci ilin əvvəllərində edilmişdi. Milli Şuranın 28 may 1918-ci il tarixli qərarına əsasən, Fətəli Xan Xoyskinin sədrliyi ilə yaradılmış birinci hökumətin tərkibində təsis edilmiş Hərbiyyə naziri vəzifəsinə Xosrov bəy Sultanov təyin edildi. Lakin bu kabinənin buraxılması ilə hərbi nazir vəzifəsi də ləğv edilmiş və Azərbaycanda ordu quruculuğu prosesinə rəhbərlik Hökumətin qərarı ilə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya həvalə olunmuşdu. Hökumət strukturunda isə Qafqaz İslam Ordusu komandanlığı ilə əlaqələri nizamlayacaq hərbi işlər üzrə baş müvəkkil vəzifəsi təsis olunmuş İsmayıl xan Ziyadxanov bu vəzifəyə təsdiq edilmişdi. Azərbaycan Hökumətinin 1918-ci il 3 iyul tarixli qərarı ilə 19 yaşı tamam olmuş vətəndaşlar hərbi çağırışın yerinə yetirilməsinə cəlb olunurdular. 1918-ci il iyunun 26-da Hökumətin qərarı ilə Müsəlman korpusu Əlahiddə Azərbaycan korpusu adlandırıldı və onun ştat cədvəlində qismən dəyişiklik edildi. General-leytenant Əliağa Şıxlinski korpusun komandiri kimi vəzifəsini yenə də davam etdirdi.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" (rus. "Дикая дивизия") adlanan keçmiş tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və Müsəlman Korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradıldı. İyulun 11-də isə hökumət fərmanı ilə hərbi səfərbərlik elan edildi. 1919-cu ilin sonlarında 25 minlik Azərbaycan ordusu iki piyada və bir süvari diviziyadan ibarət idi. Hərbi nazirlik 1920-ci ildə ordunun şəxsi heyətini 40 min nəfərə çatdırmağı planlaşdırırdı.

1920-ci il bolşevik işğalı ərəfəsində Azərbaycan ordusunun əsas döyüş hissələri və birləşmələri aşağıdakılar idi: 8 alaydan i ibarət iki piyada diviziyası, 3 alaydan ibarət süvari diviziyası və iki topçu briqadası.Bunlardan başqa, ordunun bir sıra yardımçı hissə, bölmə və müəssisələri də var idi.Hər bir piyada alayı 3 tabordan, hər bir tabor isə dörd piyada bölüyündən və bir pulemyot bölüyündən təşkil edilmişdi.Hər pulemyot bölüyünün tərkibində 8 pulemyot var idi. Bundan başqa, hər alayda bir süvari kəşfiyyat bölüyü, bir piyada kəşfiyyat bölüyü, bir istehkam bölüyü, bir rabitə-telefon bölüyü və bir qeyri-nizami bölük var idi. Alayların ştat tərkibi onların hamısında eyni deyildi. Süvari alayları üç süvari bölüyündən, pulemyot bölüyündən, təlim və rabitə komandalarından ibarət idi.

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti obyektiv çətinliklər üzündən hərbi-dəniz qüvvələrinin təşkilinə 1919-cu ilin sonlarında başladı.1918-ci ilin sentyabrında Bakının Sentrokaspi diktaturası və ingilis müdaxiləçilərindən təmizlənməsi ərəfəsində buradakı əsas hərb gəmiləri — "Qars", "Ərdəhan" və "Astrabad" Petrovsk-Porta aparılmışdı. 1918-ci ilin noyabrında Bakını zəbt edən ingilis hərbi qüvvələri adları çəkilən gəmiləri geri qaytarsa da, onları Azərbaycan Hökumətinə verməmiş, öz nəzarətində saxlamışdı. Cümhuriyyət Hökuməti bir neçə dəfə həmin gəmilərin Azərbaycana qaytarılması barədə vəsatət qaldırmışdı. Belə ki, xarici işlər naziri Məmməd Yusif Cəfərov 1919-cu il avqustun 4-də Bakıdakı müttəfiq qoşunlarının komandanı, ingilis generalı D.Şatelvorta müraciət edərək, paytaxtın və dəniz sərhədlərinin mühafizəsi, dövlətin ərazi bütövlüyünün qorunması üçün bir neçə hərb gəmisinin Azərbaycana verilməsini xahiş etmişdi. Xəzərdəki hərbi-dəniz qüvvələrinin əsas hissəsi Denikinin tabeliyində olsa da, silahları sökülmüş bəzi hərb gəmiləri, o cümlədən "Qars", "Ərdəhan" və "Astrabad" 1919-cu il sentyabrın əvvəllərində Azərbaycan Hökumətinin sərəncamına keçmişdi

1919-cu il oktyabrın 1-də "Astrabad" hərb gəmisinin heyəti təsdiq edildi.Gəminin kapitanı vəzifəsinə azərbaycanlı mütəxəssis Kitabçızadə təyin edildi."Ərdəhan" gəmisinin komandiri vəzifəsi isə kapitan Həsən Çilingərzadəyə tapşırıldı. Dekabrın 5-də "Qars" və "Ərdəhan" gəmiləri heyətlərinin vəziyyətinin yaxşılaşdırılması üçün xüsusi komissiya yaradıldı. 1920-ci ilin əvvəllərində hərbi dəniz qüvvələrinin tərkibində 8 ədəd 75 mm-lik və 100 mm-lik toplarla təchiz edilmiş "Qars" və "Ərdəhan" hərb gəmiləri, "Astrabad", "Göytəpə", "Araz", "Nargin" köməkçi gəmiləri, "Orion" nəqliyyat gəmisi, silahlarla təchiz edilmiş "Puşkin" buxar gəmisi və bir neçə kater var idi. 1920-ci ildə xaricdən saatda ən azı 23 dəniz mili sürətilə hərəkət edən 6 ədəd katerin, 47 mm-lik və ya 57 mm-lik topla, 2 ədəd mina qurğusu ilə silahlanmış 12 ədəd katerin, həmçinin sualtı qayıqlarla döyüş üçün nəzərdə tutulmuş, iki topla təchiz edilmiş, saatda 26-36 dəniz mili sürətilə hərəkət edən katerin alınması planlaşdırılmışdı.Düşmən gəmilərinin dənizdən hücumlarının qarşısının alınması üçün mina düzən gəminin, çox da böyük olmayan 6 ədəd sualtı gəminin, mövcud hərb gəmilərinin döyüş imkanlarını artırmaq üçün müxtəlif çaplı 92 ədəd topun alınması da nəzərdə tutulmuşdu. Lakin Bakı əməliyyatı bu planların həyata keçirilməsinə imkan vermədi.

Hərbi-hava qüvvələrinin təşkilinin zəruriliyini nəzər alaraq, hərbi nazirlik bu işə ən əvvəl müvafiq kadrlar hazırlanmasından başladı. Hərbi nazir Səməd bəy Mehmandarov 1919-cu il yanvarın 22-də Azərbaycanın Gürcüstandakı nümayəndəsi Məmməd Yusif Cəfərova məktubla müraciət edərək, azərbaycanlıların Tiflisdəki Aviasiya məktəbinə göndərilməsinin mümkünlüyünü öyrənməsini xahiş etdi. Azərbaycan-Gürcüstan hərbi əməkdaşlıq müqaviləsi (1919) bağlandıqdan sonra Azərbaycandan bir qrup əsgər və zabit Gürcüstana ezam olundu. Onlardan 9 nəfəri hərbi təyyarəçi peşəsinə yiyələnməli idi.Kapitan Firidun Mirzə Qacar, praporşiklər Əlihüseyn Dadaşov, Teymur Mustafayev, Gəncinski, Həsənzadə və Qaraşarov həmin zabitlərdən idi. Milli ordunun hərbi-hava strukturunun formalaşdırılmasından əvvəl onun rəhbərliyi müəyyənləşdirildi. Hərbi nazirin 1919-cu il 19 avqust tarixli əmri ilə podporuçik Teymur xan Əfşar Aviasiya dəstəsinin rəis müavini təyin edildi. Dəstə birbaşa Baş ərkani-hərbə tabe idi. 1919-cu il sentyabrın 14-də Aviasiya dəstəsinin ştatı təsdiq olundu. Ştatda 5 zabit, 4 məmur, 54 nizami əsgər və 4 qeyri-nizami əsgər var idi.

Milli kadrlara olan ehtiyacın ödənilməsi üçün hərbi nazirlik 1920-ci ildə Azərbaycanda hərbi təyyarəçilər məktəbi açmağı qərara aldı. Hərbi nazir Səməd bəy Mehmandarov 1919-cu il noyabrın 27-də xarici işlər nazirliyinə məktub yazaraq, Aviasiya məktəbində tədrisin təşkili üçün İngiltərədən və İtaliyadan təcrübəli mütəxəssislərin dəvət olunması imkanlarının öyrənilməsini xahiş etdi. Lakin 1920-ci ilin əvvəlindən hərbi şəraitin mürəkkəbləşməsi və Aprel işğalı (1920) hərbi-hava qüvvələrinin möhkəmləndirilməsi sahəsindəki işləri yarımçıq qoydu.

Azərbaycan SSR (1920–1991)

1920-ci ildə Azərbaycan Rusiya Sovet Federativ Sosialist Respublikası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilərək, həmin funksiya Xalq Hərbi Komissarlığına verilmiş, Azərbaycan ordusunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnmişdi. İkinci Dünya müharibəsindən sonrakı dövrdən 1969-cu ilədək Azərbaycanda hərbi kadr hazırlığına Sovet İttifaq rəhbərliyi yenə də qısqanc münasibət bəsləyirdi. 1971-ci ildə böyük səylər nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəb olan Cəmşid Naxçıvanski adına hərbi lisey yarandı. Azərbaycan siyasətçilərinin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması da mümkün olmuşdu.

İkinci Dünya müharibəsi (1941–1945)

İkinci Dünya müharibəsində Azərbaycandan 700 min nəfərdən çox insan səfərbər edilərək ordu sıralarına yola düşmüş, onların 300 mindən çoxu döyüşlərdə həlak olmuşdur. Müharibənin hələ ilk günlərində respublikada 4 mindən çox oğlan və qız könüllü surətdə cəbhəyə getmək üçün hərbi komissarlıqlara müraciət etmişdi. 1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü vardı. Onlardan 30 min nəfərdən çoxu qadınlar idi.Müharibədə hətta azərbaycanlılardan ibarət diviziyalar təşkil olunmuşdu.416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və digər milli diviziyalar Simferopolda, Odessada və digər şəhərlərdə vuruşmuşlar.77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad edilməsində igidlik göstərmişdi. 416-cı diviziya Qafqazdan Berlinədək qəhrəmanlıq yolu keçmişdi. İkinci Dünya müharibəsi zamanı göstərdikləri igidliyə görə Azərbaycandan 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib.

Azərbaycan Respublikası (1991–)

1991-ci il oktyabrın 9-da Milli Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi.. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün — 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü kimi elan edilmişdir. Hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Qarabağ müharibəsi (1988–1994)

Qarabağ müharibəsi zamanı Azərbaycan hökuməti hərbi qulluğa çağırışı həyata keçirirdi və Sovet İttifaqı dağılandan sonra, çox azərbaycanlılar həvəslə ilk aylarıda döyüş üçün hərbi qulluğa daxil olurdu. Azərbaycanın Milli Ordusu təxminən 30,000 kişidən, 10,000-ə yaxın OMON-dan və Azərbaycan Xalq Cəbhəsinin bir neçə min könüllüsündən ibarət idi. Azərbaycanlı hərbçi Surət Hüseynovun Azərbaycan Ordusunun 709 saylı hərbi hissəsi yaratmışdı və 23-cü motor piyada diviziyasının arsenalından çox silah və nəqliyyat vasitələri almışdır.İsgəndər Həmidovun "Bozqurd" briqadası da fəaliyyət göstərirdi.

Qarabağ müharibəsi zamanı Azərbaycan 388-395 ədəd artilleriya, 436-458 ədəd tank, 558-1264 ədəd zirehli personal daşıyıcı, 389-480 ədəd zirehli döyüş nəqliyyat vasitəsi, 63-170 ədəd döyüş təyyarəsi və 45-51 helikopter istifadə etmişdir.Ümumi hərbi müqayisədə, 17-32 yaş qrupunda, Ermənistanda hərbi xidmət üçün uyğun kişilərin sayı — 550 000, Azərbaycanda isə 1,3 mln təşkil edirdi. Hər iki tərəfdən kişilərin əksəri Sovet ordusunda xidmət etmişdi və münaqişəndən əvvəl hərbi təcrübəyə sahib idi, o cümlədən SSRİ-Əfqanıstan müharibəsində xidmətdə olmuşdular. Qarabağ ermənilərin təxminən 60%-i Sovet ordusunda xidmət etmişdir. Lakin əksər azərbaycanlılar Sovet ordusunda onların xidmət zamanı tez-tez ayrı-seçkiliyə məruz qaldığından, döyüş korpuslarından daha çox tikinti batalyonlarda işləmək məcburiyyətində qalmışdı.Azərbaycanda dəniz məktəbi, o cümlədən iki zabit akademiyalarının yaradılmasına baxmayaraq, əsgərlərin hərbi təcrübə olmaması, Azərbaycanın müharibəyə hazır olmamasının əsas amillərindən biri idi. Azərbaycan ordusuna Əfqanıstan komandiri Gülbəddin Hikmətyar tərəfindən yardım edilirdi.

Qarabağda aerial müharibə əsasən qırıcı və hücum vertolyotlarından ibarət idi. Azərbaycan Hərbi Hava Qüvvələri 45 qırıcıdan ibarət idi və çox vaxt keçmiş Sovet hərbi təcrübəli Rusiya və Ukrayna muzdlular tərəfindən idarə olunurdu. Onlar MiQ-25 və Su-24 kimi inkişaf etmiş təyyarələr və MiQ-21 kimi köhnə nəsil Sovet qırıcı bombardmançılar ilə Qarabağa uçurdular. Ermənilərin müdafiə sisteminin quraşdırılması Azərbaycanın daha çox hava hücum qabiliyyətinə ciddi mane olurdu. Azərbaycan və Ermənistanın ən çox istifadə edilən döyüş vertolyotu — Sovet istehsalı Mil Mi-24 Krokodil idi.

1991-1994-cü illərdə Qarabağda və dövlət sərhədində baş vermiş döyüş əməliyyatlarında 11.557 Azərbaycan hərbçisi şəhid olub.Ən çoxsaylı itkilər 1992-1994-cü illərdə davam edən hərbi əməliyyatlar zamanı baş verib. Erməni qüvvələrinin əsas itkiləri Azərbaycan ordusunun 1992-ci ilin yayında həyata keçirdiyi uğurlu hücum əməliyyatları zamanı qeydə alınıb. Azərbaycan ordusunun itkiləri isə əsasən Ağdam döyüşlərində, habelə 1994-cü ilin qış-yaz aylarında Kəlbəcəri geri almaq üçün təşkil edilmiş hücum əməliyyatlarında baş verib.

XXI əsr (2001–)

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq-Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş Aprel döyüşləri, Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talışkəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstankəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.

2017-ci ildə "Global Firepower" təşkilatının yekunlarına əsasən, Azərbaycan Silahlı Qüvvələri "dünyanın ən güclü ordusu” reytinqində 58-ci yerdə qərarlaşıb.Azərbaycan Hərbi Hava Qüvvələrinin sərəncamında 18 qırıcı, 29 hücum, 83 nəqliyyat, 19 təlim təyyarəsi və 93 helikopter (onlardan 17-si hücum helikopteridir), Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sərəncamında 13 patrul və sahil gəmiləri, 7 mina tralçısı, 4 submarinası, 1 freqat tipli gəmisi, Silahlı Qüvvələrin silahlanmasında isə 520 tank, 1590 zirehli texnika, 359 artilleriya qurğusu, 191 reaktiv yaylım atəşi sistemi var. Azərbaycan ordusunda xidmət göstərənlərin sayı 374 500 nəfərdir, səfərbərlik zamanı isə 3 750 000 nəfər hərbi xidmətə çağırıla bilər.

2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar Bakının Azadlıq Meydanında hərbi parad keçirilib. Mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunub.Paradda həmçinin Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan olan 100-dək nümayəndə iştirak edib.

2018-ci il sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilib. Paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Mehriban Əliyeva paradda ediblər. Dövlət başçılarının çıxışlarından sonra Bakı Qarnizonunun şəxsi heyətinin təntənəli keçidi baş tutub.

2016-cı ilin aprelində Füzuli, Cəbrayıl, Ağdərə, Tərtər rayonlarında və Naxçıvan Muxtar Respublikasında bir çox strateji yüksəklikləri azad edərək min hektarlarla ərazinin nəzarətə götürülməsində xüsusilə fərqlənən hərbi hissələrin döyüş bayraqları da parada gətirilib. Meydana Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, Əməliyyat İmkanları Konsepsiyası və Əməliyyat Ehtiyatları taborlarını təmsil edən parad heyəti, Xüsusi Təyinatlı Qüvvələrin və Dəniz Piyadaları bölmələrinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçuları daxil olub. Paradı xüsusi təyinatlı avtomobil texnikaları, zirehli-tank texnikası, Hava Hücumundan Müdafiə silahları sistemlərinin, artilleriya silahları və əməliyyat taktiki raket sistemlərinin kolonları davam etdirib.

Türkiyə Silahlı Qüvvələrinin "Mehtəran" birliyi "Mehtər marşı"nın sədaları altında Azadlıq meydanına daxil olub. "Mehtəran" birliyi tribuna ilə üz-üzə dayanaraq "Əsgər marşı"nı ifa edib. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Osmanlı Türkiyəsi və Azərbaycanın milli hərbi qüvvələri əsasında təşkil edilmiş Qafqaz İslam Ordusunun süvari və piyadalarının qiyafəsində, hər iki ölkənin dövlət bayraqları altında tribuna önündən keçiblər.

Strukturu

Azərbaycan Quru Qoşunları

2011-ci il Bakıdakı hərbi paradda Xüsusi Qüvvələrin üzvləri

 

Azərbaycan Quru Qoşunları Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsidir. Quru Qoşunları müxtəlif hərbi birləşmələrdən və bilavasitə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə tabe olan briqadalardan ibarətdir. Quru Qoşunlarının peşəkar kadr təminatını Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və digər hərbi təhsil müəssisələri təmin edir.

2015-ci ildə Britaniyanın Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hesabatına görə, Azərbaycan Quru Qoşunlarının sayı 85.000 nəfərdir.

Azərbaycan Quru Qoşunları beş korpusdan ibarətdir:

  • Yevlax Ordu Korpusu (Gəncə yaxınlığında yerləşdirilib)
  • Pirəkəşkül Ordu Korpusu (Erməni nəzarətindən alınmış ərazilərə və Azərbaycan-İran sərhədində yerləşdirilib)
  • Şəmkir Ordu Korpusu (Erməni nəzarəti olan ərazilərə nəzarət edir)
  • Bakı Ordu Korpusu (Abşeron yarımadası və onun sahillərinə nəzarət edir)
  • Naxçıvan Ordu Korpusu (Naxçıvanda yerləşdirilib)

Azərbaycan Hərbi Hava Qüvvələri

2018-ci ildə Bakıda keçirilən hərbi paradda Azərbaycan Hərbi Hava Qüvvələri göydə Azərbaycan bayrağının rənglərini nümayiş etdirirlər.

 

Azərbaycan Hərbi Hava Qüvvələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xüsusi qoşun növüdür.Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib.Azərbaycan Hərbi Hava Qüvvələri 14 fevral 1992-ci ildə Milli Ordunun ayrıca bölməsi kimi təsis olunub.1992-ci ilin aprelin 8-də baş leytenant Vaqif Qurbanov keçmiş Sovet ordusunun Sitalçay aerodromundan Su-25 döyüş təyyarəsini qaçıraraq Azərbaycan ordusuna gətirir. Bununla da Azərbaycan HHQ ilk qırıcı təyyarəni arsenalına qəbul edib.Daha sonra Nasosnı aviabazasının alayının komandiri, polkovnik Vladimir Kravtsov (Azərbaycan HHQ-nin ilk komandanı) və Dəllər aviabazasında xidmət edən polkovnik-leytenant Aleksandr Pleşinin səyləri nəticəsində bu bazalardakı sovet aviasiyasına məxsus təyyarələr Azərbaycan ordusunun tabeçiliyinə verilib.1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb.

Müxtəlif məlumatlara görə, hazırda 8,000 nəfər personalın xidmət etdiyi Azərbaycan HHQ arsenalına 200-ə yaxın döyüş təyyarəsi, 160-a yaxın zərbə helikopteri, həmçinin 46 ədəd yardımçı təyyarə və helikopter daxildir. 8000 nəfər personalın xidmət etdiyi HHQ-nin arsenalında MiQ-21, MiQ-29, Su-25 döyüş təyyarələri, İL-76 yük daşıyan təyyarəsi, Bell 412, Kamov Ka-27, Mil Mi-17, Mi-24, Mi-35M, helikopterləri, Hermes 450, IAI Heron, IAI Searcher, Orbiter, Aerostar və Zərbə pilotsuz uçuş aparatları var.

Azərbaycan Hərbi Dəniz Qüvvələri

2011-ci ildə Bakıda keçirilən hərbi paradda Azərbaycan Hərbi Dəniz Qüvvələri

 

1918-ci ildə yaradılan Azərbaycan Hərbi Dəniz Donanmasına "Qars", "Ərdəhan" qayıqları, "Astrabad", "Göytəpə" poçt gəmiləri, "Araz" hidroqrafik gəmisi və "Bayıl" liman daşıyıcı gəmisi daxil idi. 1919-cu ilin yayında ingilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini və və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər. Bu gəmilərin əsasında Azərbaycan Xəzər hərbi-dəniz donanması təşkil olundu. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm addım oldu.1919-cu ilin sonlarında general İbrahim ağa Usubovun başçılıq etdiyi Azərbaycanın hərbi missiyası donanma üçün xaricdən 6 toplu qırıcı kater, 12 qırıcı kater, 6 sualtı qayıq, 92 gəmi toru, 10 sahil toru, simsiz teleqraf qurğuları və s. almışdı.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra donanma Sovet Azərbaycanının Qırmızı Donanması adlandırılmış və 1920-ci ilin yayında bu donanma Xəzər Dəniz Qüvvələrinin tərkibinə daxil edilmişdir.1992-ci ilin aprelin 7-də Azərbaycan Respublikası Hərbi-Dəniz Qüvvələri Qərargahı, mühafizə və təminat rotası yardıldı. Xəzər hərbi-dəniz donanmasıin 25%-i və Bakı Ali Hərbi Dənizçilik Məktəbi Azərbaycan Respublikasının ixtiyarına verildi.

Azərbaycan HDQ-nin kadr təminatını Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi həyata keçirir. Xəzər dənizində Rusiyadan sonra imkanlarına görə, ikinci hərbi donanma sayılan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) şəxsi heyətinin sayı 3000 nəfərdir. HDQ tərkibinə su rayonunun mühafizəsi divizionu, desant gəmiləri divizionu, tral divizionu, axtarış-xilasetmə gəmiləri divizionu, təlim gəmiləri divizonu daxil olan əsasən suüstü gəmilər briqadasından ibarətdir. Bundan başqa, yardımçı gəmilər dəstəsi mövcuddur.HDQ tərkibinə həmçinin Bakı ətrafında yerləşən Azərbaycan Dəniz Piyadaları və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi daxildir.

Azərbaycan Respublikası Daxili Qoşunları

1991-ci ilin dekabrında sabiq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakı şəhərində yerləşən 5-ci diviziyası buraxılmış və heyəti 2 min 500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilmişdir. Həmin vaxtdan Azərbaycan Respublikası Daxili Qoşunları Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin əsasında yaradılmağa başlamışdır.Daxili Qoşunların Azərbaycan Daxili İşlər Nazirliyinin müstəqil strukturu kimi yaranması və formalaşması ölkəmizin çox çətin bir dövrünə təsadüf etmişdir.992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçılarına qarşı döyüşə başlamış, ərazi bütövlüyümüz uğrunda Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndlərində vuruşmuşlar. 1995-ci il martın 9-da prezident Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycan Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları gün - yəni 12 mart Daxili Qoşunlar Günü elan olunmuşdur.

Azərbaycan Milli Qvardiyası

2017-ci ildə Azərbaycan Milli Qvardiyası

 

Azərbaycan Milli Qvardiyası Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 1991-ci il tarixli 524 saylı fərmanı ilə yaradılmışdır.Milli Qvardiya Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibinə daxildir.2007-ci ildə Azərbaycan Milli Qvardiyasında 2.500 nəfər xidmət edirdi.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti — Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 iyul tarixli, 740 nömrəli Fərmanı ilə yaradılmış, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti

Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və mühafizə olunan obyektlərin qorunması, Prezident rabitəsinin, xüsusi dövlət rabitəsinin, dövlət orqanlarının xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərinin və şəbəkələrinin təşkilinin, istismarının, təhlükəsizliyinin və inkişafının təmin edilməsi sahəsində səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.Xüsusi Dövlət Mühafizə Xidməti öz faliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və Xidmət haqqında Əsasnaməni rəhbər tutur.Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidməti tərkibində İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi yaradılmışdır. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi Prezident rabitəsini və Xüsusi rabitəni təşkil edir. Həmçinin Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2004-cı il tarixli fərmanına əsasən Dövlət orqanlarını üçün İnternet seqmentinin yaradılmasını və inkişaf etdirilməsini həyata keçirir.

Səfərbərlik və hərbi xidmətə çağırış

Azərbaycan Respublikasının Konstitusiyasına və "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktına uyğun olaraq Azərbaycan Respublikasının müdafiəsi və əsgəri xidmət Azərbaycan Respublikası vətəndaşının müqəddəs borcudur. Bu Qanunla müəyyən edilmiş hədlərdə və növlərdə hərbi xidmət məcburidir. Alternativ xidmət (əmək mükəlləfiyyəti) keçmək üçün göndərilən şəxslərdən başqa Azərbaycan Respublikasının 18 yaşına çatan və səhhətinə görə hərbi xidmətə yarayan hər bir kişi vətəndaşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında 18 ay müddətində həqiqi hərbi xidmət və ya bir aydan üç ayadək müddətə toplanış hazırlığı keçməlidir. Qanunla müəyyən edilmiş hallarda öz əqidəsinə və başqa əsaslara görə həqiqi hərbi xidmətə qəbul edilə bilməyən Azərbaycan Respublikası vətəndaşları 24 ay müddətində alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməlidirlər. Azərbaycan Respublikasının tibbi və ya başqa ixtisas təhsili olan 18 yaşından 35 yaşınadək qadın vətəndaşları özlərinin razılığı ilə hərbi uçota götürülə bilər və müqavilə əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin köməkçi və ya başqa bölmələrində xidmət edə bilər.

Silah və avadanlıqlar

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi HP-7.62pulemyotu

 

1990-cı illərdə Azərbaycan tam olaraq SSRİ və onun varisi olan Rusiya silahından, hərbi texnikasından asılı vəziyyətdə idi.XXI əsrdə vəziyyət xeyli dərəcədə dəyişdi və Rusiyadan asılılıq xeyli azaldı.2014-cü ildə Azərbaycan Avropada ikinci ən böyük silah idxalçısı idi.Azərbaycan silahları əsasən İsrail, Türkiyə, Ukrayna, Belarus, Rusiya və Pakistandan idxal edir. Azərbaycan İsraildən IMI Uzi və IMI Tavor TAR-21 avtomatını, IWI Negev yüngül avtomatını, B-300 və Spayk tank əleyhinə raketlərini, LAR-160 reaktiv yaylım atəş sistemini, ATMOS 2000 özüyeriyən artilleriya qurğularını, AIL Storm, Plasan Sand Cat və AIL Abir yüngül zirehli maşınlarını, Cardom minaatanını, Hermes 450, IAI Heron, IAI Searcher, Orbiter və Aerostar PUA-larını, Rusiyadan Kamov Ka-27, Mil Mi-17 və Mi-24helikopterlərini, MiQ-21, MiQ-29 və Su-25 döyüş təyyarələrini, BTR-80 zirehli transportyoru, BMP-3M piyada döyüş maşınlarını, T-90S tanklarını, 9M133 Kornet tank əleyhinə raketlərini, TOS-1, BM-30 Smerç reaktiv yaylım atəş sistemlərini, Belarusdan 2S7 Pionözüyeriyən artilleriya qurğularını, Polonez reaktiv yaylım atəşi sistemlərini, Türkiyədən T-155 Fırtına özüyeriyən artilleriya qurğularını, T-122 Sakarya və T-300 Qasırğa reaktiv yaylım atəş sistemlərini, Otokar Kobra döyüş kəşfiyyat maşınlarını, Çexiyadan RM-70 Vampirreaktiv yaylım atəş sistemlərini, ABŞ-dan Remington Model 700 snayper tüfənglərini, M16 və M4 avtomatlarını, Almaniyadan Heckler & Koch MP5 avtomatlarını və s. idxal edir.

2005-ci il dekabrın 16-da yaranan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi müdafiə sənayesi sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi istehsal etdiyi hərbi məhsullardan İstiqlal və Yalquzaq snayper tüfənglərini, Matadorvə Marauder zirehli transportyorları, Gürzə patrul maşınını, EM-14 və Xəzri avtomatını, Şimşək hücum tüfəngini, İnam, Zəfər-K və Zəfər tapançalarını, Zərbə pilotsuz uçuş aparatını, müxtəlif mm-lik minaatanları, əl qumbaraatanı, tüstü qumbarasını, qəlpəli minalı atəş yığımını və s. qeyd etmək olar. 2018-ci ildə Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edib.

Hərbi büdcə

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatına görə, 2012-ci ildə dünyada hərbi büdcəsini ən çox artıran ölkə Azərbaycan olub.2018-ci ilin dövlət büdcəsində müdafiə xərcləri üçün 2,739 milyard manat və ya 1,611 milyard ABŞ dollarının ayrılıb.Azərbaycanın müdafiə məqsədləri xərcləri Ermənistanla müqayisədə təxminən 3 dəfə artıqdır.

Formalar, rütbələr, nişanlar

Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və hərbi litsey kursantlarının nümunəvi hərbi intizama, döyüş əməliyyatlarında iştirakına, döyüş təlimlərində yüksək nailiyyətlərə, idmanda yüksək uğurlara görə təltif edilməsi üçün döş nişanlarını Azərbaycan Respublikasının müdafiə naziri təsis edir, həmçinin döş nişanları haqqında əsasnamələri və onların təsvirlərini təsdiq edir.

Beynəlxalq hərbi əməkdaşlıq

Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Moskvada İkinci Dünya müharibəsində Qələbənin 70-ci ildönümünə həsr olunan paradda

 

Azərbaycan Respublikasının sülh və müharibə dövründə hərbi təhlükəsizliyinin təmin olunmasında, həmçinin xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar çərçivəsində tərəfdaşlıq münasibətlərinin qurulmasında Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq fəaliyyətinin rolu xüsusi əhəmiyyətə malikdir.

Beynəlxalq hərbi əməkdaşlıq fəaliyyəti Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələri ilə əlaqəli şəkildə, Azərbaycan Respublikasının müdafiə və xarici siyasət kursuna müvafiq olaraq həyata keçirilir.Həmçinin, beynəlxalq hərbi əməkdaşlıq Müdafiə Nazirliyinin hərbi, hərbi təhsil, hərbi-siyasi və hərbi-texniki sahələrdə xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli formatda həyata keçirdiyi kompleks fəaliyyətlərdir.Azərbaycan Ordusunun şəxsi heyəti il ərzində regional və beynəlxalq səviyyədə keçirilən müxtəlif təyinatlı taktiki və kompüter dəstəkli hərbi təlimlərdə iştirak edir.

Beynəlxalq hərbi əməkdaşlığın həyata keçirilməsinin əsas istiqamətləri:

  • Region ölkələri və regiondan kənar ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq
  • Avro-Atlantik strukturlarla əməkdaşlıq
  • Beynəlxalq təşkilatlarla və xarici dövlətlərin müdafiə sənayesi kompleksləri ilə əməkdaşlıq

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi region və region xaricindəki strateji tərəfdaş ölkələrin Silahlı Qüvvələri ilə regional təhlükəsizliyin təmin olunması, beynəlxalq strateji əhəmiyyətli layihələrin mühafizəsi və beynəlxalq təhlükəsizliyə töhfə vermək məqsədilə Azərbaycan-Türküyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Pakistan və Azərbaycan-Rusiya-Qazaxıstan olmaqla çoxtərəfli əməkdaşlıq həyata keçirir. İkitərəfli hərbi əməkdaşlıq Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə xarici dövlətlərin Silahlı Qüvvələri və hərbi sənaye kompleksləri arasında ikitərəfli əsasda aparılır. Hazırda Azərbaycan dünyanın 40-a yaxın ölkəsi ilə ikitərəfli əsasda hərbi əməkdaşlıq həyata keçirilir.

Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı 1992-ci ilin mart ayında ölkəmizin bəzi Mərkəzi və Şərqi Avropa dövlətləri ilə birlikdə yeni yaranmış və 1997-ci ildən etibarən Avro-Atlantik Tərəfdaşlıq Şurası kimi tanınan Şimali Atlantik Əməkdaşlıq Şurasının məşvərət forumuna daxil olması ilə başlayıb. 4 may 1994-cü il tarixdə Azərbaycan Respublikası NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" (SNT) Proqramına qoşulub.Müdafiə Nazirliyi NATO ilə əməkdaşlıq çərçivəsində Sülh Naminə Tərəfdaşlıq Proqramı, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi, Əməliyyat İmkanları Konsepsiyası, Tərəfdaşlığın Qərargah Vəzifəsi, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı, Sülh Naminə Elm Proqramı və NATO-nun digər əhəmiyyətli tərəfdaşlıq mexanizmlərindən səmərəli şəkildə istifadə edir.Müdafiə Nazirliyi bu mexanizmlərdən istifadə edərək strateji sənədlərin işlənib hazırlanması, hərbi təlim və tədrisdə NATO standartlarının tətbiqi, Sülhməramlı qüvvələrin hazırlığı, şəxsi heyətin idarə olunması, dəniz təhlükəsizliyi, maddi-texniki təminat, təcrübələrin öyrənilməsi, kibertəhlükəsizlik, enerji təhlükəsizliyi, sahib ölkə dəstəyi və hava məkanına nəzarət sahələrində müvafiq islahat fəaliyyətlərini həyata keçirir

Beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak

Azərbaycan Ordusunun sülhməramlı kontingenti 1999-cu ildən etibarən sülhməramlı əməliyyatlarda iştirak edir.[69] 1999-cu ilin sentyabr ayından 2008-ci ilin mart ayınadək Azərbaycan Ordusunun sülhməramlı taqımı 34 nəfər şəxsi heyətlə (32 əsgər, 1 gizir və 1 zabit) NATO-nun rəhbərliyi altında Kosovoda sülhyaratma və sülhü dəstəkləmə əməliyyatlarda iştirak edib. Azərbaycan taqımı Türkiyə taborunun 4-cü mexanikiləşdirilmiş piyada bölüyünün tərkibində Draqaş şəhərində xidmət aparıb.Brod yaşayış məntəqəsi bu taqıma cavabdehlik ərazisi kimi təhkim edilmişdir.[69] Bu müddət ərzində Kosovada keçirilən əməliyyatlarda 362 nəfər hərbi qulluqçu iştirak edib (345 nəfər əsgər, 7 nəfər gizir, 10 nəfər zabit).

20 noyabr 2002-ci il tarixdən Azərbaycan Ordusunun 22 nəfərlik sülhməramlı taqımı Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyətə başlayıb. 15 yanvar 2008-ci il tarixdən Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı artırılaraq bölük səviyyəsinə çatdırılıb.2 oktyabr 2008-ci il tarixdə Azərbaycan Respublikasının Milli MəclisiƏfqanıstandakı sülhməramlı kontingentin sayının 2 dəfə artırılması barədə qərar qəbul edib. 19 fevral 2009-cu il tarixdən Azərbaycan Ordusunun 90 nəfərlik sülhməramlı kontingenti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatlarında Türkiyə Silahlı Qüvvələrinin taboru tərkibində fəaliyyət göstərir. Bölüyün şəxsi heyəti Kabil şəhərində yerləşən televiziya qülləsini, İSAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini təmin edib.5 oktyabr 2010-cu il tarixində Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi İSAF əməliyyatlarında Azərbaycan Respublikası Sülhməramlı qüvvələrinin töhfəsinin artırılması məqsədilə 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə zabit göndərib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı bölüyü 2003-cü il avqustun 15-dən 2008-ci dekabrın 7-dək 151 nəfərlik şəxsi heyətlə (120 əsgər, 16 gizir, 15 zabit) İraqdaBeynəlxalq Koalisiya Qüvvələri tərkibində fəaliyyət göstərib. İraqın Əl-Həditə şəhəri yaxınlığında ABŞ Dəniz Piyadaları Komandanlığının tərkibində su anbarının və su elektrik stansiyasının mühafizəsini həyata keçirib.Koalisiya Qüvvələrinin İraqdan çıxması ilə əlaqədar 2008-ci il dekabrın 7-də bölük tam heyətlə İraqdan geri qayıdıb.

2015-ci ilin yanvar ayından NATO-nun Əfqanıstanda keçirdiyi "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasında Silahlı Qüvvələrin 94 nəfərlik kontingenti 6 aylıq rotasiya planına uyğun olaraq xidmətə başlayıb.2018-ci ilin yanvar ayından Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi "Qətiyyətli Dəstək" missiyası üzrə Azərbaycan Ordusunun Sülhməramlı kontingentinin şəxsi heyətinin sayı 120 nəfərə çatdırılıb. Azərbaycan Ordusunun Sülhməramlı kontingenti Kabil Beynəlxalq Hava Limanının mühafizəsi tapşırığını icra edir və müvafiq qərargahlarda təmsil olunur. 1999-cu ildən 2018-ci ilə qədər müxtəlif regionlarda keçirilən sülhməramlı əməliyyatlarda Azərbaycan Ordusunun 3000-dən artıq hərbi qulluqçusu iştirak edib.

Mədəniyyətdə

Azərbaycan Silahlı Qüvvələri və onun inkişafına həm də poçt markaları həsr olunmuşdur.

Azərbaycanda Silahlı Qüvvələri poçt markalarında

Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi. 2013-cü il

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR