Azərbaycan Respublikasının çayları
Respublikanın çay şəbəkəsi 8350-dən çox çaydan ibarətdir ki, bunlardan 2 çayın uzunluğu 500 km-dən çox, 22 çayın uzunluğu 101-500 km arasında, 324 çayın uzunluğu 11-100 km arasındadır, əksər çayların uzunluğu isə 10 km-dən azdır.
Azərbaycan Respublikasının çayları ümumiyyətlə Xəzər dənizi hövzəsinə aiddirlər. Ayrılıqda onlar üç hövzəyə aid edilir:
1. Kür çayının öz hövzəsinin çayları (Kürün sol və sağ qolları)
2. Araz hövzəsinin çayları (Arazın sol qolları)
3. Birbaşa Xəzər dənizinə tökülən çaylar.
Çayların su toplayıcı sahələrinin yüksəklik vəziyyətinin yerüstü axımın formalaşmasında mühüm rol oynadığını nəzərə alaraq ərazinin çayları iki qrupa bölünürlər:
1) yüksək su toplayıcı sahələri olan çaylar – bu çayların su ayrıcılarının hündürlüyü 2500-3000 m-dən çoxdur;
2) alçaq su toplayıcı sahələri olan çaylar – su ayrıcılarının hündürlüyü 2500-dən çox olmur. Bütün daimi axan və qismən quruyan çaylar yüksək su toplayıcı sahəyə, müvəqqəti axan çaylar isə - alçaq su toplayıcı sahəyə malikdirlər.
Beləliklə, Respublikanın çay sistemi Kür çayı və onun qollarından həmçinin birbaşa Xəzər dənizinə tökülən çaylardan ibarətdir.
Kür çayı Azərbaycanın əsas su mənbəyi və arteriyasıdır. Çay Türkiyənin, Gürcüstanın və Azərbaycanın ərazisindən axır. Çayın ümumi su toplayıcı sahəsi 188000 km2-dir, Azərbaycanın ərazisinə bu sahənin 58000 km2-ri və ya 31%-i aiddir. Kür çayının Gürcüstan sərhəddindən sonra Qıraq Kəsəmən məntəqəsində axım norması 270 m3/s və ya 8,52 km3-dir. Qapayıcı Kür- Salyan məntəqəsində isə orta çoxillik axım 445 m3/s və ya 14,04 km2-dir.
Respublikanın ikinci böyük çayı və Kür çayının sağ qolu olan Araz çayı Türkiyənin ərazisindən axır, həmçinin Türkiyə ilə Ermənistan arasında, Türkiyə ilə Azərbaycan arasında, İran ilə Azərbaycan arasında həmsərhəd çaydır. Arazın ümumi su toplayıcı sahəsi 102000 km2-dir, Azərbaycanda bu sahənin 18740 km2 və ya 18%-i yerləşir. Araz çayının Novruzlu (Saatlı) məntəqəsində orta çoxillik axım 121 m2/s və ya 3,82 km2-dir.
Respublikanın çay sistemi üç qrup çaylardan ibarətdir: transsərhəd, sərhəd və yerli çaylar. Transsərhəd (iki və ya bir neçə ölkənin ərazisindən axan) çaylara Kür, Qanıx (Alazan), Qabırrı (İori), Xrami, Arpaçay və s. çaylar aiddir. Sərhəd (iki və ya bir necə ölkə arasında həmsərhəd olan) çaylara Araz, Samur, Bolqarçay və s. aiddir. Yerli çaylar Respublikanın ərazisində formalaşır və axırlar.
Su toplayıcının sahəsinə və sululuğuna gorə Respublikanın 2 çayı (Kür və Araz) böyük çaylara, 12 çayı orta çaylara, qalan çaylar isə kiçik çaylara aiddirlər. Yerli çaylardan yalnız 4-ü (Pirsaat, Həkəriçay, Tərtərçay və Kürəkçay) orta çay hesab oluna bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət