Slimfit
  1. DÜNYA

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Sakura

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 Tarixi

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 10 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Sosial Təminat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Əmək və Sosial Məsələlər Komitəsi ləğv edilərək, onların bazasında yaradılmışdır.

Azərbaycanda sosial təminatın tarixi

Azərbaycanda sosial təminat qanunvericiliyi XX əsrin əvvəllərində formalaşmağa başlamış, bu sahədə ilk aktlar olaraq, 1903-cü ildə “İstehsalatda bədbəxt hadisələrə görə işəgötürənlərin məsuliyyəti haqqında” və 1912-ci ildə “Bədbəxt hadisələrdən və xəstəliklərdən fəhlələrin sığortası haqqında” qanunlar qəbul olunmuşdur.

XX əsrin əvvəllərində Rusiya imperiyasında sığorta münasibətlərini tənzimləyən “Xəstəlik zamanı fəhlələrin təminatı haqqında”, ”Fəhlələrin sığorta məsələləri üzrə idarə və şuranın təsis edilməsi haqqında”, “Fəhlələrin bədbəxt hadisələrdən sığortası haqqında” və s. qanunlar qəbul olunsa da, ölkədəki gərgin ictimai-siyasi hadisələr bu qanunların tətbiqinə imkan verməmişdir.

İnqilabdan sonra 8 saatlıq iş gününün tətbiqi ümumi siyasi tələb kimi fəhlə hərəkatında birinci yeri tuturdu. 15 aprel 1917-ci ildə Bakı Fəhlə və Əsgər Deputatları Soveti sənaye sahibləri və müəssisələrin müdiriyyəti ilə razılaşma əsasında 6 bənddən ibarət olan “Bakı rayonunda 8 saatlıq iş günü qoyulması haqqında” məlumat yaydı. 12 sentyabr 1917-ci ildə isə RSDF(b)P Bakı təşkilatının konfransında fəhlələr üçün 8 saatlıq iş günü tətbiq edilməsi, əmək haqqının bahalıqla bir səviyyədə tənzimlənməsi, fəhlə sinfinə normal yaşayış təmin edəcək ictimai-hüquqi xarakterli bütün tədbirlərin həyata keçirilməsini nəzərdə tutan 5 bənddən ibarət tapşırıq qəbul edildi.

Rusiyada Oktyabr çevrilişindən sonra Cənubi Qafqazda Rusiya üsul-idarəsinə son qoymaq və regionu idarə etmək məqsədilə 1917-ci il noyabrın 11-də Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrinin iştirakı ilə Zaqafqaziya Komissarlığı yaradıldı. 11 nazirdən ibarət olan bu hökumətin sədri gürcü menşeviki E.P.Gegeçkorin idi ki, o, həm də Əmək və Xarici İşlər Nazirliyinə rəhbərlik edirdi. Bu hökumət 6 aydan sonra öz yerini yeni yaradılmış Zaqafqaziya Demokratik Federativ Respublikasına verdi. Cəmi 35 gün mövcud olmuş bu hökumət əvvəlki sələfi kimi öz fəaliyyətini yalnız kağız üzərində rəsmiləşdirə bildi.

Bakı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin 22 mart 1918-ci il tarixli qərarı ilə Bakı quberniyasının Əmək Komissarlığı təşkil olundu. Yakov Zevin komissar təyin olundu. Az sonra Bakı Sovetini əvəz edən Bakı Xalq Komissarları Sovetində də Xalq Əmək Komissarı yenə Yakov Zevin oldu. Xalq Komissarları Soveti iyulun 31-dək, 3 aylıq fəaliyyəti ərzində 200-dən çox şəxsi neft mədənini, 299 sənaye müəssisəsini milliləşdirməklə yanaşı, fəhlə və qulluqçuların əmək hüquqlarının müdafiəsi, işçilərin əməyinin mühafizəsinin təşkili və s. ilə bağlı bir sıra sosial tədbirlər də həyata keçirmişdir.

1918-ci il mayın 28-də Tiflis şəhərində Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradılaraq İstiqlal Bəyannaməsi elan olundu və 9 nəfərdən ibarət ilk müvəqqəti hökumət kabineti təşkil edildi. İlk hökumət kabinetində Əkinçilik və Əmək naziri vəzifəsi ``Hümmət`` partiyasından Milli Şuraya üzv seçilmiş Əkbər ağa Şeyxülislamova həvalə olundu.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sosial siyasətinin əsas istiqaməti ümumi daxili məhsulda istehlak fondunun payının artırılması, əhalinin hər nəfərinə görə istehlak fondunun, ümumi daxili məhsulda milli gəlirin və məşğulluq səviyyəsinin artırılması, əmək şəraitinin yaxşılaşdırılması, təhsil, səhiyyə, mənzil və kommunal təminatın səviyyəsinin yüksəldilməsinə yönəlmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə parlamentin müzakirəsinə müxtəlif sahələrə aid 315 qanun layihəsi təqdim olunmuşdu ki, onlardan 10-u sosial sahəyə aid idi.

Pensiya məsələləri üzrə iki əsas qərar qəbul edilmişdi ki, onlardan biri 28 avqust 1918-ci il tarixli “Pensiya haqqında qanun layihəsinin tərtib olunması üçün komissiya yaradılması haqqında” qərar idi. Qərarda istefaya çıxan şəxslərə xidmət illərinə görə pensiya təyin olunması nəzərdə tutulurdu. Cümhuriyyətin fəaliyyəti dövründə Bakı şəhərində Əmək Birjası fəaliyyət göstərirdi. Bakı Əmək Birjası 1918-ci il yanvarın 13-də Bakı şəhər Dumasında yaradılmışdı.

26 dekabr 1918–ci ildə isə 14 nəfərdən ibarət üçüncü koalisiyon hökumət təşkil edildi. Bu hökumətdə Poçt, Teleqraf və Əmək naziri vəzifəsinə Aslan bəy Səfikürdski təyin olundu.

Üçüncü hökumət fəhlələrin ağır iş rejimi və sosial vəziyyətini nəzərə alaraq əmək haqlarının, müavinətlərin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi və s. ilə bağlı bir sıra tədbirlər həyata keçirmişdir. Parlamentin 21 yanvar 1919-cu il tarixli qərarı ilə Xalq Cümhuriyyəti Hökumətində əmək münasibətləri və bununla bağlı digər məsələləri tənzimləmək məqsədilə Əmək Nazirliyi təsis olundu. İcra və nəzarətedici səlahiyyət əldə edən Əmək Nazirliyi 1919-cu il yanvarın 25-də fəhlələrin əməyinin mühafizəsi və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə xüsusi müşavirə keçirdi. Müşavirədə tərəflərin bərabər təmsil olunması şərti ilə, fəhlə və müəssisə sahibləri daxil olmaqla 19 nəfərdən ibarət xüsusi komissiya yaradılması qərara alındı. Yanvarın 26-da isə nazirlik kollektiv müqavilənin şərtlərində bir sıra dəyişiklik edilməsi barədə qərar verdi.

Hökumətin fəaliyyəti fəhlə qanunvericiliyinin formalaşdırılmasına, fəhlə və sahibkarlar arasında münasibətlərin tənzimlənməsinə, əməyin mühafizəsi və zəhmətkeşlərin maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdi. Üçuncü hökumətin fəaliyyəti ərzində fəhlələrin və qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə konkret qərarlar qəbul edilmişdir.

1919-cu il aprelin 14-də Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Xalq Cümhuriyyəti Hökumətinin 14 nazirdən ibarət dördüncü hökumət kabineti təşkil edildi və Aslan bəy Səfikürdski Ədliyyə və Əmək naziri təyin edildi. Bu zaman inflyasiya ilə əlaqədar olaraq müavinət və əmək haqlarının artırılması hökumətin sosial siyasətinin mühüm istiqamətini təşkil edirdi. Elə bu məqsədlə Parlament Dəmir Yol Nazirliyinin xətti üzrə dəmir yollarında xidmət etmiş şəxslərin xidmət illərindən sonrakı təminatı haqqında Əsasnaməni, habelə hökumət qulluqçuları və ibtidai məktəb müəllimlərinin əmək haqqlarının artırılması, yaşayış minimumunun qaldırılması haqqında qanunları qəbul etmişdir. Dördüncü hökumətin fəaliyyəti dövründə qaçqınların problemlərinin həllinə aid bir sıra qanun və qərarlar da qəbul olunmuşdur.

1919-cu il avqustun 5-də Nazirlər Şurasının qərarı ilə Əmək Nazirliyinin nəzdində əməyin mühafizəsi, əmək haqqı dərəcələrini və əmək mübahisələrini tənzimləmək məqsədilə Əmək Müfəttişliyi təsis olundu. Yeni müfəttişliyin yaradılması ilə əməyin mühafizəsinə nəzarət işi bir idarədə cəmləşdi və onun nəzarət dairəsi respublikanın bütün ərazisini əhatə etdi. Ölkənin 8 bölgəsinin hər birində rayon müfəttişi vardı. Aprel işğalınadək fəaliyyəti dovründə müfəttişlik tərəfindən nazirliyə daxil olan 1537 şikayətdən 922-si fəhlələrin xeyrinə həll edilmiş, 145-nə rədd cavabı verilmiş, 14-ü məhkəməyə göndərilmiş, 456-sı isə həll olunmamış qalmışdır. ADR parlamentinin 7 dekabr 1918-ci il tarixli “Fəhlə məsələsi haqqında“ qərarında əmək qabiliyyətini tam və ya qismən itirdikdə fəhlələrə sığorta verilməsi müəyyən edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyəti dövründə pensiya məsələləri üzrə ikinci qərar 27 avqust 1919-cu ildə qəbul edilmiş “Pensiya nizamnaməsinin hazırlanması üzrə komissiyanın yaradılması haqqında” qərar olmuşdur.

1919-cu il dekabrin 22-də təşkil edilmiş sonuncu, 12 nəfərdən ibarət beşinci hökumətdə Əkinçilik və Əmək Nazirliyinə Əhməd bəy Pepinov rəhbərlik etmişdir. Həmin hökumət fəhlə məsələsinə aid proqram hazırlamış və bununla bağlı məlumat yaymışdır. Proqramda uşaq və qadın əməyinin mühafizəsinin təmin edilməsi, müdiriyyətin həmkarların işinə qarışmasının yolverilməz olduğu, fəhlə təşkilatlarına hücumların dayandırılacağı, yığıncaq azadlığı və əmək haqqının qaldırılması məsələləri nəzərdə tutulmuşdur.

Beşinci hökümətin fəaliyyəti dövründə ehtiyacı olan şəxslərin kommunal xidmətlərdən, nəqliyyatdan güzəştlə istifadə etmələri, maaşların artırılması və qaçqınlara əvəzsiz maddi yardım göstərilməsi kimi sosial güzəştləri nəzərdə tutan qərarlar qəbul edilmişdir.

1920-ci il aprelin 27-də XI Qırmızı Ordu beynəlxalq hüquq normalarını pozaraq, silahlı qüvvələrini Azərbaycana yeritdi və Azərbaycanın dövlət müstəqilliyinə son qoydu.1920-ci il aprelin 28-də hakimiyyət Müvəqqəti İnqilab Komitəsinin əlinə keçdi. Mayın 3-də Azərbaycan İnqilab Komitəsinin 2-ci iclasında hökumətin tərkibində Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası yaradıldı. Seyidcəfər Yaqub oğlu Yaqubov Azərbaycan SSR Xalq Əmək Komissarı təyin olundu.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Xalq Komissarları Soveti işçi qüvvəsindən səmərəli istifadə etmək, fəhlələri öz ixtisaslarına görə yerləşdirmək, işçilərin həyatını, sağlamlığını və əməyini mühafizə etmək məqsədilə Xalq Əmək Komissarlığının nəzdində Əməyin Mühafizəsi Müfəttişliyini təsis etdi. Bu təşkilatın vəzifəsi zəhmətkeşlərin əməyinin mühafizəsi və mənafeyi ilə bağlı zəruri tədbirlər görmək idi. 1920-ci ildə neft sənayesi müəssisələrində əməyin mühafizəsi üzrə 150 komissiya yaradılmışdır.

Sovet hakimiyyətinin bərqərar olmasından sonra fəhlə və qulluqçuların sosial təminatı ilə əlaqədar bir sıra qərarlar qəbul olunmuşdur. “Muzdlu əməklə məşğul olan şəxslərin sosial sığortası haqqında” 15 noyabr 1921-ci il tarixli Dekret muzdlu əməklə məşğul olan bütün şəxslərə və əmək qabiliyyətinin müvəqqəti və ya daimi olaraq itirildiyi bütün hallara, işsizliyə, eləcə də ölüm hallarına şamil edilirdi. 9 dekabr 1921-ci il tarixli “Ailə başçısının itirilməsinə görə zəhmətkeşlərin ailələrinin sosial təminatı haqqında” və “Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və analığa görə sosial təminat haqqında” dekretlərlə ailə başçısının itirilməsi ilə əlaqədar pensiya təminatı həll olunmuşdur. Bundan başqa, 8 dekabr 1921-ci il tarixli “Əlillərin sosial təminatı haqqında”, 19 dekabr 1921-ci il tarixli ”Xəstəliyin sığortası haqqında” və 28 dekabr 1921-ci il tarixli “İşsizliyə görə sosial təminat haqqında” Dek-retlər də qəbul olunmuşdur.

1922-ci il oktyabarın 30-da ZSFSR MİK-nin 9-cu çağırış 4-cü sessiyasında “Əmək haqqında qanunlar məcəlləsi” qəbul edildi. Bu Məcəllə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin “Əmək haqqında qanunlar məcəlləsini qüvvəyə mindirmək haqqında” 30 dekabr 1922-ci il tarixli qərarı ilə əmək məsələlərinin tənzimlənməsində hüquqi baza olmuşdur. Məcəllə 1971-ci ilə qədər, yəni Azərbaycan SSR-nin Əmək Qanunları Məcəlləsinin qəbul edildiyi tarixədək qüvvədə olmuşdur.

RSFSR Xalq Səhiyyə Komissarlığı və Xalq Əmək Komissarlığı 19 aprel 1924-cü il tarixdə “Sığorta olunan şəxslərin protez və ortopediya aparatları ilə təchiz edilməsi tədbirləri haqqında” sərəncam vermişdir. Bu sərəncam əsasında sosial sığorta pensiyası alan əmək əlillərinin və onların ailə üzvlərinin pulsuz protez və ortopediya aparatları ilə təmin edilməsinə başlanılmışdır.

1922-27-ci illər Azərbaycanda əsasən, xalq təsərrüfatının bərpası, yerlərdə kənd sovetlərinin yaradılması və sosializm quruculuğu dövrü olduğundan İctimai Təminat Komissarlığının vəzifələrini Azərbaycan Xalq Komissarları Soveti və ayrı-ayrı şuralar yerinə yetirirdi. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 20 iyun 1927-ci il tarixli qərarı ilə Xalq İctimai Təminat Komissarlığının fəaliyyəti bərpa edildi və M.Hacıyev komissar təyin olundu.

Bu Komissarlıq əsasən, ictimai təminat sistemini yaxşılaşdırmaq və təkmilləşdirmək, əlil və işçi vətəndaşlara imtiyazlar vermək kimi işləri yerinə yetirirdi. Görülən işlər sayəsində 1927-ci ilin avqust ayında Bakıda əlillərin problemləri ilə məşğul olmaq üçün “Əlillər korporasiyası” yaradılmış, İctimai Təminat Komissarlığı sisteminə daxil olan 25 arteldə müxtəlif ixtisaslar üzrə yüzlərlə əlil işlə təmin edilmişdir.

Sovet dövründə pensiya və müavinətlərın təyin olunması və artırılması ümumittifaq qanunvericiliyi çərçivəsində, yəni SSRİ Mərkəzi İcraiyyə Komitəsi və SSRİ Xalq Komissarları Sovetinin qəbul etdiyi qanun və qərarlar əsasında həyata keçirilirdi. Respublikada pensiya təminatı sisteminə nəzarət edilməsi məqsədilə Azərbaycan SSR Xalq Komissarları Sovetinin “Dövlət ictimai sığortası üzrə pensiyaların təyin edilməsi barədə” 1937-ci il 9 may tarixli 2891 nömrəli qərarı ilə AHİŞ-da, dəmir yolları, dəniz nəqliyyatı və çay nəqliyyatı fəhlələri həmkarlar ittifaqlarında bütün növ pensiyaların təyin olunması dayandırılaraq, bu işin həyata keçirilməsi səlahiyyəti Xalq İctimai Təminat Komissarlığına verildi.

1937-ci il 19 avqust tarixli 3793 nömrəli qərara əsasən, 1939-cu il sentyabrın 1-dən etibarən Azərbaycan SSR-nin Konstitusiyasına (maddə 100) uyğun olaraq Bakı şəhərinin rayon sovetlərində ictimai təminat şöbələri yaradıldı.

Azərbaycan SSR Nazirlər Sovetinin 25 oktyabr 1958-ci il tarixli qərarı ilə İctimai Təminat Nazirliyi tərəfindən 1960-cı ilin yanvarın 1-dən başlayaraq, çoxuşaqlı və tək analara hər ay dövlət yardımı verilməsinə başlanıldı. Həmçinin həmin il sovet pensiya sistemində müavinətlərin yeni növləri tətbiq edildi.

1970-1985-ci illərdə Azərbaycanda əmək ehtiyatlarından səmərəli istifadə edilməsi və respublika iqtisadiyyatının hərtərəfli, kompleks şəkildə inkişafı, xüsusən, əhalinin maddi rifahının yüksəldilməsi nəticəsində respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılmış, 213 sənaye müəssisəsi işə salınmış, eyni zamanda 350 adda məhsulun dünyanın 65 ölkəsinə ixrac olunmasına başlanılmışdır. 1958-1970-ci illərdə fəhlə və qulluqçuların əmək haqqı 109,6 rubl olduğu halda, 1985-ci ildə 234 rubla çatmışdır.

Qocalara, əlillərə, əmək qabiliyyətini müvəqqəti itirənlərə, əmək və müharibə veteranlarına, ailə başçısını itirmiş ailələrə və tək analara maddi yardım artırılmışdır. Qocalığa və əlilliyə görə dövlətdən pensiya alanların sayı 1970-ci ildə 643 min idisə, 1989-cu ildə bu göstərici 987 min nəfərə, işləyənlərin sayı 1.273 min nəfərdən 2.361 min nəfərə çatmışdır.

Əhalinin sağlamlığının qorunması sahəsində də mühüm tədbirlər həyat keçirilmişdir. Əhaliyə ambulator-poliklinika yardımı göstərən müəssisələr 1075-dən 1826-ya, qadın məsləhətxanaları, uşaq məsləhətxana və poliklinikalarının sayı 313-dən 1034-ə, həkimlərin sayı 13 mindən 27,5 min nəfərə çatmışdır. 2239 yaşayış məntəqəsində ilk tibbi yardım xidməti təşkil edilmişdir. 10 dekabr 1971-ci ildə Azərbaycan SSR-nin Əmək Qanunları Məcəlləsi qəbul edilmişdir.

1991-ci il oktyabrın 18-də ``Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında`` Konstitusiya Aktı qəbul olundu və Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyini qazandı. Dövlət müstəqilliyini bərpa etdikdən sonra respublikanın dövlət təsisatlarının yenidən təşkilinə başlanıldı.

Azərbaycan Respublikası Prezidentinin “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılması haqqında” 10 dekabr 1992-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Sosial Təminat Nazirliyi ilə Azərbaycan Respublikasının Dövlət Əmək və Sosial Məsələlər Komitəsi ləğv edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaradıldı.

Lakin dövlət müstəqilliyinin ilk illərində ölkədə ağır sosial-iqtisadi və siyasi gərginlik hökm sürürdü. Respublika rəhbərliyində siyasi cəhətdən təcrübəsiz, dövlət idarəçiliyi sahəsində heç bir qabiliyyət və səriştəsi olmayan, təsadüfi insanların təmsil olunması siyasi hakimiyyətdə qısa müddətdə dərin böhrana səbəb oldu. Siyasi hərc-mərclik və bir-birini əvəz edən intriqalar, qarşıdurmalar ciddi sosial-iqtisadi tənəzzülə və cəmiyyətin həyatında anarxiya meyllərinin yaranması və güclənməsinə yol açdı. Belə bir qeyri-sabit ictimai-siyasi şərait bir tərəfdən separat iddialarının baş qaldırmasına, ayrı-ayrı qaragüruhçu silahlı dəstələrin dövlətə qarşı hədələyici təzyiqlər göstərməsinə, digər tərəfdən isə erməni silahlı birləşmələrinin ölkə ərazilərini bir-birinin ardınca qəsb etməsinə imkan verdi. Son dərəcə çətin bir şəraitdə, dövlət idarəetmə mexanizminin iflic vəziyyətə düşdüyü bir halda hər hansı bir dövlət strukturunun, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normal fəaliyyəti qeyri-mümkün idi.

Bu gün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlətin ilbəil güclənən sosial siyasətinin yüksək səviyyədə icrasına, ölkə əhalisinin rifah halının yaxşılaşdırılmasına mühüm töhfələr verən və bu səbəbdən cəmiyyətin inam və etimadını qazanmış bir hökumət strukturu kimi fəaliyyətini uğurla davam etdirir.

 

Nazirliyin vəzifələri

  1. Əmək, sosial müdafiə, pensiya təminatı, demoqrafiya və miqrasiya sahəsində dövlət siyasətini hazırlamaq və qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
  2. əmək qabiliyyətli əhalinin işgüzarlıq və təşəbbüskarlığının artırılması üçün zəruri şərait yaratmaq, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əmək və sosial hüquqlarının qorunmasını təmin etmək;
  3. işsizliyin səviyyəsinin azaldılmasına, əmək bazarında zəif rəqabətli əhali qruplarının, xüsusilə gənclərin, çoxuşaqlı qadınların, qaçqın və məcburi köçkünlərin, əlillərin, şəhid ailəsi üzvlərinin, şərbəstləşdirilmiş işçilərin məşğulluğuna yönəldilmiş siyasəti həyata keçirmək;
  4. müvafiq icra hakimiyyəti orqanları, dövlət və qeyri-dövlət müəssisələri ilə birgə yeni iş yerlərinin yaradılmasına yönəldilmiş tədbirlər hazırlamaq, əmək ehtiyatlarını bazar şəraitinə uyğunlaşdırmaq məqsədilə peşə hazırlığı mexanizmini təkmilləşdirmək;
  5. əhalinin sosial müdafiəsi sahəsində qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədi ilə təkliflər hazırlayıb müvafiq orqanlara təqdim etmək;
  6. əhalinin aztəminatlı təbəqələrinə dövlət yardımının tənzimlənməsi üzrə təkliflər hazırlamaq, tənha ahıl vətəndaşlara və əlillərə sosial-məişət xidmətini təşkil etmək;
  7. demoqrafiya, əmək və sosial müdafiə məsələləri üzrə elmi-tədqiqat və beynəlxalq əməkdaşlıq sahəsində işləri əlaqələndirmək;
  8. tibbi-sosial ekspertizanı, əlillərin reabilitasiyasını təşkil etmək, əlillərin protez-ortopedik vasitələrlə təmin olunmasına köməklik göstərmək;
  9. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi, əmək şəraiti, əməyin ödənilməsi, əmək münasibətləri, əməyin gigiyenası, əhalinin məşğulluğu, miqrasiya sahəsində qanunvericilik aktlarının icrasının təmin olunmasına dövlət nəzarətini həyata keçirmək.

 

Nazirliyin hüquqları

  1. Ekspertləri, məsləhətçiləri və digər mütəxəssisləri cəlb etməklə, nazirliyin səlahiyyətinə aid olan məsələlər üzrə qanun, qərar və digər normativ-hüquqi aktların layihələrini hazırlamaq və yuxarı icra hakimiyyəti orqanlarına təqdim etmək, əmək və əhalinin sosial müdafiəsinə dair qanunvericiliyin tətbiqi üzrə izahatlar vermək;
  2. işəgötürənlərin əmək və sosial müdafiə məsələləri üzrə işini yoxlamaq, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılmasına dair onlara icrası məcburi olan göstərişlər vermək, qanunvericilik aktlarının pozulmasında təqsiri olan rəhbər işçiləri və digər vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb etmək barədə məsələ qaldırmaq;
  3. nazirliyin səlahiyyətinə aid olan məsələlər üzrə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq ölkə ərazisində yerləşən müəssisə, idarə və təşkilatlardan məlumatlar almaq;
  4. Dövlət Statistika Komitəsindən əmək, əməyin mühafizəsi və ödənilməsi, demoqrafiya və digər məsələlər üzrə məlumatlar almaq;
  5. işəgötürənlər tərəfindən əmək, onun ödənilməsinə, əməyin mühafizəsinə, əhalinin sosial müdafiəsinə dair mövcud qanunvericiliyə zidd verilmiş əmrlərin və təlimatların tətbiqinin dayandılıması, zəruri hallarda isə onların ləğv olunması haqqında məhkəmə orqanlarına və ya müvafiq icra hakimiyyəti orqanlarına təklif vermək;
  6. miqrasiya sahəsində digər dövlət və qeyri-dövlət strukturlarının fəaliyyətini əlaqələndirmək;
  7. yüksək dağlıq, səhra və susuz ərazilərdə yerləşən müəssisə, idarə və təşkilatların işçilərinin əmək haqlarına əmsallar tətbiq edilməsinə dair təkliflər vermək;
  8. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq tabeliyində idarə və təşkilatlar yaratmaq, onları ləğv etmək, yenidən təşkil etmək və onların Əsasnamələrini təsdiq etmək.

 

Beynəlxalq əlaqələr

Nazirliyin fəaliyyət dairəsinə aid bütün istiqamətlər üzrə islahatların aparılmasında beynəlxalq təcrübənin öyrənilməsinin, müvafiq beynəlxalq təşkilatlarla, o cümlədən BƏT, BMT İP, BMT QAK, Dünya Bankı, TACİS və BQXK ilə sıx əməkdaşlığın xüsusi əhəmiyyəti olmuşdur. Yuxarıda qeyd olunduğu kimi əmək, məşğulluq, əmək miqrasiyası, sosial müdafiə, əlillərin reabilitasiyası və s. sahələrdə bu təşkilatlarla birgə layihələr həyata keçirilmişdir ki, bu da ölkədə həmin sahələrin inkişafına əhəmiyyətli təsir göstərmişdir.

Onlardan ən əhəmiyyətli və vacib layihələr kimi aşağıdakıları qeyd etmək olar:

1996-cı ilin sentyabr ayından 1998-ci ilin avqust ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Avropa İttifaqının TACİS Proqramı ilə birgə "Azərbaycan Respublikasında məşğulluq xidmətində islahatların aparılması və inkişaf etdirilməsinə kömək göstərmək" layihəsini həyata keçirmişdir. Layihənin məqsədi məşğulluq sahəsində qanunvericiliyin təhlilinin aparılması, müvafiq təkliflərin hazırlanması, məşğulluq xidmətlərini inkişaf etdirməklə Azərbaycanda iqtisadi və sosial sahələrdə aparılan islahatların dəstəklənməsi olmuşdur.

1997-ci ilin yanvar ayından 1998-ci ilin fevral ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı ilə birgə "Təhsil və özünüməşğulluğun inkişaf proqramı" layihəsini həyata keçirmişdir. Layihə Naxçıvan MR və Ağdam rayonu ərazisində həyata keçirilirdi və layihədə məqsəd sosial müdafiəyə xüsusi ehtiyacı olan əmək qabiliyyətli əhalinin yerli şərait nəzərə alınmaqla məşğulluğunun təmin olunmasından ibarət idi.

1998-ci ilin fevral ayından 1999-cu ilin avqust ayınadək və 2000-ci ilin yanvar-noyabr aylarında Nazirlik BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarlığı və BMT-nin İnkişaf Proqramı ilə birgə "Azərbaycanda qaçqınların və məcburi köçkünlərin yerlərdə məskunlaşması" layihələrini həyata keçirmişdir. Layihənin başlıca məqsədi qaçqın və məcburi köçkünlərin əsas həyatı tələbatlarının ödənilməsinə çalışmaq və buna nail olmaq üçün, həmçinin peşə vərdişlərinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, əməli işdə özünə kömək göstərilməsi prinsipini tətbiq etmək üçün fəaliyyət göstərilməsi idi.

1999-cu ilin avqust ayından 2001-ci ilin iyun ayınadək Nazirlik Dünya Bankı ilə birgə "Azərbaycan Respublikasında pensiya və sosial yardım islahatı" layihəsini həyata keçirmişdir. Bu layihə Yaponiya hökumətinin Azərbaycan Respublikasının hökuməti üçün ayrılmış qrant hesabına həyata keçirilmişdir. Layihənin məqsədi əhalinin pensiya təminatı və sosial müdafiəsi sahəsində islahatların aparılması olmuşdur. Layihənin həyata keçirilməsi çərçivəsində Nazirliklə Dünya Bankı arasında memorandum imzalanmış, bu sahədə respublikada üçpilləli pensiya sisteminin yaradılması üçün zəruri tədbirlər, pensiya siyasəti sahəsində aparılan islahatların komponentləri, pensiya qanunvericiliyinin təkmilləşdirilməsi məsələləri və s. müəyyən edilmişdir. Azərbaycan Respublikasında pensiya islahatı Konsepsiyası hazırlandıqdan və müvafiq orqanlarla, qeyri-hökumət təşkilatları ilə razılaşdırıldıqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev tərəfindən 17 iyul 2001-ci il tarixində təsdiq edilmişdir.

2000-ci ilin noyabr ayından 2002-ci ilin sentyabr ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Avropa İttifaqının TACİS Proqramı ilə birgə "Azərbaycan Respublikasında Sosial Müdafiə və Pensiya islahatı" layihəsi həyata keçirmişdir. Bu layihənin məqsədi benefisiarlara sosial müdafiə sisteminin inkişafı, idarə olunması və monitorinqin keçirilməsi və Azərbaycan vətəndaşları üçün sosial müdafiəyə bərabər hüquqlu yanaşmanı təmin etməkən ibarət idi.

2002-ci ilin sentyabr ayından 2003-cü ilin aprel ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Reabilitasiya mərkəzlərində reabilitasiya avadanlıqlarının təkmilləşdirilməsi" layihəsini həyata keçirmişdir. Yaponiya hökumətinin qrantı hesabına maliyyələşdirilən layihənin məqsədi Respublika Əlillərin Bərpa Mərkəzinin, Bakı Uşaq Bərpa Mərkəzinin və Əlillər üçün müalicə Pansionatının tibbi və bərpa avadanlığı ilə təchiz olunması və Yaponiya mütəxəssislərini Azərbaycana göndərməklə mühazirələr və praktiki məşğələlər vasitəsi ilə reabilitasiya sahəsində Azərbaycan mütəxəssislərinin ixtisaslarının artırılması və onların Yaponiyada təlim keçməsinin təşkili idi. Keçirilmiş tenderin qalibi olmuş "İtoçi" şirkəti tərəfindən lazımi tibbi və bərpa avadanlığı alınmış və quraşdırılmışdır. Bundan əlavə nazirliyin beş mütəxəssisi təcrübə keçmək üçün bir ay müddətinə Yaponiyaya ezam olunmuşdur.

2000-ci ilin aprel ayından 2002-ci ilin aprel ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT-nin Əhali Sakinliyi Fondu ilə "Əhali Sakinliyinin inkişafının əsas təmayülü və bu inkişafın planlaşdırılmasında gender problemləri, geyri-hökumət təşkilatlarının dəstəyinin səfərbərliyi" layihəsini həyata keçirmişdir. Layihənin son məqsədi Azərbaycan Respublikasında əhali sakinliyi sahəsində siyasətin və müvafiq proqramların formalaşdırılması yolu ilə əhalinin yaşayış keyfiyyətinin yaxşılaşdırılmasına dəstək verməkdən ibarətdir.

2002-ci ilin iyun ayından başlayaraq Azərbaycan Respublikasının hökuməti BMT-nin İnkişaf Proqramı ilə birlikdə "Azərbaycan Respublikasında sosial müdafiə sisteminin inkişafı" layihəsini həyata keçirir. Hökumət adından layihəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi realizə edir. Layihənin 2005-ci ilin dekabr ayında başa çatdırılması planlaşdırılır. Məşğulluq strategiyasının işlənib hazırlanması, respublikada əlillərin reabilitasiya müəssisələri şəbəkəsinin genişləndirilməsi layihənin əsas məqsədlərindəndir.

2005-ci ilin yanvar ayından "Pensiya və sosial təminat layihəsi" fəaliyyətə başlamışdır. Beynəlxalq İnkişaf Asossiasiyasının (Dünya Bankı) krediti ilə həyata keçirilən layihə sosial təminat sahəsində Azərbaycan Respublikası hökuməti tərəfindən aparılan islahatlara yönəlmişdir. Layihə çərçivəsində rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzlərində təmir-bərpa işlərinin aparılması, habelə onların müvafiq avadanlıq və müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilməsi nəzərdə tutulmuşdur. Bütün bunların əsas məqsədi 2006-cı ildən ölkədə ünvanlı sosial yardım mexanizminin həyata keçirilməsinə yardım göstərməkdir.

Bununla yanaşı bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində sosial müdafiə sahəsində əhəmiyyətli işlər görülmüşdür.

Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə respublikada protez-ortopedik xidmətin inkişafı sahəsində 1994-cü ildən başlayaraq bu günədək əməkdaşlıq edilir və görülən işlər sırasında ən əhəmiyyətlisi Gəncə şəhərində Protez-Ortopedik Bərpa Mərkəzinin filialının yaradılması, Naxçıvan şəhərində Protez emalatxanasının genişləndirilməsidir. Eyni zamanda, 7 nəfər azərbaycanlı mütəxəssis Beynəlxalq Protezistlər cəmiyyətinin Proqramı üzrə hazırlanmış və onlar hal-hazırda Protez-Ortopedik Bərpa Mərkəzində çalışırlar.

SOS Kinderdorf İnternational təşkilatı ilə əməkdaşlıq çərçivəsində Bakı şəhərində 100-dən artıq valideyn himayəsindən məhrum olmuş uşaqları ailə istisi və hərtərəfli qayğı ilə əhatə edən Bakı SOS Uşaq Kəndi yaradılmışdır və hal-hazırda Gəncə şəhərində də belə bir kəndin inşasına başlanılmışdır.

Avropa Komissiyası ilə əməkdaşlıq çərçivəsində 2003-cü ilin oktyabr ayında istifadəyə verilmiş Uşaq Bərpa Mərkəzinin mebel və məişət avadanlıqları ilə təminatı həyata keçirilmişdir. Bununla yanaşı, Saray qəsəbəsində yerləşən Ağıldankəm uşaqlar üçün internat evində əsaslı təmir işləri aparılmış və hal-hazırda Xanlar rayonunda yerləşən Ruhi təmayüllü internat evində də əsaslı təmir işləri görülməkdədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR