Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan Prezidenti İlham Əliyevin Davosda “Rossiya 1” televiziya kanalına müsahibəsi

Azərbaycan Prezidenti İlham Əliyevin Davosda “Rossiya 1” televiziya kanalına müsahibəsi
Sakura

Azərbaycan Prezidenti İlham Əliyevin Davosda “Rossiya 1” televiziya kanalına müsahibəsi

Xəbər verdiyimiz kimi, yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Rossiya 1” televiziya kanalına müsahibə verib. Həmin müsahibə yanvarın 28-də “Rossiya 24” kanalında yayımlanıb. AZƏRTAC müsahibəni təqdim edir.

“Rossiya 24” telekanalının aparıcısı dedi: Bəzi ölkələrin beynəlxalq təşkilatların qərarlarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə seçici yanaşması mövcud dünya quruluşuna mənfi təsir edir. Qaydaların pozulması ölkələr arasında gərginliyə gətirib çıxarır, qarşılıqlı fəaliyyətin səviyyəsi aşağı düşür və biznesi aparmaq çətinləşir.

Bu fikirləri həmkarım Nailə Əsgərzadəyə müsahibəsində Davos İqtisadi Forumunun kuluarlarında Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Həmin müsahibəni təqdim edirik.

-İlham Heydər oğlu, suallarımıza cavab verməyə razılaşdığınız üçün çox sağ olun. Bu il neft bazarında hansı vəziyyəti gözləmək olar və qiymətlər necə ola bilər?

-Mən düşünürəm ki, hər şey OPEC+ formatında birləşən ölkələr arasında razılıqların necə yerinə yetirildiyindən asılı olacaq. Azərbaycan öz tərəfindən zəruri tədbirləri görüb, neft hasilatının azaldılması ilə bağlı öhdəliklər götürüb və biz bu öhdəlikləri icra edirik. Buna görə də düşünürəm ki, əgər bütün ölkələr bu məsələyə məsuliyyətlə yanaşsalar, onda yəqin ki, qiymət bugünkü səviyyədə qalacaq. Bu, barrelə görə 60-70 dollar deməkdir. Hərçənd bütün il üçün proqnozlaşdırmaq çox çətindir. Amma düşünürəm ki, əksər təhlilçilərin qiymətləndirməsinə görə təxminən bu səviyyə real ola bilər və həmçinin o, həm şirkətlər, həm ixracatçı ölkələr, həm də istehlakçılar üçün daha məqbuldur.

-Ötən ilin sonunda məlum oldu ki, Amerikanın neft-qaz şirkətləri 25 il sonra Azərbaycanı tərk etmək qərarını qəbul ediblər. Bu qərar nə ilə əlaqədardır və onları kim əvəz edə bilər?

-Belə təcrübə əvvəllər də olub. Azərbaycan, sizin artıq qeyd etdiyiniz kimi, 25 il ərzində Xəzər dənizinin Azərbaycan sektorunda iri neft və qaz yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə beynəlxalq şirkətlərlə uğurla işləyir. Bu illər ərzində bəzi şirkətlər öz paylarını satıblar, bəzi şirkətlər isə paylarını alıblar. Yəni, bu, təbii prosesdir və deməliyəm ki, Azərbaycanın neft-qaz layihələri çox gəlirlidir. Təkcə son 15 il ərzində bizim iqtisadiyyatımıza 250 milyard dollara qədər sərmayə qoyulub. Bu sərmayələrin yarısı xaricidir və bunların böyük əksəriyyəti neft-qaz sektoruna aiddir. Həmçinin bizim neftimizi bir çox istiqamətlərə nəql etməyə imkan verən ixrac neft və qaz boru kəmərləri inşa edilib. Buna görə də bu gün, əlbəttə, neft-qaz layihələrinin gəliri artır. Hər bir şirkətin öz sərmayə siyasəti, strategiyası var, hansısa şirkət payını sataraq layihədən çıxmağa üstünlük verir. Deməliyəm ki, 25 il ərzində bizim əsas enerji tərəfdaşlarımız artıq lap çoxdandır özlərinin qoyduqları vəsaitləri sayəsində böyük qazanc əldə ediblər. Buna görə də düşünürəm ki, Amerika şirkətlərinin öz paylarını satmaq qərarı tamamilə təbiidir və onları kimlərin alacağı kimlərə təklif etmələrindən asılı olacaq. Əlbəttə ki, Azərbaycanın bu ehtiyatlara sahib ölkə kimi həmin sövdələşməni təsdiq, yaxud inkar etmək haqqı var. Amma, bir qayda olaraq, əvvəlki bütün sövdələşmələr tərəfimizdən təsdiqlənib.

- Belə təəssürat yaranır ki, bu gün dünyada əsas qayda ölkələr arasında münasibətlərdə, beynəlxalq ticarətdə heç bir qaydanın olmamasıdır. Bunun təhlükəsi nədədir?

-Bilirsiniz, beynəlxalq təşkilatların qərarları yerinə yetirilməyəndə, yaxud qərəzli seçimlə yerinə yetiriləndə, BMT Təhlükəsizlik Şurasının qətnamələri də seçim əsasında, bəzi hallarda bir neçə gün ərzində yerinə yetiriləndə, bəzi hallarda isə 20 ildən çox müddətdə kağız üzərində qalanda, əlbəttə ki, bütün bunlar dünya nizamının pozulmasına gətirib çıxarır. Qaydaların olmaması, yaxud onların pozulması da əlbəttə ki, fəsadlara gətirib çıxarır, yəni, etimad pozulur, ölkələr arasında qarşılıqlı fəaliyyətin səviyyəsi azalır. Bu da müəyyən münaqişələrə, bir çox ölkələr arasında müəyyən çətinliklərə, gərginliyə gətirib çıxarır. Buna görə də yaxşı, yaxud pis olmasından asılı olmayaraq, artıq hazırlanmış mexanizm mövcuddur. Bu, həm beynəlxalq münasibətlərə, həm iqtisadi, həm də sərmayə ilə bağlı olan məsələlərə aiddir. Biz, Azərbaycan o ölkəyik ki, həmişə qanunun aliliyinə, beynəlxalq hüququn normalarına əməl edilməsinə, o cümlədən aparıcı beynəlxalq təşkilatların bütün qərar və qətnamələrinin qeyd-şərtsiz yerinə yetirilməsinə çalışırıq. Odur ki, əlbəttə, bugünkü mənzərəni müşahidə etmək kədərlidir. Bu, dediyim kimi, həm beynəlxalq, həm də iqtisadi problemlərlə bağlı məsələlərə aiddir. Etimad itirilir, gözləntilər pozulur və biznesi aparmaq çətinləşir. Bizim ölkəyə gəlincə isə deməliyəm ki, biz həm beynəlxalq məsələlərdə, həm də bütün müqavilələr, investisiya layihələri üzrə öhdəliklərin icrası ilə bağlı imzaladığımız sənədləri həmişə tamamilə dəqiq yerinə yetirmək əzmindəyik.

-Çox sağ olun.

-Sağ olun.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR