Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan Prezidenti: “Belarusla siyasi müstəvidə fəal qarşılıqlı fəaliyyət göstəririk”

Azərbaycan Prezidenti: “Belarusla siyasi müstəvidə fəal qarşılıqlı fəaliyyət göstəririk”
Sakura

Azərbaycan Prezidenti: “Belarusla siyasi müstəvidə fəal qarşılıqlı fəaliyyət göstəririk”

“Yaxın vaxtlarda mənim Belarusa rəsmi səfərim baş tutacaq. Biz Azərbaycanda qarşıdakı səfərə çox böyük əhəmiyyət veririk və səfər ərəfəsində mən sizi səfərin proqramını, eləcə də bizim ikitərəfli münasibətlərimizin bəzi aspektlərini müzakirə etmək üçün dəvət etmişəm. Biz görürük və bilirik ki, Belarusda da Azərbaycan Prezidentinin qarşıdakı rəsmi səfərinə böyük əhəmiyyət verilir. Lap bu yaxınlarda Belarus Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenko, həmçinin öz fikirlərini bildirmək və qarşıdakı səfərlə bağlı məsələləri müzakirə etmək üçün Azərbaycanın Belarus Respublikasındakı səfirini dəvət etmişdi. Bu gün biz Sizinlə görüşürük. Siz də təcrübəli diplomat kimi yaxşı bilirsiniz ki, bu cür təcrübəyə ölkələrarası münasibətlərdə nadir rast gəlinir. Bu, bizim münasibətlərimizin, hörmətin və qarşılıqlı etimadın yüksək səviyyəsinin göstəricisidir”.

Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçi qəbul edən zaman deyib.

“Qarşıdakı səfərin mənim Belarusa beşinci rəsmi səfərim olması, Aleksandr Qriqoryeviçin isə Azərbaycana dörd dəfə rəsmi səfərə gəlməsi faktını nəzərə alsaq, düşünürəm ki, bu, münasibətlərimizin nə qədər dinamik və uğurla inkişaf etdiyinin ən yaxşı göstəricisidir. Bizim münasibətlər bir çox sahələri əhatə edir. Biz siyasi müstəvidə fəal qarşılıqlı fəaliyyət göstəririk. Artıq dediyim kimi, qarşılıqlı etimadın səviyyəsi o qədər yüksəkdir ki, biz ikitərəfli, regional, beynəlxalq gündəliyin bütün məsələlərini müzakirə edirik. İqtisadi sahədə yaxşı göstəricilər görürük. Əmtəə dövriyyəsinin artımı buna yaxşı nümunədir. Həmçinin artıq Belarusun Azərbaycanda, Azərbaycanın isə Belarusda ticarət nümayəndəlikləri fəaliyyət göstərir. Fikrimcə, sənaye kooperasiyası müstəsna səmərəlilik nümayiş etdirir. Aleksandr Qriqoryeviçlə nəzərdə tutduğumuz layihələr gerçəkləşdirilib. Bu gün bu, Azərbaycanın sənaye potensialını möhkəmləndirir. Bu, həmçinin təhsil, elm, mədəniyyət sahələrində də müşahidə edilir. Yəni, ölkələrimizi tammiqyaslı münasibətlər bağlayır. Həmçinin hərbi-texniki sahədə əməkdaşlıq da münasibətlərimizin mühüm amilidir. Biz Belarusdan hərbi texnika alırıq və onun keyfiyyətindən, göstəricilərindən çox razıyıq. Belarus hərbi sənaye sahəsində də çox yüksək səviyyə nümayiş etdirir və biz hərbi-texniki sahədə əməkdaşlığı davam etdirmək niyyətindəyik. Doğrudur, Siz bilirsiniz ki, bu, Ermənistanda, belə deyim, psixoz tutmalara səbəb olur. Bu da son dərəcə təəccüblüdür. Çünki Azərbaycan təkcə Belarusdan silah almır. Azərbaycana hərbi texnikanın ən iri tədarükçüsü Rusiyadır. Həmçinin biz Türkiyədən, İsraildən, Pakistandan, Avropa ölkələrindən böyük həcmdə silah-sursat və texnika alırıq. Buna görə də təəccüblüdür ki, iradlar müstəsna olaraq Belarusa göstərilir. Mən hesab edirəm ki, bu, Ermənıstanda Belarusa qarşı acizlik kompleksinin təzahürüdür. Səbəblər də kifayət qədər sadədir. Həm Belarus, həm də Ermənistan eyni vaxtda müstəqillik əldə ediblər. Bu gün Ermənistan dünyanın ən yoxsul ölkələrindən biridir və həyatın girdabındadır. İyirmi il ərzində öz xalqını istismar və qarət edən hakimiyyətin erməni xalqı tərəfindən devrilməsi bunun parlaq təzahürüdür”, - dövlət başçısı əlavə edib.

Prezident deyib ki, Belarus bir vaxtlar qoyulan sanksiyalara baxmayaraq, uğurla inkişaf edib və edir: “Bu da Belarus Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenkonun müdrik siyasətinin nəticəsidir. Belarus güclü, inkişaf edən sənaye və kənd təsərrüfatı, yüksək səviyyəli sosial müdafiəsi olan dövlətə çevrilib. Mən Sizin ölkədə dəfələrlə olmuş insan kimi bunu tamamilə obyektiv və səmimi deyirəm. Buna görə də bizə elə gəlir ki, Ermənistan tərəfindən Sizin ölkənizə qarşı deyilən əsassız iradlar öz məğzinə görə məhz bu amilə əsaslanır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR