Slimfit
  1. MEDİA

“Azərbaycan muğamı milli və bəşəri identiklik vasitəsi kimi” mövzusunda məruzə dinlənilib

“Azərbaycan  muğamı milli və bəşəri identiklik vasitəsi kimi” mövzusunda məruzə dinlənilib
Sakura

“Azərbaycan muğamı milli və bəşəri identiklik vasitəsi kimi” mövzusunda məruzə dinlənilib

Sentyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasında Rəyasət Heyətinin iclası keçirilib. İclasda AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin “Azərbaycan  muğamı milli və bəşəri identiklik vasitəsi kimi” mövzusunda elmi məruzəsi dinlənilib. Məruzədə Azərbaycan muğamının musiqi brendi kimi, xüsusən, milli dövlətçiliyimizin möhkəmləndiyi hazırkı epoxada müstəsna rolundan, milli identikliyin mühüm amillərindən biri kimi tanınmasından bəhs edilir. Bildirilib ki, muğamın lad və mətn strukturunun mükəmməl qurulması ilə muğamın dinləyiciyə təsir gücünü, gənc nəslin vətənpərvərlik tərbiyəsindəki rolunu müəyyən etmək olar.

Akademik Teymur Kərimli dünya musiqisinin bu fenomenal hadisəsinin təkcə milli-regional deyil, həm də bəşəri-qlobal mahiyyət daşıdığını qeyd edib. Vurğulayıb ki, qloballaşmanın çağırışlarının get-gedə gücləndiyi indiki dövrdə bizim milli mentalitetimizin qorunması yolunda ən tutarlı vasitələrdən birinin məhz muğam, onun mətni və melodiyası olduğu heç bir şübhə doğurmur. Muğamın poetik mətnində vətənpərvərlik ideyalarının üstünlük təşkil etməsi isə onun təsir gücünü daha da artırır. T.Kərimli Azərbaycan muğamının demokratik və elitar adlanan iki böyük qolunun olduğunu söyləyib. Onun sözlərinə görə, bu iki qol təkcə ifaçı və dinləyicilərin sayına və sosial tərkibinə görə deyil, həm də muğam mətninin poetik məna yükünə və obrazlarına görə də bir-birindən fərqlənir: ““Demokratik muğam” termini ilə biz xalq arasında geniş yayılmış və şərti olaraq muğam adlandırıla bilən janrlar – layla, bayatı, ağı, oxşama, holavar və s.-i nəzərdə tuturuq ki, bunların mətnləri, əsasən, şifahi xalq ədəbiyyatının populyar janrlarından olan bayatı əsasında formalaşır. Onların ənənəvi mahnı ritmindən xəbərdar olması muğam əsasında yarandıqlarını göstərir”. Akademik onu da əlavə edib ki, klassik muğam əsas etibarilə elitar məclislərdə, professional musiqini və poeziyanı peşəkar səviyyədə bilənlər arasında ifa edildiyindən bu muğamda istifadə olunan mətnlər də elitar xarakter daşıyır. Klassik muğamda bu funksiyanı məşhur şairlərin lirik janrın müxtəlif növlərində qələmə aldıqları, əsasən məhəbbət mövzusunda olan poetik örnəklər yerinə yetirir, ön sırada isə şübhəsiz ki, qəzəl durur.

Tədbirdə Azərbaycan muğamında poetik mətn kimi ən geniş istifadə olunan qəzəllərin Məhəmməd Füzuli yaradıcılığındakı məhəbbət mövzusundan götürüldüyü, şairin hələ sağlığında – XVI əsrdə formalaşmış bu ənənənin indiyə qədər də davam etdiyi qeyd olunub. Füzuli poetik məktəbinin muğamla sıx bağlı olan nümayəndələri arasında XIX yüzilliyin böyük Azərbaycan şairi Seyid Əzim Şirvaninin xüsusi yer tutduğunu deyən natiq şairin Füzulinin təsiri altında qələmə aldığı lirik şeirlər toplusu olan “Divan”ından on beşə qədər qəzəlin bu gün də xanəndələrin ifasında dinlənildiyini vurğulayıb.

Azərbaycanda Sovet rejiminin qurulmasının bir çox sahələrdə olduğu kimi, muğam sənətində də geriləməyə səbəb olduğunu söyləyən akademik Teymur Kərimli bolşevik ideologiyasının təsiri altında xanəndələrin xalq ədəbiyyatı ruhunda yazılmış və ritmikasına görə muğamlarla səsləşməyən heca vəznli qoşma və gəraylılardan muğam mətni kimi istifadə etməyə başladıqlarını deyib. Məruzəçi onu da əlavə edib ki, həmin dövrdə klassik ənənələrə sadiq qalaraq qəzəl yazan şairlər də vardı və onların arasında muğamla ayrılmaz əlaqədə olan Əliağa Vahidin qəzəllərini göstərmək mümkündür.

Akademik Teymur Kərimli məruzəsində Azərbaycan muğamının poetik mətnlərinin insanı düşünməyə, mənən təmizlənməyə, kamilləşməyə, vətən və millət qarşısındakı borcunu dərk etməyə sövq edən parçalardan ibarət olması, bu mənzum parçaların ideya-estetik səviyyəsilə seçilməsi, muğamın təkcə Azərbaycan, Şərq üçün deyil, bütövlükdə bəşəriyyət üçün əhəmiyyət daşıyan bir hadisə olması və s. kimi fikirlərə də toxunub.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, mövzu ətrafında akademik Rafael Hüseynov, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, sənətşünaslıq elmləri doktoru Sevil Fərhadova və musiqişünaslıq üzrə fəlsəfə doktoru Sənubər Bağırova çıxış ediblər.

İclasda muğamşünaslıq elmini daha da inkişaf etdirmək məqsədilə muğamın multidisiplinar tədqiqata cəlb edilməsi, muğam fəlsəfəsinin öyrənilməsi, tarixi inkişaf yollarının dərindən araşdırılması, eləcə də AMEA-nın bu istiqamətdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyətin təşkili və digər məsələlərlə bağlı qərar qəbul olunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR