Azərbaycan MMA Federasiyasına yeni vitse-prezident təyin edilib
MMA (FİLA) və pankration üzrə dünya, Avropa çempionu Heydər Məmmədəliyev Azərbaycan MMA Federasiyasına vitse-prezident təyin edilib. SİA-nın xəbərinə əsasən, məlumatı təsdiqləyən federasiyanın vitse-prezidenti göstərilən etimada görə təşəkkür edib: "İlk olaraq Azərbaycan MMA Federasiyasının prezidenti Rövşən Həsənova təşəkkür edirəm. İdmançı kimi uğurlar qazanmışam. İndi göstərilən yüksək etimadı doğrultmalıyam. Federasiyamızın, eləcə də milli komandalarımızın inkişafı üçün əlimdən gələni edəcəyəm. Hazırda iki güclü təşkilat - İMMAF və WMMAA birgə fəaliyyət göstərirlər. Sevindirici haldır ki, beynəlxalq təşkilat kimi onlar ölkəmizdə yalnız Azərbaycan MMA Federasiyasını tanıyırlar.
Hazırda Azərbaycan millisi Bəhreyndə keçirilən dünya çempionatında iştirak edir. Komandamız yarışa yüksək səviyyədə hazırlaşıb. Ona görə idmançılarımızın uğurlu çıxış edəcəyini gözləyirik. Beynəlxalq təşkilatlarla işimizi daha da yaxşılaşdıracağıq. MMA ölkəmizdə yeni inkişaf mərhələsinə qədəm qoyacaq".
Qeyd edək ki, Azərbaycan MMA Federasiyasının digər vitse-prezidenti dünya və Avropa çempionu Etiqad Atakişiyevdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət