Slimfit
  1. MƏDƏNİYYƏT

Azərbaycan milli geyimləri

Azərbaycan milli geyimləri
Sakura

Azərbaycan milli geyimləri

Azərbaycan milli geyimləri — Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin çox çətin və uzun çəkən inkişaf gedişi nəticəsində yaranmışdır. Azərbaycan xalqının etnik tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif halda formalaşmaları, bədii bəzək naxışları, toxuculuq xalq geyimində öz əksini tapmışdır. Azərbaycanda ipəkçilik, pambıq istehsalı kimi sahələr inkişaf etdikcə, milli geyimin hazırlanmasında xüsusi rol oynayan parça istehsalı daha artdı və bunun nəticəsində milli geyimlərdə dirçəlmə dövrü müşayət olunurdu. Milli geyim dəstinin hazırlanmasında xüsusi rol oynayan, dekorativ tətbiqi sənətin başqa örnəklərində olduğu kimi, parçalarda Uzaq Şərq mədəniyyətinə xas olan bir çox bəzək nümunələri öz əksini tapırdı.

Milli geyimin formalaşması və inkişafında Azərbaycanın müxtəlif bölgələrində xüsusi rol oynamışdır. Azərbaycanın müxtəlif regionlarında milli geyim dəsti ümumi forma və biçim tərzini qoruyub saxlasa da bəzi geyim nümunələrində cüzi fərqlər nəzərə çarpırdı. Ümumilikdə geyimlər kişi, qadın və uşaq geyimlərinə ayrılırdı. Bu geyimlər hamısı bir-biri ilə olduqca böyük oxşarlıq təşkil edirdi. Uşaq geyimləri öz formasına görə böyüklərlə eyni idi. Lakin onlar bəzi xüsusiyyətləri və ölçülərinə görə fərqlənirdilər. Bütünlükdə oxşarlıq təşkil edən Azərbaycan milli geyimləri özlüyündə iki hissəyə ayrılırdı: Alt və üst geyimlərinə. Üst geyim çiyinüstü və bel geyimlərindən təşkil olunmuşdur. Çiyinüstü öz növbəsində üst köynəyi, arxalıq, çəpkən, ləbbadə, küləcə, küdrü, eşmək və baharıdanibarət idi. Qadın bel geyimi isə bir neçə tuman və çaxçurla tamamlanırdı.

XIX əsrdən etibarən Azərbaycan milli geyimlərinin get-gedə dəyişməsi və sıradan çıxması ilə səciyyələnir. XIX əsrdə Azərbaycanın Rusiya ilə birləşməsi gündən-günə öz simasını itirmiş milli geyimlər Rusiyadan gətirilmiş ucuz parça və ondan tikilən geyimlərlə əvəz olunurdu. Bu yeni sadə biçimli bəzəksiz paltarlar getdikcə məişətə daxil olub, tədricən rayonlara, ordan da kəndlərə yayılaraq bütünlükdə milli geyimin sıradan çıxmasına səbəb olub.

Tarixi

Eramızın V-VI əsrlərinə aid olan Mingəçevir katakomba qəbirlərindən müxtəlif ipək parçalarda tikilmiş geyimlərin qalıqları tapılmışdır. Bu mənbələrin araşdırılmasından aydın olur ki, Azərbaycan ərazisində məskunlaşan ilk insanların geyimləri təbii əldə edilən materiallardan (dəri, süni liflər, yarpaq və s.) olmaqla, istifadə tərzinə görə bürüncək, sarıq, örtmə və geyimə kimi müxtəlif variantlarda özünü göstərmişdir. Azərbaycanda geyim ehtiyaclarının ödənilməsi üçün hələ qədim dövrlərdən qoyun və quzu yunu, keçi qəzili ilə yanaşı dəvə yunundan da istifadə edilməsi məlumdur. Eramızdan əvvəl I minillikdə Azərbaycan əhalisi yun və kətandan toxunma köynək və şalvar geymiş, dəri bürüncəklərdən istifadə etmiş, keçə və yun papaqlar qoymuş, ayaqlarına isə şişburun dəri ayaqqabılar geymişlər.

Azərbaycan xalq geyimlərinin təkmilləşməsi prosesi orta əsrlər dövründə daha intensiv olmuşdur. Bu dövrdə geyim materialları içərisində dəri və yunla yanaşı, kətan və pambıqdan da geniş istifadə olunduğu qeyd edilir. Pambıq və kətandan bir qayda olaraq bez adlanan parça hazırlanırdı. Erkən orta əsrlərin Azərbaycan kişi və qadın geyimləri haqqında ətraflı məlumat Kitabi-Dədə Qorqud dastanında da qeyd olunub. Dastanda bütün geyimlər bir qayda olaraq hamısı don adlandırılır.

XIV-XV əsrlərdə Azərbaycan xalq geyim fonunda ciddi dəyişikliklər baş vermişdir. Geyimlər gündəlik və mərasim geyimləri kimi müxtəlif səciyyə kəsb etmiş, mərasim geyimlərində motivləşmə (biçim, rəng, bəzək və növ müxtəlifliyi) getdikcə daha da dərinləşmişdir. XVI-XVII əsrləri əhatə edilən illərdə Azərbaycan milli geyimləri zəngin inkişaf yolu keçmişdir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, bu dövrdə Azərbaycanda əsl mənada milli geyim məktəbi yaradılmışdır. Bu dövrlərdə tikilən geyimlər şəxsin yaşını, peşəsini, hətta hansı təbəqəyə mənsub olmasını da özündə əks etdiridi.

XVI əsrdə Azərbaycanda ucu şiş, qırmızıbaşlı əmmamələrlə yanaşı, adi bəzəksiz əmmamələrdən də istifadə edilirdi. Bu dövrdə ən çox istifadə olunan əmmamələr, əsasən ağ rəngli idi. Şah, vəzir və ya rütbəli ruhanilər isə başlarına yaşıl rəngli əmmamə qoyardılar. XVI-XVII əsrlərdə Azərbaycanda çalma ilə yanaşı, həmçinin orijinal kiçik şlyapaya bənzər papaqlardan da istifadə olunurdu. XVI-XVII əsrlərdə Azərbaycanda bir sıra başqa formalı papaqlardan da istifadə edilirdi. Qoyun dərisindən tikilən papaqlar nisbətən geniş yayılmışdı. Bunlardan əsasən maldarlıq və qoyunçuluqla məşğul olan insanlar istifadə edirdilər. Xanlıqlar dövründə müstəqilləşmə meyilləri ilə əlaqədar olaraq Azərbaycanın ayrı-ayrı bölgələrində kənd təsərrüfatının və sənətkarlığın nisbətən dirçəldilməsi, kustar sənət sahəsi məhsullarının istehsalının artırılması, Şuşa şəhəri kimi yeni sənətticarət mərkəzlərinin meydana gəlməsi, digər Şərq və Avropa ölkələri il ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsi və s. amillər Azərbaycan geyim fondunun zənginləşməsinə, müxtəlif çeşidli geyim materiallarının daha keyfiyyətli və kütləvi şəkildə istehsalına, geyim növləri hazırlayan kustar emalatxanaların sayının artmasına gətirib çıxartmışdır.[2]

 
Azərbaycanlı kişi. XXI əsrin ikinci yarısı

XIX əsrdə yeni dövr geyim mədəniyyətinin yaranmasında, təzə yaranmaqda olan milli burjuaziyanın xüsusilə böyük rolu olmuşdur. Feodal-zadəgan ənənələrini xeyli davam etdirən Azərbaycan milli burjuaziyası özünün mövcud ənənəvi geyim dəbini heç də tezliklə dəyişdirib Avropa libası ilə əvəz etməmişdir. Məhz bu səbəbdən də milli geyim dəbi ilə Avropa libası arasında üstüörtülü rəqabət XX əsrin əvvəllərinədək kəskin şəkildə davam etmişdir. Ancaq burjua saraylarında bərqarar olmuş labüd geyim dəbləri tədricən məğrur milli libasın tərk olunmasını və Avropa geyim dəbini qəbul etməyi təkidlə tələb edirdi. Lakin buna baxmayaraq əvvəllər olduğu kimi, XIX əsrdə də geyim dəbi xalqın sosial həyatı ilə üzvi surətdə bağlı olub, köhnə geyim və bəzək ənənələrinin xeyli hissəsini qoruyub saxlamışdır. Ümumişərq və ümumqafqaz geyim ənənələrini xeyli dərəcədə mühafizə edib saxlamaqla yanaşı, XIX əsr Azərbaycan milli geyim mədəniyyəti özünəməxsus bir sıra məhəlli xüsusiyyətlərə də malik olmuşdur. Belə ki, XIX əsr Azərbaycan geyim dəstində əhalinin müxtəlif zümrə və ictimai qruplarına xas olan libas növləri, o cümlədən, peşə mənsubiyyəti ilə bağlı geyim dəbləri yaranıb sabitləşmişdi.

Geyimlər Azərbaycanın ayrı-ayrı tarixi etnoqrafik zonalarının lokal xüsusiyyətlərini əks etdirməklə bərabər, eyni zamanda onu geyən şəxsin yaşını, ailə və ictimai vəziyyətini də biruzə verirdi. Cavan qızın və ailəli qadının geyimlərində gözə çarpacaq qədər fərqlər olurdu. Cavan gəlinlər daha rəngarəng geyinərdilər. Qızlar və yaşlı qadınlar bəzək elementlərindən az istifadə edirdilər.

XIX əsrin geyim dəblərində, habelə o dövrün şəriətlə bağlı qəbul olunmuş etik normalarına da ciddi əməl olunduğu nəzərə çarpır. XIX əsr geyim dəsti biçim üsuluna və tikiş texnikasına görə özündən əvvəlki tarixi dövrlərdə təşəkkül tapmış geyim tiplərinin davamı olsa da, yeni dövrün tələblərinə uyğun oaraq, bəzi dəyişikliyə məruz qalmışdır.[2] Bu cəhət özünü daha çox şəhərlərdə kübar geyim dəstində və peşə geyimlərində təzahür etdirirdi.XIX əsrin sonu və XX əsrin əvvəllərində milli səciyyə kəsb etmiş Azərbaycan geyim dəstinin tipolojı nümunələri əslində feodalizm dövründə, xüsusilə də son orta əsrlərdə təşəkkül tapmış və xanlıqlar dövründə xeyli dərəcə məhəlli xüsusiyyət kəsb etmiş olan ənənəvi libas növlərinin bir növ davamı idi.

Azərbaycan milli geyimlərinin bölgələr üzrə oxşar və fərqli xüsusiyyətləri

Azərbaycan milli geyimlərinin bölgələr üzrə bölünməsi, oxşar və fərqlə xüsusiyyətlərə malik olması XVIII əsrdə Azərbaycan daxilində müxtəlf xanlıqların yaranması ilə əlqədar olmuşdur. Xanlıqlar əsasən müxtəlif coğrafi bölgələrdə yerləşirdilər ki, bu da bilavasitə özünü geyimlərin forma, biçim və digər xüsusiyyətlərində göstərmiş olurdu.

Bakı geyimləri

 
1847-ci ildə Bakı şəhərinin sakinləri

Bakı geyimləri — Şəki və Şamaxı geyimləri ilə oxşarlıq təşkil edir. Geyimlərdə bənövşəyi və innabı rənglərin olmasına baxmayaraq, ağ və tünd mavi rənglər üstünlük təşkil edirdi. Paltarın hansı rəngdə olmasından aslı olmayaraq kənar bəzək və tikmələrində mavi və qızılı-sarı rənglərdən istifadə edilirdi. Beləliklə Bakı geyimlərində insanlar təbiət rənglərinə-ağ, mavi, qızılı-sarı, qum rənglərinə üstünlük verirdilər. Bakı geyimlərində tirmə parçadan bol-bol istifadə edilməsi Abşeron iqlimi ilə əlaqədar idi. Bakı qadınlarının üst çiyin geyimi "çəpkənnimtənə" adi çəpkəndən o qədər də fərqlənmirdi. Bakı qadın arxalıqlarının əsas xarakterik xüsusiyyəti yaxa kəsiyi ilə xarakterizə olunurdu. Arxalığın yaxa kəsiyi düzbucaqlı formada olur, arxalığın qolları dirsəkdən bir qədər yuxarı tikilən qolçaqları da çox vaxt düzbucaqlı formada kəsilirdi. Bakı arxalıqları həmçinin sadə biçimi ilə də seçilirdilər.

Qadın arxalıqları sadə tikilsədə dirsəkdən başlamış qondarma qolçaqla tamamlanırdı. Bu qolçaqların tikilişində bəzən başqa materiallardan istifadə edilirdi. Qadın arxalıqları digər bölgələrdən fərqli olaraq Abşeronda "don" adlanırdı və bu donlara bütün tikişlər boyunca bəzək verilirdi. İmkanlı qadınlar arxalıqların sinəsinə qızıl-gümüş qoza düymələr tikdirərdilər. Bakı qadınları eyni zamanda digər bölgələrdə (Şəki, Şirvan, Gəncəbasar və s.) olduğu kimi "ləbbadə"də geyərmişlər. Baş örtüyü olaraq çadradanistifadə olunurdu ki, bu da öz növbəsində Bakı arxalıqlarının yaxa kəsiyinə uyğun olaraq düzbucaqlı formada olardı. Bütün bu geyimlər əsasən əl tikişi ilə tikilərdi.

Gəncə-Qarabağ geyimləri

 
Qarabağ bəyi. 1845-ci il

Gəncə-Qarabağ geyimləri — bu bölgələrin geyim dəstləri bir-birindən çox da fərqlənmirlər. Bu geyim dəstləri də digər bölgələrdə olduğu kimi ansambl təşkil edir. Üst tumanı və üst çiyin geyimi ya eyni rəngdə ya da oxşar rənglərdə köynək isə bunlara nisbətən açıq və parlaq rənglərdə tikilirdi. Qarabağ bölgəsində üst çiyin geyimi olan çəpkənin sallamaqol variantı istifadə olunurdu. Sallamaqol çəpkəndə qollar qondarma olaraq çiyin tikilişlərinin üstünə tikilir, ucları əlcək və qolçaqla tamamlanırdı. Bir qayda olaraq çəpkənin qoltuqdan dirsəyə və biləkdən barmaq uclarına qədər olan hissəsi açıq saxlanırdı. Bu bölgədə pullu çəpkəndən də istifadə edilirdi. Biçimi çəpkənlə eyni formada olmağına baxmayaraq qolsuz tikilirdi. Baharı-bu bölgədə geniş istifadə olunan çox bəzəkli üst geyimidir. Tünd qırmızı, moruğu rəngli məxmərdən tikilir, qolları düz, uzunluğu dirsəyə qədərdir. Bel xəttindən əlavə büzməli ətək tikilir və hər ətəkdə kəsmə cib qoyulurdu. Yaxa, qol ağzı, ətək, cib kəsiyinin ətrafı tikmə ilə bəzədilirdi. Küdrü — qadın üst geyimidir. Bu geyim məxmərdən tikilir, xəzdəri və sıx naxışlarla bəzədilirdi. Bəzən sırıqlı formada da tikilirdi. Qarabağ küdrüsü bədənə kip yapışır, qolsuz olurdu. Xəz və baftadan başqa heç bir bəzəyi olmurdu.

Gəncədə isə dəridən hazırlanan küdrünün qollarına və kənar tikilişinə əlvə xəz qoyulmurdu. Dirsəyə qədər qolu olan küdrü yaxası açıq, qoltuq altında çapıq olurdu. Qarabağ bölgəsində istifadə olunan köynəyin gövdəsi qatlama üsulu ilə biçildiyindən çiyinliyi tikişsizdir. Qollarının üstündə xırda qırçınlar olur əsasən bəzək məqsədilə istifadə olunur. Köynəyin qıraqlarında 8 sm hündürlüyündə "peş" adlanan çapıqlar olur. Qolların ağzı və yaxa kəsiyi boyunca bafta tikilir. Milli geyimlərin əsas hissəsi olan tuman qaz-qazı, zərxara, atlas kimi parçalardan tikilirdi. Tumanın uzunluğu 86-102 sm arasında dəyişirdi. Tumanın ətəyinə müxtəlif ölçüdə tirmə və başqa parçadan qat payı tikilirdi.

Arxalıq qiymətli parçalardan tikilir və onun tikilişində əsasən tox rənglərdən istifadə olunurdu. Al rənglərdən nə yaşlı nə də cavan qadınlar istifadə etmirdilər. Qol ağzına və yaxa kəsiyinə verilən qırçınlı büzməli əlavələr arxalığı daha da gözəl göstərirdi. Gəncə-Qarabağ bölgəsinə aid olan arxalıqlarda bel büzməsi, zərif qırçınlı və qısa olurdu təxminən 8-18 sm. İkinci qrup arxalıqlar eyni ölçülü olub əlavə ətəksiz tikilirdi. Bu arxalıqlar daha çox üst qadın geyimi sayılan çəpkəni xatırladırdı. Qarabağ bölgəsində yaxası buta formasında olan arxalıqlarada təsadüf edilirdi. Belə yaxalıq boyunca ikiüzlü qırçınlanmış əlavə parça tikilirdi. Qarabağ-Gəncə arxalıqları "nülufər qollu" (yelparəli) olurdular. Dirsəyə qədər düz olan nülufər qol dirsəkdən aşağı zanbaq formalı açıq biçilirdi. Qolun ağzında arxalığın parçasından iki barmaq enində qırçın əlavə edilirdi. Bəzən bu qırçın yerinin üstünə bant da tikilirdi. Qol ağzına verilən qırçınlı-büzməli əlavələr arxalığı daha baxımlı və gözəl göstərirdi.

İrəvan geyimləri

İrəvan geyimləri — köynək, tuman və uzunqol arxalıqdan ibarətdir. Tuman və arxalıq Naxçıvanda olduğu kimidir, köynəy isə fərqlidir. Yaxası oyma formalı kəsimə malik, yaxasının kənarlarına haşiyə tikilirdi. İrəvan qadınlarının alt köynəyi dizdən bir qədər yuxarı olub, qolu uzun, düz xişdəkli tikilərmiş. Davamlı olmaq üçün alt köynəyin yaxasına bir qarış enində ikinci qatın qoyulması dəb halını almışdır. Bəzən xişdək uzun biçildiyindən qol altından başlayıb ətəyədək uzanır və bununla köynəyin gövdəsini genişləndirməyə imkan verirdi. İrəvan qadınlarının alt köynəyi çox vaxt ağdan, bəzən də güllü çit və ya kətandan tikilərdi. İrəvanda geyinilən uzun ətəkli üst köynəyin ön tərəfi 3 hissə parçadan ibarət biçilib tikilərmiş. Göbəyin altına qədər olan birinci hissə ensiz, ikinci və üçüncü hissələrin hər biri əvvəlkindən bir qədər gen götürülərək büzmələnirmiş. Köynəyin ikinci və üçüncü hissələrini birləşdirən tikişin üzərinə, adətən "ətəklik" tikilərdi. İrəvan mahalında varlı qadınların üst tumanı topuğa qədər uzun olurmuş. 3-4 taxta parçadan tikilən bu tumanlar büzməli və qırçınlı olmaqla iki cür tikilərmiş. Tumanın belinə nifə tikilib, "belbağı" (qonçar) salınarmış. Belbağı xüsusi bağ toxuma dəzgahında toxunarmış. İrəvanda da geyinilən alt tumanı "şəltə" adlanardı. Lakin burada geyinilən "şəltə"' Naxçıvan şəltəsinə nisbətən xeyli uzun olardı. Burada şəltə, bir qayda olaraq, üst tumanından dörd barmaq enində qısa tikilərmiş. Arxalığın yaxsı düzbucaqlı və ya oval formada biçilmiş, açıq və ya meydan yaxalı arxalıqlar daha geniş yayılmışdır. İrəvan geyim dəsti Naxçıvan geyim dəstinə tamamilə bənzədiyindən biçim xüsusiyyətlərinin eyni olduğu da aydın nəzərə çarpır .

Lənkəran geyimləri

Lənkəran geyimləri — əsasən əl ilə çox səliqəli tikilirdi. Əsasən al qırmızı, badımcanı, açıq-qəhvəyi rənglərdən istifadə edilirdi. Tuman əsasən uzun amma gündəlik geyim kimi nisbətən qısa da olurmuş. Köynək boyunda bir düymə ilə düymələnir, beldən bəzən qisa da olurdu. Cənub bölgəsində əsasən uzunətək köynək də geniş yayılmışdır. Köynək nisbətən uzun olub dizdən təxminən dörd barmaq yuxarıda qalırdı. Çəpkən və ya arxalığın yaxası açıq olurdu. Çəpkən Lənkaranda "nimtənə" sözündən götürülmüş "mintənə" adı ilə bəlli olmuşdur.

Lənkəran-Astara bölgəsində çəpkən əsasən uzunqollu olurdu. Bütün bu geyimlərlə yanaşı Azərbaycan xanımları ilin soyuq vaxtlarında küdrüyə bənzəyən lakin xəz qoyulmadan tikilən qolsuz və sırıqlı-astarlı bir geyim növündən istifadə edirdilər ki, Lənkəran-Astara bölgəsində buna cilitka, bədənçə, qolsuz da deyərdilər. Astarına pambıq və ya yun döşənib sırınmaqla hazırlanan bu geyim növü köynəyin üstündən, çəpkən, küləcə, arxalığın altından geyilirdi. Lənkaran bölgəsində arxalıqlar uzun qollu olur, biçimlidir. Bəzi arxalıqlar sıx tikişi tikmə texnikasından və müxtəlif tikmə texnikalarından istifadə etməklə bəzədilmişdir. Bu zonada əsasən arxalıqların tikilişində al-qırmızı, tünd innabı, badımcan rənglərinə üstünlük verilirdi. Birinci qrupa məxsus arxalıqlarda qol dirsəyə qədər düz tikilir, bəzi hallarda dirsəkdən başlayaraq qondarma qol əlavə olunurdu. Bu da ancaq bəzək məqsədi daşıyırdı.

Əsasən sərin havalarda geyinilən, sırıqlı və astarlı çiyin geyimi olan baharı Lənkaranda geniş yayılmışdır. Lənkaran qadınlarının baharısı biçim etibarı ilə Bakı qadınlarına məxsus "don"u xatırladırdı. Belə qədər bədənə kip tikilən baharıya, adətən beldən aşağı zərif qırçınlı uzun ətək əlavə olunurdu. Baharının qolu dirsəkdən yuxarı olub, yaxası açıq biçilirdi.

Naxçıvan geyimləri

Naxçıvan geyimləri — arxalıq, küləcə, köynək, tuman, çəpkən və digər elementlərdən ibarət olmuşdur. Qadın üst geyim növlərinin əsas elementlərindən biri üst köynək idi. Naxçıvanın dağlıq hissəsində əsasən uzun ətək köynək geniş yayılmışdır. Dizdən aşağı topuğa qədər çatan belə köynəyin biçim üslubunda fərq olmasa da həm uzunluğu həm də ətəklərinin getdikcə genəlməsi ilə fərqlənirdi. Köynəyin uzunluğu yaşlı qadınlarda yarım arşın (45 sm-dən 55 sm-dək) hüdudunda olurdu. Belə köynəklərdə uzunluq nəzərə alınaraq yan çapıqlar daha böyük kəsilirdi. Naxçıvan bölgəsində belə köynəklər "oyma" adlanırdı. Naxçıvan qadınları eyni zamanda çəpkən-köynək adlanan üst geyiminədə üstünlük verirdilər.

Çəpkən əsasən qollarının quruluşuna görə fərqlənən üst qadın geyimi idi. Uzunqol və sallanma qol növləri daha çox müşahidə olunurdu. Naxçıvan ərazisində əsasən uzunqol çəpkəndən istifadə olunurdu. Uzunqol çəpkənin qolları dirsəyə qədər dar olub sonra yelpazə şəklində 20-30 sm enlənirdi. Digər üst geyimi arxalıqdır ki, bu eynilə digər bölgələrdə də istifadə olunurdu. Əsasən atlas, tafta, məxmər, zərxara kimi parçalardan tikilirdi. Bu parçalar xüsusilə varlı qadınların geyimində istifadə olunar, digərləri üçün arxalıq əsasən ucuz parçadan (sətin, qara ləstik və.s) tikilərdi. Çəpkənlə oxşarlıq təşkil edib, qolunun və ətəyinin uzunluğuna görə ondan fərqlənən "küləcə" Naxçıvan bölgəsində geniş yayılmış mövsümi səciyyə daşıyan geyim növü olub, bahalı parçalardan (xara, zərxara, məxmər və s.) uzun ətəkli və astarlı tikilirdi. Küləcənin qolu düz və dirsəkdən azca aşağı, yaxası boyvəboy açıq biçilirdi. Yanları və qoltuq altı açıq saxlanılardı. Qoltuğun altında kvadrat formalı yarıq olurdu. Üzəri əsasən bəzəkli olur üstünə vurulan güllər bəzən badam formalı olduğundan ona badamı küləcə də deyirdilər.

Naxçıvan bölgəsi üçün üzlüyü ilə astarı arasına yun döşənib sırınmış "Sırıqlı tumanlar" xarakterik olmuşdur. Onu "səltə" adlanan qısa alt tumanının üstündən geyirdilər. Naxçıvan geyim dəstində üst tumanı xeyli qısa olduğundan buna müvafiq olaraq şəltə adlanan alt tumanı da nisbətən qısa biçilib tikilirmiş. Gen balaqlı şəltənin parçasına "miyança" əlavə edilirdi. Tumanın digər bölgələrdən fərqli olaraq qısa olmasına baxmayaraq ətəyi xüsusi zövqlə bəzədilirdi. Əsasən burma gümüş və muncuqlu tikmədən istifadə edilirdi. İnnabi, yaşıl, gümüşü rənglərə üstünlük verilirdi. Geyim üzərində muncqlu tikmə texnikasından istifadə edilərək əsasən nəbati naxışlar işlədilirdi. Naxçıvan geyimləri arxalığın formasına görə digər bölgələrdən fərqlənsədə köynək və tumanın biçim və tikiş texnologiyasına görə eynilik təşkil edirdi. Naxçıvan geyiminin biçimi sadə olsa da arxalıq öz formasına nisbətən fərqlənirdi. Arxalıq uzun olarsa (buna küləcə deyilir) beldən kəsik, qisa olarsa bütün kəsik əlavə edilərək yanlarında çapıq və parça çıxıntısı qoyulurdu. Uzunqollu qolçaqlı arxalıqların ön hissəsi bir-birindən xeyli aralı olurdu ki, bu arxalıqları sinəbəndlər, gərdənliklər bəzəyirdi. Soyuq havada arxalığın qolunun düymələri bağlanılır üstündən küləcə geyinilirdi. Naxçıvan arxalıqlarının qolu əsasən düz biçimli, yaxa kəsiyi formalı olub çəpkənə bənzəyirdi.

Şamaxı geyimləri

   XIX əsrdə Şamaxı rəqqasəsi

Şamaxı geyimləri — müxtəlif rənglərdən istifadə edilirdi bu da çox güman ki, Şamaxının təbiəti ilə əlaqədar idi. Bu geyimlərdə əsasən sadəlik, pərakəndəlik hiss olunsa da kübar geyimlərində zəriflik zənginlik hiss olunurdu. Şamaxı geyimlərində bəzək elementləri və tikmələrə az-az rast gəlinirdi. Burada da arxalıqdan, üst köynək, çəpkən, ləbbadə və s. istifadə edilirdi. Üst köynəyi üçbucaq formalı yaxa kəsiyinə malik olub, çəpkənin yanlarına beldən aşağı genişlik vermək üçün üçbucaq formalı əlavə parçalardan istifadə olunurdu. Bu geyimlərdə geyim elementləri əl işi olaraq çox səliqəli işlənərdi. Şamaxıda varlı qadınların geydiyi ləbbadənin qollarına çox vaxt xəz haşiyə tikilir, yan çapığın genişliyini təmin etmək üçün onun kənarına üçbucaq formalı parça kəsib çıxıntı əlavə edilərmiş. Onu xüsusi olaraq tikilmiş "ləbbadə köynəyi"nin üstündən geyərmişlər.

Şəki geyimləri

Şəki geyimləri — ləbbadə, tuman, eşmək, çaxçur, örpək, arxalıqdan və s. ibarətdir. Tuman əsasən atlasdan tikilir, bağ yeri olmaqla ətəyinə başqa parçadan qat payı verilirdi. Şəki qadın alt tumanı biçim etibarilə üst tumana bənzəyirdi. Altı "taxta"dan ibarət biçilməklə çitdən tikilirdi. Balaqlarının enli olmasına baxmayaraq, tumanın parçasına miyança tikilirdi. Bu tip tuman növü Azərbaycanın əksər bölgələrində "genbalaq" tuman adı ilə tanınırdı. Şəki qadın alt köynəyi qanovuzdan tikilib, biçim etibarilə Gəncə köynəyini xatırladır. Qatlama üsulu ilə biçildiyindən onun çiyni tikişsiz olub, qol altına "xiştək" tikilirdi. Şəki qadınlarının üst köynəyinin qoluna dirsəyədək əyri xətt boyunca, sonra isə biləyə qədər düz xətt boyunca əlavə parça verilirdi. Bunun sayəsində onun qolu qismən genişləndirilirdi. Köynəyin bu növü "ləbbadə köynək" adlanırdı.

Ləbbadə — məxmər tafta, qanovuzdan tikilmiş üst qadın geyimidir, astarlıdır. Digər adı lavadadir. İki qabaq, bir arxa hissə və iki qoldan ibarət biçilir. Qol və boy ölçüləri müxtəlif olur. Qol altında iri yarıq qoyulur. Yan tikişlərində çapıq və parça çıxıntısı olur. Bu çapıq və çıxıntılar ölçülərinə görə dəyişkən olurlar. Ətək yaxa kəsiyi və qol ağzı boyunca fərqli ölçüdə bafta tikilir, bəzisi düyməsiz bəziləri isə yaxa boyunca tikilmiş ilgəklərdən keçirilən qaytanlar vasitəsilə bağlanır. Eşmək — sırıqlı üst qadın geyimidir, tirmədən tikilir. Qolu dirsəyə qədər olub, qolunun ağzına, yaxa kəsiyinin ətrafı boyunca və ətəyinə dövrələmə xəz tikilir. Düyməsiz olur. Eşməyin digər adı "küdrü" idi. Əsasən eşmək yarımqol olduqda bele adlanırdı. Çaxçur — üst bel geyimidir, astarlıdır. Trapesiya formasında biçilib qanovuzdan tikilirdi.

Şəkidə arxalıq əsasən ləbbadəyə bənzəyirdi və ləbbadə əgər arxalığın üstündən geyinilirdisə, bu zaman arxalıq beldən düymələnirdi. Şəki qadınları Bakıdaolduğu kimi "qolçaqlı" arxalıq (don) geyərdilər. Bu qrupa məxsus arxalıqların qolu çox vaxt dirsəyə qədər düz biçilib tikilir, dirsəkdən başlayaraq, ona qondarma qolçaq əlavə olunurdu.Qondarma qolçaq əməli əhəmiyyət kəsb etməyib, bəzək məqsədi daşıyırdı. Bir qayda olaraq, qolçaq lazım gələndə "baharı" adlanan yarımqol arxalığa əlavə edilirdi. Şəki geyimi əsasən ağ bezdən tikilmiş alt köynəyi, alt tumanı, üst köynəyi, üst tumanı, ləbbadə, baş geyimi olan tülü və kəlağayıdan, ayaq geyimi corab və başmaqdan ibarət idi. Şəki geyimlərində ağ, mavi, göy və bəzən də tünd qırmızı rənglər istifadə olunurdu. Uzun tuman, qisa ləbbadə, səliqəli baş bəzəkləri geyim dəstinə xoş yüngüllük və sadəlik verirdi.

Şəkinin əsas ipəkçilik mərkəzi olmasını nəzərə alsaq burada istehsal olunan bənzəri olmayan kəlağayıların geyimdə istifadə olunması geyim dəstini xüsusi bir zövqlə tamamlayırdı. Eyni zamanda bu kəlağayılar əvvəlki dövürlərdə Azərbaycana səyahət etmiş səyyahların, xarici turistlərində diqqətini cəlb ediridi. Rəngarəng kəlağayılar müasir dövrdə də Şəkidə istehsal olunmaqdadır.

Baş geyimləri

XVI əsrdə azərbaycanlıları qızılbaşlar adlandırırdılar, çünki onlar başlarına təpəsi nazik və hündür, qırmızı papaq qoyub onunda ətrafına sarıq dolayırdılar. XVIII-XIX əsrlərdə qadın baş geyimləri əvvəlki dövrlərdəki kimi öz çeşid müxtəlifliyi ilə diqqəti cəlb edirdi. Qadın baş geyimləri əsasən iki hissədən ibarət olub, baş örtükləri və baş bəzəklərini özündə birləşdirirdi. Baş örtüklərin bəzisi tərgötürən rolunu oynayaraq gigiyenik məqsəd daşıyırdı.

Qadın baş geyimləri geymə (qoyma) və bağlama (örtmə) olmaqla iki qrupa bölünürdü. Birinci qrup baş geyimlərinə təsək (çəpcik), çutqu, araxçın, dingə, ikinci qrup baş geyimlərinə isə müxtəlif ölçülü və adlı ləçəklər, çalmalar, kəlağayılar, şallar, örpəklər eləcə də niqab, rübənd, çutquqabağı, çadra, çarşab, duvaq və s. aid idi. Bunlar arasında şal, yaylıq, örpək cuna (çikila), qıyqac, kəlağayı (çarqat) daha çox dəbdə idi.

Təsək (çəpçik) növlü baş geyimləri XIX-XX əsrin əvvəllərində Azərbaycanın Şəki-Zaqatala, Şirvan, Qarabağ və Qərb bölgələri üçün daha xarakterik olmuşdur. Qərb bölgəsində qadın təsəklərinin biçim üsuluna, formasına, başa geyilmə tərzinə və parça materialına görə fərqlənən üç növü (saya, inci və qaysava təsəklər) qeydə alınmışdır. Saya təsək ağ və ya rəngli pambıq parçadan kəsmə biçim üsulu ilə hazırlanırdı. İki yan (qulaqcıq) və kəlləlikdən ibarət olan təsək tərs üzünə tikildikdən sonra çevrilir və tikişlər içəridə qalırdı. Təsəyi başa elə geyirdilər ki, o həm boynun ardını, həm də qulaqların üstünü örtür. Başda möhkəm durması üçün təsəyin sağ qulaqcığına ucu ilgəkli qaytan (qatma) tikilir, çənənin altından keçirilərək sol qulaqcığa bənd edilmiş düyməyə bağlanırdı.

Saya təsəyin daha mükəmməl forması inci və qaysava adlanan üstü bəzəkli təsəklər idi. İnci təsək bir qayda olaraq yekrəng ipək parçadan olur, yan dairəsinə və mərkəzinə "buta", "sarma", "güləbətin", "əşrəfi" və s. bəzəklər tikilirdi. İnci təsəyin alın dövrəsinə üstü baftalı bəzəklərlə örtülmüş "qəfəsə" adlanan qabaqlıq tutulurdu. Qaysava təsəyin də üstü müxtəlif naxışlarla işlənirdi. Bir qayda olaraq, qırmızı və yaşıl məxmərdən tikilən qaysava təsəyin yanları ensiz, tərki isə yastı olurdu. Qaysava təsəyə gənclərin xüsusilə də gəlin köçən qızların geyim dəstinə tez-tez təsadüf etmək olardı. Buna görə də belə təsəyin qız üçün gələn nişan boğçası içərisində olması vacib şərt sayılırdı.

Geyinmə və sarınma baş geyimlərinə çutqu (tülü), təsək, araxçın, külah (səbkülah), çalma, dingə, düyməçə və s. daxil idi. Geymə növlü qadın baş geyimi olan çutqu (tülü) Şəki, Quba, Şamaxı və Bakıda geniş yayılmışdır. Çutqu qadın saçlarını yığcam saxlayan xüsusi saç torbası rolunu oynayırdı. Bu səbəbdən də onun ölçüsü hər kəsin başının dövrəsinə çata biləcək şəkildə hazırlanırdı. Düzbucaqlı formada biçilib tikilən çutqunun eni 20-30 sm, uzunluğu isə 50-60 sm olurdu. Şəki bölgəsində daha çox "tülü" adı ilə bəlli olan çutqunun hər iki ucu açıq torbanı xatırladırdı. Tünd rəngli ipək parçalardan həm də astarlı tikilən çutqunun hər iki ucuna bəzək vurulurdu. Çutqunun kənarları bəzəkli olsa da başa geyilərkən onun önünə "çutquqabağı" və ya "alınqabağı" adlanan baş bəzəyi tutulurdu. Araxçın tərgötürən vasitə kimi əməli vəzifə daşımasına baxmayaraq ona müxtəlif rəngli ipək və ya güləbətin sapla al əlvan bəzək vurulurdu. Araqçın adətən "boğazaltı" və ya "zəncirəli" qızıl yaxud gümüş qarmaq vasitəsilə başa bəndlənib bərkidilirdi. Sonra bəzəkli baş sancaqları vasitəsilə örpək kəlağayı və s ona bənd edilirdi.

Geymə (qoyma) növlü qadın baş geyimlərinin digər bir qismini də mürəkkəb quruluşlu "dingə" və "çalma"lar təşkil edirdi. Naxçıvan, Şirvan və Qərb bölgələrində qadın geyim dəstinə daxil edilən dingə söyüd və ya tənək çubuqlarından hörülmüş çənbər adlanan dingə səbətinin üzərinə şal sarmaqla qurulurdu. Başda möhkəm dayanması və əndazənin pozulmaması üçün adətən dingəyə qızıl qarmaq bənd edər, üstündən isə örpəklə bağlayardılar. Dingənin üzərinə vurulan zinət əşyaları onun sahibin maddi vəziyyətini aydın əks etdirirdi. Şirvan bölgəsində dingə digət bölgələrdən fərqli olaraq çubuqlardan deyil, birbaşa baş şalını dingə səbəti formasında bağlamaqla qurulurdu. Dingə bütün Cənubi Qafqaz üçün xarakterik baş geyimi hesab edilirdi.

Bağlama (örtmə) baş geyimləri sərbəst halda istifadə olunmaqdan başqa, çox vaxt tikili baş geyimlərinin üstündən örtülürdü. Bu qrup baş geyimləri Azərbaycanın ayrı-ayrı bölgələrində müxtəlif cür bağlanırdı. Çalmanı başa müxtəlif üsullarla bağlayırdılar. Adətən ipək yaylığı qiyqac (üçkünc) edərək başa salır, sonra onun qulaqlarını — sağ qulağı sol çiyin, sol qulağı isə sağ çiyin üstündən aşırmaqla, boynun arxasında çarpazlayır qabağa gətirir və yenidən çənənin altında çalkeçir etdikdən sonra boynun arxasında düyünləyirdilər. Çalma bağlamağın digər bir üsulunda isə başa salınmış yaylığın uclarını boğazın altında çalkeçir etdikdən sonra bir ucunu sinə üstünə sərbəst buraxır, digər ucunu isə boyuna dolayıb kürəyə atırdılar. Çox vaxt çalmanın sərbəst ucu yaşaq rolunu oynayırdı. Çalmanı başda möhkəm saxlamaq və yaraşıqlı görünməsini təmin etmək üçün, bir qayda olaraq, ərli qadınlar onun üstündən qarmaq vururdular. Azərbaycanın bir çox bölgələrində (Qarabağ, Lənkaran-Astara, Quba-Xaçmaz, Naxçıvan və s.) çalmanı başda saxlamaq üçün onun üstündən başın dairəsi boyunca kiçik ləçək bağlamaq da adət idi.

 
Azərbaycan ipəyindən kəlağayılar

Azərbaycan qadınlarını bağlama (örtmə) baş geyimlərinin bir qismini də kəlağayı təşkil edirdi. Burada yaşa və zövqə uyğun olaraq qırmızı, qara, ağ, palıdı yerli, yelənli kəlağayılar daha geniş yayılmışdır. Həm yerli kustar istehsala məxsus Gəncə, Şəki, Şamaxı, Basqal kəlağayıları həm də gətirmə kəlağayılar ("qonşuçatladan", "heratı", "saçaqlı kəlağayı", "bağdatı", "hələbi" və s.) varlı qadınlarının geyim dəstində, yoxsulların isə bayramlıq (boğçalıq) paltarları içərisində əsas yer tuturdu. Adətən təsəyin üstündən örtülən kəlağayını başa bağlamaq üçün onu diaqonal boyunca qiyqac edir, uclarından birini sinə üstünə sərbəst buraxıb, digər ucunu sərbəst qalan qanadın üstündən kürəyə atardılar. Qarabağda araxçının üstündən örtülən kəlağayı qıyğacı qatlanandan sonra ortası alının üstünə düşmək şərtilə, onun hər iki ucu boğaz altında qarşı-qarşıya gətirilərək sağ ucu sol çiyindən arxaya atılır, sol ucu isə sağ çiyindən geri qatlanır.

Qadın baş geyimləri içərisində kustar üsulla toxunan və fabrik istehsalı olan örpəklər də məxsusi yer tuturdu. Şirvanda belə örpəklərin "sərəndaz", "naz-nazı", "bəlalə", "xaralı", "alafa", "bənarə", Lənkaran-Astara bölgəsində "qaragilə", "paxlava", "Yusif-Züleyxa", "Zəkiyyə", Quba-Xaçmazda "Zəkəriyyə", Naxçıvanda isə "toksin", "zərli örpək", "baftalı örpək", "bağdatı kəlağayı" və s. kimi növləri geniş istifadə olunmuşdur. Digər bağlama baş geyimi olan şal (şəddə) kustar üsulla yerli karxanalarda hazırlanırdı. Şəddə Lənkaranın dağ kəndlərində istifadə olunurdu. Şəddə dörd ədəd müxtəlif rəngli yaylıqdan düzəldilirdi. Bunun üçün əvvəlcə kiçik ölçülü birinci yaylıq qıyqacı qollanıb əllə alın üstə tutulur, ikinci böyük ölçülü yaylıq onun üstündən çalma sayağı bağlanırdı. Sonra üçüncü yaylıq qıyqacı qollanaraq bir hissəsi alın üstünə düşməklə, ucları çal-çapraz birinci yaylığın düyünləri arasında bağlanırdı. Bu cür mürrəkəb quruluşlu texnikadan fərqli olaraq şəhər qadınları arasında başa iki yaylıq bağlamaq dəb halı almışdır.

XIX əsrdə qadınların geyim dəstində çadra da mühüm yer tuturdu. Keçmişdə qadınlar xüsusilə də şəhər qadınları küçəyə çıxarkən geyim dəstinin üstündən, adətən, başlarına çadra örtürdülər. Çadra qadının təkcə başını və sifətini deyil, bütün əndamını örtüb yad nəzərdən gizlədirdi. İslam dini ehkamlarına, müsəlman qadınları dünyanın harasında yaşayırsa-yaşasın, əl, üz və ayaqdan əlavə, həm də bədənlərini bütünlüklə örtməli idi. İslam ehkamlarına görə, yad nəzərdən yaşınmaq üçün qadınlar yaşmaq, çadra, rübənd, niqab və s.-dən istifadə edərmişlər. Çadra adətən yarımdairə və düzbucaqlı formada olmaqla, iki cür biçilirdi. Lənkəran-Astara və Naxçıvan bölgələri üçün xarakterik olan yarımdairəvi-oval çarşab başa salındıqdan sonra boğazın altından keçirilən qaytanla bağlanırdı. Ordubad bölgəsində belə çarşab — "yapıncı çarşab" adı ilə məlum idi. Şəki-Zaqatala, Abşeron, Qarabağ və Naxçıvan, xüsusilə Ordubad etnoqrafik bölgələrində düzbucaqlı biçimli çarşaba üstünlük verilirdi. Qadın çarşabının rənginə görə onun sahibinin yaşını, sosial-iqtisadi vəziyyətini müəyyənləşdirmək mümkün idi. Belə ki cavan qadınlar ağ (bəyaz), ahıl yaşlı qadınlar isə tünd rəngli çarşabdan istifadə edərdilər.

1930-50-ci illərindən başlayaraq rübənd, niqab, tor, tül və s. üz örtükləri kimi, çarşab və çadra da qadın geyim dəsti tərkibindən çıxmağa başladı. Lakin Azərbaycanın bir sıra bölgələrində, xüsusi ilə Abşeron kəndlərində yaşlı qadınlar arasında abır-həya və mərasim geyimi kimi çadra və çarşab bu gündə özünün əməli əhəmiyyətini saxlamaqdadır.

Ayaq geyimləri

XIX-XX əsrin əvvəllərində Azərbaycan qadınlarının ənənəvi ayaq geyimlərinə yun və ya ipək corab, çarıq, badış, şətəl, başmaq, çust, dabanlı uzunboğaz və yarımboğaz çəkmə və s. daxil idi. Qış aylarında ayaq geyimləri içərisində yundan toxunma corablar əsas yer tuturdu. Qış corabları bəzən dizə qədər, əksər hallarda isə dizdən bir qarış aşağıyadək toxunurdu. Bu corabların naxışları çox vaxt hər bir bölgənin xalça və tikmə naxışları ilə oxşarlıq təşkil edirdi.

Corabın ölçüsü hər kəsin ayağının üstündə gözəyarı təyin edilirdi. Üzərində xalça ornamentləri salınmış bəzəkli corablar Qarabağda "gəbə corab", Astara bölgəsində isə "şal corab" adlanırdı. Ənənəvi ayaq geyimlərindən biri də badış idi. O ayaqlığı olmayan corab kimi toxunur, topuqdan yuxarı və dizdən aşağı qatma ilə baldıra bağlanırdı. Əsasən köçmə maldarlıqla məşğul olan əhali arasında geniş yayılmışdı. Azərbaycanın şimal və şimal şərq rayonlarında xüsusilə də şəhər əhalisinin məişətində "şətəl" adlanan gödəkboğaz hörmə ayaqqabıdan istifadə olunurdu. Qalın yun iplərdən toxunan belə ayaq geyiminin altına keçədən və ya aşılanmış dəridən altlıq salınırdı. Qalın pəncəli şətəlin burnu şiş olub, yuxarı qatlanmış formada toxunurdu.

XIX əsrdə daha xarakterik qadın ayaq geyim növü başmaq hesab olunurdu. Arxası açıq, hündür dabanlı, altlığı isə aşılanmış göndən hazırlanan qadın başmaqları "zənanə", "miyanə" və "qız başmağı" olmaqla üç ölçüdə tikilir və yüksək zövqlə bəzədilirdi.

XX əsrdən başlayaraq iqtisadi-ticarət əlaqələrinin güclənməsi, əhalinin maddi-mədəni həyat səviyyəsinin nisbətən yüksəlməsi ilə əlaqədar olaraq ayaq geyimləridə əsaslı dəyişikliklərə məruz qalmış, daha sonra milli qadın geyim dəstinin sıradan çıxması ilə ayaq geyimləridə öz əhəmiyyətini itirmiş, müasir növ ayaq geyimlərilə əvəz olunmuşdu.

Mədəniyyətdə

Azərbaycan milli geyimlərinə müxtəlif poçt markaları həsr olunmuşdur.

Azərbaycan milli geyimləri poçt markalarında

Azərbaycan milli geyimlərinə həsr edilmiş SSRİ markası. 1963-cü il

Novruz bayramına həsr edilmiş markada Azərbaycan milli geyimi. 1996-cı il

Tanbura həsr edilmiş markada Azərbaycan milli geyimi. 1997-ci il

Cənqə həsr edilmiş markada Azərbaycan milli geyimi. 1997-ci il

Bakı geyimlərinə həsr edilmiş marka. 2004-cü il

Qarabağ geyimlərinə həsr edilmiş marka. 2004-cü il

Naxçıvan geyimlərinə həsr edilmiş marka. 2004-cü il

Şamaxı geyimlərinə həsr edilmiş marka. 2004-cü il

XIX əsr Şuşa qadın geyimlərinə həsr edilmiş marka. 2012-ci il

XIX əsr Şuşa kişi geyimlərinə həsr edilmiş marka. 2012-ci il

 

Qalereya

  XIX əsrə aid olan eşmək

   XIX əsrdə Şamaxı rəqqasəsi

2012 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan musiqiçiləri və rəqqasları

2012 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan rəqqasları

Şamaxıdan azərbaycanlı qız. XIX-cu əsrin ikinci yarısı

Bakı şəhərindən azərbaycanlı qız. 1897-ci il

    1930-cu ildə Bakıda çadralı qadınlar

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR