Slimfit
  1. DÜNYA

Azərbaycan lideri BMT TŞ-nın məkrli oyununu belə pozdu - Uzaqmənzilli STRATEGİYA

Azərbaycan lideri BMT TŞ-nın məkrli oyununu belə pozdu - Uzaqmənzilli STRATEGİYA
Sakura

Azərbaycan lideri BMT TŞ-nın məkrli oyununu belə pozdu - Uzaqmənzilli STRATEGİYA

30 ildir Dağlıq Qarabağ münaqişəsinin həllindən məsul olan və 30 ildir sıfır nəticə ilə fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri növbəti dəfə gerçək simalarını nümayiş etdirdi.

Təəccüblü deyil, çünki 30 ildir münaqişənin belə vəziyyətdə qalmasında və son nəticədə hərbi həll variantının qaçılmaz olmasında həmsədr ölkələrin də günahı az deyil. Vasitəçilərin işğalçı ilə işğala məruz qalan arasında ədalətli seçim etməməsi, bir çox hallarda işğalçını dəstəkləyən əməli addımları Ermənistanın aqressor siyasətinin pöhrələnməsi ilə nəticələndi. Və 30 ildən sonra beynəlxalq hüququn bərpasını, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını Azərbaycan özü həyata keçirir. Bu vəziyyətdə həmsədr ölkələrin Azərbaycana qeyd-şərtsiz dəstək verməsi həm məntiqə, həm də beynəlxalq hüquqa uyğundur.

Oktyabrın 19-da bunun əksi, daha doğrusu, həmsədr ölkələrin gerçək mahiyyəti ilə yenidən üzləşdik.

Həmin tarixdə BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Rusiya, ABŞ və Fransa tərəfindən Təhlükəsizlik Şurasının Prezidentinin (rotasiya qaydasına uyğun olaraq oktyabr ayı üçün Rusiyadır) bəyanatının layihəsi hazırlanıb və razılaşdırılması üçün üzv ölkələr arasında yayılıbdır.

Bəyanat layihəsində Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrə istinad yer almayıb. Bu, beynəlxalq hüququn ən ümdə prioriteti olan ərazi bütövlüyü prinsipinin, eləcə də Təhlükəsizlik Şurasının öz qətnamələrini heçə sayması deməkdir.

Dünyanın ən ali orqanı olan BMT-də belə halın yaşanması beynəlxalq hüquq nöqteyi-nəzərindən qəbuledilməzdir. Təhlükəsizlik Şurasında təmsil olunan Qoşulmama Hərəkatına üzv 7 ölkə - İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadi layihəyə TŞ qətnamələrinə istinadən daxil edilməsini təklif edib. Lakin həmsədr ölkələr bunun qəbul edilməz olduğunu bildiriblər.

Həmsədr ölkələr tərəfindən bəyanatın iki dəfə sükut proseduru vasitəsilə qəbuluna cəhd göstərilməsinə baxmayaraq, Qoşulmama Hərəkatının üzv ölkələri prinsipial mövqe nümayiş etdirərək, TŞ qətnamələrinə istinadın yer almasında təkid ediblər.

Yalnız bundan sonra həmsədr ölkələr rüsvayçılıqla bəyanat layihəsini geri çəkiblər. Bəli, bu rüsvayçılıq və həmsədr ölkələrin ilk növbədə özünə hörmətsizlidir.

Diqqətçəkən məqam son 25-də ildə dəfə Qarabağ məsələsinin Təhlükəsizlik Şurasında müzakirə olunması idi. 27 il öncə BMT TŞ-də qəbul olunan 4 qətnamənin indiyə qədər icra edilməməsi fonunda bu müzakirələr TŞ-nin öz qətnamələrinin ruhunda müzakirə təşkil etməsini zəruri edirdi. Axı 27 il öncə işğalçı Ermənistana qarşı qətnamə qəbul edən də BMT TŞ idi, 27 il sonra 25 illik fasilə ilə keçirilən Qarabağ müzakirəsini təşkil edən də...

Lakin həmsədr ölkələr nə vasitəçilik prinsipinə, nə beynəlxalq hüquqa, nə də öz imiclərinə hörmət etmədən atəşkəsə nail olunması, danışıqların aparılması kimi şablon, çeynənmiş fikirlərin yer aldığı, dişsiz, məzmunsuz, ünvansız, işğalçı və işğala məruz qalan ölkə arasında fərqin qoyulmadığı bir bəyanat hazırladılar və bunu qəbul etdirməyə cəhd göstərdilər.

Sual yaranır: 1993-cü ildə yekdilliklə qəbul edilən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin lehinə səs verən həmsədr ölkələr niyə özlərinin səs verdiyi qətnamələrdən qorxur, məsələ gündəmə gələndə narahat olurlar?

Bu sualın cavabı həmsədrlər ölkələrin sərgilədiyi mövqedə qeyd olunur: erməni təəssübkeşliyindən doğan ədalətsiz xislət.

27 il öncə BMT Təhlükəsizlik Şurasında qəbul edilən 4 qətnamə özündə nəyi ehtiva edir?

822-ci qətnamə (1993-cü il, 30 aprel): Kəlbəcərin işğalından sonra qəbul edilib. Qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyə, erməni qoşunlarının Kəlbəcərdən və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edirdi.

853-cü qətnamə (1993-cü il, 29 iyul): Qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Ağdamı və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarınından geri çəkilməsini tələb edirdi. Qətnamə, həmçinin 822 saylı qətnaməyə də əməl edilməsini tələb edirdi.

874-cü qətnamə (1993-cü il, 14 oktyabr): Qətnamə atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının son dövrlərdə işğal etdiyi Füzuli (23 avqust 1993), Cəbrayıl (26 avqust 1993), Qubadlı (30 sentyabr) və digər ərazlərdən geri çəkilməsini tələb edirdi. Qətnamədə həmçinin əvvəlki 822 və 853 saylı qətnamələrə əməl edilməsi tələbi də öz əksini tapmışdı.

884-cü qətnamə (1993-cü il, 12 noyabr): Tərəflər arasında yenidən hərbi əməliyyatların bərpası ilə nəticələnən atəşkəs pozulmaları qınanılır, Ermənistan Respublikasından ermənilərin qondarma respublika üzərindəki bütün təsir vasitələrindən istifadə etməsi istənilirdi. Qətnamə də hərbi əməliyyatların dərhal dayandırılması tələb edilir, son dövrdə işğal edilmiş Zəngilan rayonu da daxil olmaqla, digər rayonlardan erməni silahlı dəstələrinin çıxması tələb edilirdi. Sonda isə əvvəl qəbul edilmiş 822, 853, 874 saylı qətnamələrə əməl edilməsi tələb edilirdi.

İndiyə qədər bu qətnamələrin heç biri yerinə yetirilməmişdi. Yalnız 27 ildən sonra Azərbaycan işğal olunmuş torpaqların azad edilməsi istiqamətində başlanan hərbi əməliyyatlarla qətnamələrin icrasını həyata keçirir. Artıq Füzuli və Cəbrayılın azad edilməsi ilə 874-cü qətnamənin tələblərinin bir qismi, Zəngilan şəhəri və Zəngilan rayonunun bir neçə kəndi azad olunmaqla 884-cü qətnamənin tələblərinin bir qismi icra olunub.

O zaman, BMT Təhlükəsizlik Şurası nəyə lazımdır? Əgər TŞ özünün qəbul etdiyi qətnaməni 27 il icra etmirsə, əksinə Azərbaycan torpaqlarının ilhaqına şərait yaradırsa və 27 il sonra qətnamələrin icrasına qarşı ədalətsiz, biabırçı mövqe göstərirsə, hansı beynəlxalq hüquqdan danışmaq olar?!

Danışmaq olmaz, çünki Təhlükəsizlik Şurası daimi üzvlərin girovuna çevrilib və yalnız çirkin siyasi konyuktura ilə məşğuldur.

Təhlükəsizlik Şurasının tərkibinin dəyişməz olaraq qalması da bu qurumun yalnız siyasi maraqlara xidmət etdiyini, beynəlxalq hüququn icraçısı yox, pozucusu olduğunu göstərir.

Nəyə görə Türkiyə, Pakistan, İndoneziya, Braziliya, Cənubi Afrika kimi ölkələr Təhlükəsizlik Şurasının daimi üzvü olmamalıdır? Nəyə görə Təhlükəsizlik Şurasının daimi üzvləri arasında Afrikadan, Cənubi Amerikadan bir dənə ölkə yoxdur? Dünyanın taleyini nə vaxta qədər müstəmləkə keçmişinə malik, neokolonist düşüncəli ölkələr həll etməlidir?

Dünya bu sualların cavabını gözləyir və 5 daimi üzvünün siyasi maraqlarının əsirinə çevrilmək istəmir.

TŞ-nin 5 daimi üzvündən üçü olan həmsədr dövlətlərin Dağlıq Qarabağ münaqişəsinə yanaşması bu məsələni aktuallaşdırdı. Artıq Azərbaycan xalqı 27 ildir mənasız danışıqlar aparan həmsədr ölkələrin yalanlarını qəbul etmir.

Bu ədalətsizlik fonunda TŞ-nin baibırçı addımının qarşısını məhz Qoşulmama Hərəkatına üzv dövlətlərin alması Azərbaycan liderinin uzaqgörən siyasətinə diqqət çəkir.

Azərbaycan Qoşulmama Hərəkatına üzv olanda bir sıra müxalifət nümayəndələri “bu nəyə lazımdır” kimi tənqidlər səslənirir, “QH-na qoşulmaq Azərbaycanın nəyinə lazımdır”, “Nəyə görə başqa ölkələrə humanitar və maliyyə yardımlar edilir” kimi yanlış mühakimələr yürüdürdülər. Onlar anlamırdılar ki, Prezident İlham Əliyevin xarici siyasət xətti ölçülüb-biçilmiş, düşünülmüş, uzunmüddətli hədəflərə hesablanmış bir xarici siyasətdir.

Azərbaycan qısa müddət ərzində qazandığı nüfuz və inama görə QH-nın sədri seçildi. Prezident İlham ƏIiyev QH ölkələri adından koronavirusa qarşı BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etdi ki, dünyanın 130-dan çox ölkəsi bu təşəbbüsü dəstəklədi. Azərbaycan yalnız COVİD-19 ilə bağlı 30-dan ölkəyə maliyyə və humanitar yardımlar göstərdi.

Bu siyasətin bəhrəsini məhz bu gün, Vətən müharibəsi apardığımız həllekici məqamda gördük. Qoşulmama Hərəkatına üzv ölkələr ədaləti, beynəlxalq hüququ dəstəkləməklə Hərəkatın prinsiplərinə, dəyərlərinə sadiq qaldıqlarını nümayiş etdirdilər. Bu, həm də QH-nin bir daha beynəlxalq münasibətlər sistemində ciddi faktor olduğunu göstərdi.

Bu, Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir. İşğalçı ölkəni cəbhədə darmadağın edən Azərbaycan lideri diplomatik cəbhədə də düşmənə və havadarlarına yerini göstərdi, beynəlxalq hüquqa söykənən ədaləti bərpa etdi.

Asif Nərimanlı

Mənbə: Politik.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR