Laçında ictimai-siyasi vəziyyət respublikada baş verən ictimai-siyasi vəziyyətdən çox fərqlənməsə də…
Laçında ictimai-siyasi vəziyyət respublikada baş verən ictimai-siyasi vəziyyətdən çox fərqlənməsə də bəzi aspektlərdə bizdə vəziyyət müsbət tərəfə idi.
Hələ Sovet sistemi dağılmazdan ölkə anarxiyaya doğru sürətlə gedirdi. 70 illərdə Sovet diktatura rejimi dövründə də xalqımızın ziyalı qismi Azərbaycanın müstəqil olacağına daha çox inanırdı, poststalin dövrü ədəbiyyatımız bu arzuların gerçəkləşməsi üçün xeyli iş görmüşdü.
SSRİ-nin dağılmasında 1937 ci illərin repressiyası da müəyyən rol oynamışdı desəm buna inanın, repressiya edilən ziyalıların övladları, xalqımızın savadlı kəsimi azadlıq ruhu ilə yaşayır, "antisovet" təbliğatına mühüm rol oynayırdılar. 1988-89 illərdə artıq xalqın milli oyanışı ən yüksək həddə çatmışdı. Həmin dövrdə Laçında siyasi düşüncələrdə (əgər buna siyasi baxış demiş olsaq) fərqliliyə baxmayaraq böyük birlik var idi.
Əsasən 1988 ci ildən başlayan milli azadlıq mücadiləsi uzun illər diktartura rejimi ilə idarə edilən Azərbaycanda azadlıq ab-havası gətirməklə yanaşı anarxiyaya da səbəb olmuşdu. Hakimiyyət ustası olan, güclü siyasətçi Heydər Əliyevdən sonra olduqca zəif rəhbər olan Kamran Bağırov Dağlıq Qarabağ ermənilərinin Ermənistan SSR-dən idxal edilən separatçı mitinqlərinin qarşısını almaq iqtidarında olmadı. Mərkəzi hakimiyyət ermənilərin arzularını gerçəkləşdirmək üçün azərbaycan xalqının mental dəyərlərindən uzaq olan, demokrat fikirli Ə. Vəzirovun Azərbaycana rəhbər təyin edilməsinə nail oldu, hansı ki, həmin dövrdə onun üslubu ilə rəhbərlik sonra da göründüyü kimi bir işə yaramadı. Azərbaycanda hakimiyyəti ələ almaq üçün qətiyyətli müxalifət olan Azərbaycan Xalq Cəbhəsi yarandı və Vəzirovun dövrü xalqımızın 20 yanvar qırğını ilə sona çatdı. Onun yerinə daha mədəni və aristokrat Ayaz Mütəllibovun dövründə Azərbaycan müstəqillik əldə etsə də siyasi birliyi və dövlətdə möhkəm intizam yarada bilmədi. Konkret olaraq müxalifətin hakimiyyət hərisliyi, hakimiyyətin isə zəifliyi düşmənin qapımızı kəsdiyi halda ordu yaradılmasına maneçilik törətdi, rayonlarda icra strukturları iflic vəziyyətə düşdü. Siyasi meydana müxtəlif tərəflərin mənafelərini güdənlərin daxil olması da ölkəni idarəedilməz hala saldı.
1988 ci ildən başlayaraq ermənilər Laçın şəhəri ətrafında dağların hündür yerlərinə ağ bayraqlar sancsalar da bizim çoxumuz hələ bunun mənasını belə anlamırdıq. Sonralar sərhəd kəndlərində “erməni saqqalıları” terror hadisələri törətməyə başladılar. SSRİ Daxili İşlər Nazirliyinin təhriki, Azərbaycan DİN-nin təşkilatçılığı ilə camaatdan ov silahları müsadirə edildi, sonrakı hadisələr göstərdi ki, ov silahları yığılmasa belə nizami ordu yaratmadan düşməndən müdafiə belə olunmaq mümkünsüz hala gələcəkdi. Lakin onu da qeyd etməliyik ki, qısa müddətdə Laçında milli ordu alayı yaradıldı. Biz digər yerlərdə alayların yaranma prosesi ilə tanış olduqca Laçın alayının və onun komandiri-təşkilatçısı Arif Paşayevin və silahdaşlarının rolunu yüksək qiymətləndirdik.
Hadisələr başlayandan Laçın polisi rayonun müdafisəində həlledici rol oynayıb. Biz məğlub olsaq da, torpaqlarımız işğalda qalsa da insaf naminə hər iki hərbi birləşmənin müsbət işlərini unutmaq olmaz. Xüsusən Laçının işğalından sonra rayonun şimalında böyük dirəniş göstərildiyi də faktdır. Rayonda ermənilərin terroru nəticəsində həlak olanlarımız haqqında müxtəlif kitablarda, xüsusən Laçın polisinin rəisləri Ələsgər Əliyev haqqında yazılan kitabda və Akif Səlimovun özünün müəllifi olduğu kitablarında ətraflı bəhs edilmişdir.
Laçının işgalı hadisəsi haqqında aşağıdakıları deyə bilərəm:
Arif Paşayevin Laçının işğalı ilə bağlı 1992- ci ildə mətbuata verdiyi müsahibəsindəki jurnalistin Laçın necə oldu ki, işğal edildi, ermənilər haradan rayona daxil oldular sualına aşağıdakı cavabı işğalın mahiyyətini tamam açır: "Ermənistan ordusu Azərbaycan Respublikası Milli Məclisinin darvazasından keçərək Laçını işğal etdi"!
Vəssalam, başqa səbəb yoxdur, Milli Məclisdə hakimiyyət davası Laçını və digər rayonların işğal edilməsinə səbəb oldu. İkinci dəfə, yəni Kəlbəcər tərəfdən kəndlərimizin azad edilməsi, həm o istiqamətdən, həm də Qubadlı istiqamətindən aparılan uğurlu əməliyatlar zamanı Laçının bütövlükdə azad edilə bilməməsinin də səbəbi hakimiyyətdə siyasi çəkişmələr oldu.
Laçının 1992 ci ilin sentyabr-oktyabr aylarında (elə indi də) işğaldan azad edilməməsində və bütövlükdə Qarabağın işğal olunmasında əsasən bir amil rol oynadı - həm Azərbaycan, həm də Ermənistan tərəfdən müharibə Rusiya dövlətinin nəzarəti altında aparılırdı, başqa səbəblər hamısı təfərrüatlardır...
Mənbə: Karabakhmedia.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət