Azərbaycan jurnalistikasının İradəsi...
Gözlərindən boylanan baxışları qəlbinin dərinliyindən pərvazlanıb, simasına xüsusi gözəllik verir. Payına düşən qadın gözəlliyi zövqləri tilsimləyib, onu daha cazibədar göstərir.
Özünü yaxşı tanıdığından əzmlə irəliləməyi bacarır. Daha doğrusu, qazandığı hər bir uğuru zirvəyə qalxmaq üçün növbəti pillə hesab edir. Vicdanlı, dürüst jurnalistdir. Mükəmməllik onun ən böyük dəyər verdiyi göstəricilərdən biridir. Süstlük, tənbəllik ruhuna yad olan əlamətlərdir. Əsas amalı insanlığa xidmət, cəmiyyəti daha çox maarifləndirməkdən ibarətdir. Səbirli, müdrik xanımdır…
Deyir ki,- “Jurnalistikaya 25 yaşında gəlmişəm və gəlişim gec olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişəm. Magistr dərəcəm var, hazırda aspiranturada təhsil alıram, sonuncu kursdayam, elmi işlə məşğulam və elə BDU-da dərs deyirəm. Ailəli olduğum üçün yoldaşım işləməyə icazə vermədi. 2005-ci ildə isə Səhiyyə Nazirliyinin “Şəfqət” qəzetində, sonra AzTV-də müsabiqədə qalib gəldim və dövlət televiziyasının son diktorlarındanam. Orada səhər efirlərinə çıxırdım. Sonra İctimai kanalda fəaliyyətimi davam etdirdim. İTV-də Xəbərlər proqramında həm redaktor kimi çalışdım, həm də “Yeni gün” proqramında işlədim. Sonda “Azərbaycanlılar” adlı veriliş hazırladıq və veriliş çox bəyənildi. Niyəsə İTV-də mənə problem yaratdılar. Əslində səbəbini bilmirəm. Televiziyada elə simalar var ki, ona hər sözü deyirlər, amma işləmək üçün qalır, hər şeyə dözür. Mən isə tez inciyən, küsən adamam. “Yaxşı at özünə qamçı vurdurmaz” deyə mənə söz gəlməsindən çox qorxuram və gəlməməsi üçün də əlimdən gələn hər şeyi edirəm. Hər 3 telekanalda heç kim deyə bilməz ki, hansısa iclasda məni ayağa qaldırıb hamının içərisində danlayıblar. Tapşırılan işi həmişə yaxşı icra etməyə çalışmışam”…
…Hər şeydən öncə ailəsinə çox bağlıdır. Evdə səliqə-səhmanı xoşlayır. Dostluqda sədaqəti ən mühüm amil hesab edir. Parlaq ağlı, iti zəkası sayəsində insanları ətrafına cəlb edə bilir, pərəstişkarları az deyil. Daha çox tənqidçi, narazı adam kimi görünsə də, hər kəsi olduğu kimi qəbul etməyi bacarır...
…Ömür-gün yoldaşı Yaşar İsakov ixtisasca jurnalistdir. Yunis adlı on beş yaşında bir oğlu var…
Gözəllik aşiqidir. Harada, nədə, kimdə gördüsə təbii gözəllikdən zövq alır. Daha dəqiqi, gözəlliyi sadəcə görmür, həm də duyur, dərk edir…
Bəli, “sehirli qutu”dan maraqlı verilişləri ilə tanıdığımız televiziya jurnalisti İradə İsak zəhməti, istedadı ilə ölkəmizdə nüfuz qazanan xanımlardan biridir.
Sentyabrın 1-i onun doğum günüdür. Onu bu münasibətlə təbrik edir, ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.
Ad gününüz mübarək, İradə xanım!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət