Azərbaycan yeni pilotsuz uçuş aparatı (PUA) istehsalına başlayıb
Azərbaycan yeni pilotsuz uçuş aparatı (PUA) istehsalına başlayıb.
Trend-in məlumatına görə, “Pegasus 120” adlanan yeni PUA İsrailin “Aeronautics” şirkəti ilə müştərək əsasda "Azad Systems" müəssisəsində istehsal olunub.
Hərbi və mülki təyinatlı logistik yüklər daşıyan “Pegasus 120” 75 kiloqramadək yükləri 40 kilometrə qədər məsafəyə daşıya və tam yüklü vəziyyətdə havada 45 dəqiqəyədək qala bilir.
PUA “ADEX-2018” 3-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisində nümayiş olunub.
Qeyd edək ki, bu gün Bakı Ekspo Mərkəzində 3-cü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi işini davam etdirir. Sərgi dünyanın 29 ölkəsini təmsil edən 224 şirkəti bir araya gətirib.
Sərgi iştirakçıları olan bir sıra ölkələr əvvəlki illərlə müqayisədə milli ekspozisiyalarının sahəsini böyüdüblər. Təmsil olunan şirkətlərin sayının çoxluğuna görə ilk dördlüyə Türkiyə (41 şirkət), Rusiya (25 şirkət), İsrail (14 şirkət) və Belarus (10 şirkət) daxildir. İştirakçıların coğrafiyası Estoniya, Hindistan və Qazaxıstan kimi ölkələrin hesabına genişlənib. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir. Pavilyonlarda müasir silah və texnikalar nümayiş olunur.
Burada peşəkarlar ölkənin müdafiə sənayesinin yenilikləri, habelə Azərbaycan Silahlı Qüvvələrinin mövcud və inkişaf edən potensialı ilə yaxından tanış olmaq imkanı əldə edirlər. Bundan başqa, bu il Azərbaycandan “Caspian Ship Building Company”, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP), “Vitta” elmi-texniki şirkəti və Hərbi Hava Qüvvələrinin silah və zirehli texnikaya texniki baxış üzrə servis mərkəzi sərgidə ilk dəfə iştirak edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət