Slimfit
  1. SİYASƏT

Azərbaycan heç bir qəbiristanlığı dağıtmayıb - Bəyanat

Azərbaycan heç bir qəbiristanlığı dağıtmayıb - Bəyanat
Sakura

Azərbaycan heç bir qəbiristanlığı dağıtmayıb - Bəyanat

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının 01.09.2021-ci il tarixli “Məzarlıqların dağıdılması” adlı arayışının Azərbaycanla bağlı hissəsinə dair bəyanat yayıb.

Axar.az bəyanatın mətnini təqdim edir:

"Bu günlərdə ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyası (U.S. Commission on International Religious Freedom – USCIRF) “məzarlıqların dağıdılması” (“Destruction of Cemetries”) adlı arayış yaymışdır. Təəssüf ki, çox vaxt olduğu kimi, arayışda da real vəziyyəti əks etdirməyən, ermənilərin yaydıqları yalan məlumatlara istinad olunan, Azərbaycan tərəfinin tarixi-dini, o cümlədən qəbirüstü abidələrə olan həqiqi münasibəti fonunda saxta iddialar irəli sürülmüşdür. Arayışın 2018-ci ildən sonranı əhatə etməsinə baxmayaraq, Azərbaycan üzrə bölməsində 2000-ci illərin əvvəllərinə aid edilən “Naxçıvan və Bakı üzrə iddialar” təkrarlanmış, azərbaycanlıların məzarlıqlarına qarşı ermənilərin vandal münasibətinin üzərindən ötəri keçilmiş, sənəddə “Yəhudi məzarlıqları” adlı ayrıca yarımbaşlıq olsa da, Ermənistanda 2020 və 2021-ci illərdə Holokost memorial abidəsinə və yəhudi məzarlığına qarşı vandallıq aktları əks olunmamışdır.

Bildiririk ki, ümumiyyətlə, Azərbaycanın müstəqillik tarixində heç bir məzarlığın və ya qəbiristanlığın dağıdılması qeydə alınmamışdır. 44 günlük Vətən müharibəsi müddətində belə Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin mülki obyektlərinə, habelə dini təyinatlı binalara hər hansı hücum əməliyyatı həyata keçirilməmişdir. Bu faktı xarici jurnalistlər də dəfələrlə təsdiqləmişlər.

Arayışda azərbaycanlılara məxsus məzarların və digər yerlərin dağıdılması, son müharibə dövründə erməni hərbi qüvvələrinin Tərtər rayonu ərazisində dəfn mərasimi zamanı qəsdən qəbiristanlığa atəş açması, 4 nəfərin həlak olması, 4 nəfərin yaralanması faktının "Human Rights Watch" təşkilatı tərəfindən təsdiq edildiyi vurğulansa da, qəribədir ki, həmin məlumatlar “Azərbaycan” adlı yarımbaşlıq altında qeyd edilmişdir. Bütün bu deyilənlər və arayışda “Ermənistan” yarımbaşlığının, ümumiyyətlə, olmaması sözügedən materialın nə dərəcədə ermənipərəst və qərəzli mahiyyət daşıdığının göstəricisidir.

Təəssüf ki, arayışda Ermənistanın 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı BMT tərəfindən tanınan Azərbaycan ərazilərində etnik təmizləmə və soyqırımı həyata keçirməsi, Azərbaycan toponimlərini erməniləşdirməsi, yüzlərlə tarixi-mədəni abidələrlə yanaşı, mövcud olan 60-dan çox məscidi, 200-ə yaxın ziyarətgahı dağıtması və yarımuçuq məscidlərdə heyvan saxlamaqla dini dəyərləri təhqir etməsi, eləcə də Qafqaz Albaniyası mədəni irsinə və pravoslav kilsəsinə aid olan xristian məbədlərində saxtalaşdırma işləri görərək qriqoryanlaşdırması və ya dağıtması qeyd olunan sənəddə öz əksini tapmamışdır.

Heç kimə sirr deyil ki, işğal dövründə Azərbaycan vətəndaşları öz yaxınlarının məzarlarını ziyarətdən məhrum edilmiş, ümumilikdə 900-dən çox qəbiristanlıq ya tamamilə dağıdılaraq yerlə bir edilmiş, ya da cəsədlər çıxarılmış, təhqir olunmuş, qəbirüstü abidələr talan edilmişdir.

Bütün bu cinayətkar əməlləri ilə qarşı tərəf “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”, “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyası və s. beynəlxalq norma və standartların tələblərini kobud surətdə pozmuşdur.

Qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri ilə yanaşı, ICESCO, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ), Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi beynəlxalq təşkilatlar, eləcə də xarici jurnalistlər azad edilmiş zonalarda missiyalarını həyata keçirərkən, qəbiristanlıqlara qarşı mənfur düşmənin törətdiyi vandalizm aktlarının nümunəsi olan Cəbrayıl rayonundakı məzarlığa da baş çəkərək bilavasitə şahidi olduqları erməni vəhşiliyinin dünya ictimaiyyəti tərəfindən pislənilməsi istiqamətində çağırışlar etmişlər.

Təəssüflər olsun ki, 30 illik işğal dövründə bəzi aidiyyəti beynəlxalq qurumlar məsələyə laqeyd münasibət bəsləmiş, Azərbaycan tərəfinin tələblərinə baxmayaraq, nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən UNESCO tərəfindən bu məsələlərlə bağlı faktaraşdırıcı missiya göndərilməmişdir.

Qeyd etmək lazımdır ki, hərbi əməliyyatlar bitdikdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən işğaldan azad olunmuş ərazilərdəki Ermənistan Silahlı Qüvvələrinin dağıtdıqları bütün dini abidələrin bərpa ediləcəyi bəyan edilmiş, həmin ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün ölkə başçısının tapşırıqlarına əsasən, “Böyük Qayıdış” proqramı əsasında bərpa prosesi başladılmışdır. Dövlət strukturları ilə yanaşı, bərpa prosesində Heydər Əliyev Fondu da yaxından iştirak edir və hazırda bərpa layihələri uğurla icra olunur.

Sonda, qərəzli və obyektiv olmayan məlumatlardan dərin təəssüf hissi keçirdiyimizi bildirərək, bir daha qeyd edirik ki, dünyada vicdan azadlığı ilə bağlı vəziyyəti təhlil etmək və qiymətləndirmək kimi məsuliyyəti üzərinə götürmüş ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyası sözügedən arayışa bəzi məsələləri araşdırmadan daxil etmişdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi gələcəkdə bu sahədə hazırlanan hesabatların daha obyektiv və dürüst tərtib edilməsi üçün ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasını və digər müvafiq qurumlarını bir daha əməkdaşlığa dəvət edir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR