Slimfit
  1. MƏDƏNİYYƏT

“Azərbaycan gözəli” Leyla Bədirbəylinin doğum günüdür

“Azərbaycan gözəli” Leyla Bədirbəylinin doğum günüdür
Sakura

“Azərbaycan gözəli” Leyla Bədirbəylinin doğum günüdür

Bu gün milli kino sənətimizin bənzərsiz simalarından biri, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Bədirbəylinin doğum günüdür.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, 1920-ci ildə dünyaya göz açan Leyla Ağalar qızı Bədirbəylinin doğum yeri haqqında fərqli məlumatlar var. Bəzi mənbələrdə onun Bakıda, bəzilərində isə Şəmkirdə dünyaya göz açdığı qeyd olunur.

Onun anası Bikə xanım Şəmkirin Dəllər kəndindən Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub.

Aktrisanın uşaqlıq illəri isə Bakıda, İçərişəhərdə keçib. Leyla Bədirbəylinin incəsənətə yönəlməsində birbaşa anasının təsiri olub. Anası Bikə xanım Əli Bayramov klubundakı qadınlar dərnəyinə gedərkən Leylanı da həmişə özü ilə apararmış. Leyla Bədirbəyli burada rəqs bacarığı ilə diqqət çəkir və Dövlət Filarmoniyasından təklif alır. 16 yaşında o, buradakı həmkarı Fərəc Cavanşirovla ailə həyatı qurur.

1937-ci ildə onların Cavanşir adlı oğulları dünyaya gəlir. Qeyd edək ki, Cavanşir Cavanşirov uzun illər “AzTV”də operator kimi çalışıb. Həyat yoldaşı Elmira Cavanşirova isə dövlət televiziyasında rejissor kimi fəaliyyət göstərib. Cütlük 2017-ci ildə vəfat edənədək Leyla Bədirbəylinin uşaqlıqda yaşadığı Fəvvarələr meydanında yerləşən evdə yaşayıb.

Leyla Bədirbəylinin Cavanşirin atası ilə ailə həyatı elə də uzun çəkməyib.

O, 1941-ci ildə boşanıb və 1942-ci ildə diş həkimi Kamil Aslanova ərə gedib.

1945-ci ildə “Arşın mal alan” filmi çəkilərkən Rza Təhmasib Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Üzeyir Hacıbəylinin tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir. Bu film SSRİ-də, həmçinin, 50-dən artıq xarici ölkədə şöhrət tapır. Deyilənə görə, o zaman Sovet  İttifaqına rəhbərlik edən İosif Stalin Leyla Bədirbəylinin gözəlliyinə heyran olur və onu “Azərbaycan gözəli” adlandırır.

Aktrisanın K.Aslanovdan Lalə adlı qızı dünyaya gəlir. Bikə adlı ikinci qız övladı isə 1964-cü ildə doğulur. Bundan bir müddət sonra Kamil Aslanov Ukraynada avtoqəzada həyatını itirir. Leyla Bədirbəyli həyat yoldaşının ölümündən bir il sonra qızı Laləni itirir.

Bu hadisədən sonra aktrisa əsəb xəstəliyinə tutulur. Gözəlliyi ilə ad çıxaran Bədirbəyli tanınmaz hala düşür və bu halda onu heç kimin görməsini istəmədiyi üçün evə qapanır. 1999-cu il yanvarın 1-də ümummilli lider Heydər Əliyev ona “İstiqlal” ordeni verənə kimi evdən çıxmır.

İstedadlı aktrisa 50-yə yaxın filmdə, o cümlədən, “Səbuhi”, “Fətəli xan”, “Dəli Kür”, “Sevil”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” filmlərində unudulmaz, yaddaqalan obrazlar yaradıb. Leyla Bədirbəyli sağlığında xalqın diqqət və sevgisini qazanmış, dövlət tərəfindən yetərli qayğı ilə əhatə olunmuş sənətkarlardan idi.

Aktrisa 1999-cu il noyabrın 23-də 79 yaşında vəfat edib. O, Fəxri xiyabanda dəfn olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR